“Deputatlar üçün iqlim dəyişmələrinə dair bələdçi”nin Azərbaycan dilindəki nüsxəsinin təqdimat mərasimi keçirilib

14/11/2024

ADA Universitetində Azərbaycan Milli Məclisinin deputatları, hökumət orqanları və qərarverici şəxslər üçün yeni mənbə olan “Deputatlar üçün iqlim dəyişmələrinə dair bələdçi”nin Azərbaycan dilindəki nüsxəsinin təqdimat mərasimi keçirilib.

İlk dəfə bu ilin oktyabr ayında Böyük Britaniya Parlamentində “Peers for the Planet” qrupu və Ekseter Universiteti tərəfindən dərc edilmiş bələdçi “Globe International” tərəfindən Azərbaycan dilinə çevrilərək COP29 çərçivəsində təqdim olunur.

Dünyanın iqlim üzrə aparıcı yüz aliminin çalışdığı Ekseter Universiteti tərəfindən bir qrup görkəmli elmi ekspert və təşkilatın müəllifliyi ilə hazırlanmış bələdçi siyasətçilərə ən son iqlim biliklərinə dair mənzərəni təqdim edir.

Təqdimat mərasimində Bakı Dövlət Universitetinin rektoru Elçin Babayev, Milli Məclisin deputatı, COP29 üzrə GLOBE Parlament çempionu Fariz İsmayılzadə, “GLOBE International”ın rəhbəri xanım Malini Mehra və vitse-kanslerin müavini, Böyük Britaniyanın Ekseter Universitetinin yaşıl gələcək üçün həllər direktoru Stüart Broklhörst iştirak ediblər.

BDU-nun rektoru, kitabın ön sözünün müəllifi Elçin Babayev qeyd edib ki, dünya ölkələrinin üzləşdiyi ən böyük çağırışlardan olan iqlim dəyişmələri bütün xalqları bir araya gətirərək, davamlı gələcəyin təmin olunması üçün həmrəylik tələb edir. Azərbaycanın bu qlobal mübarizədə fəal iştirakı dövlətimizin həyata keçirdiyi məqsədyönlü siyasət və genişmiqyaslı təşəbbüslər sayəsində mümkün olub. 2024-cü ilin Azərbaycan Respublikasında “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi bu istiqamətdə dövlətimizin qətiyyətli mövqeyini bir daha nümayiş etdirir. BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının Bakıda keçirilən 29-cu sessiyası (COP29) ölkəmizin iqlim dəyişmələri ilə bağlı qlobal əməkdaşlıqda mühüm söz sahiblərindən biri olduğunu bir daha təsdiqləyir. Bu beynəlxalq tədbir ölkəmizin iqlim dəyişmələri ilə mübarizədə əldə etdiyi nailiyyətləri və həyata keçirməyi planlaşdırdığı addımları beynəlxalq ictimaiyyətə təqdim etmək üçün unikal imkan yaradır.
Rektor bildirib ki, “Deputatlar üçün iqlim dəyişmələrinə dair bələdçi” iqlim dəyişmələrinin səbəbləri, nəticələri və onların qarşısının alınması yolları haqqında elmi məlumatları deputatlara və digər maraqlı tərəflərə çatdıraraq, qərar qəbuletmə prosesində onlara dəstək göstərməyi hədəfləyir, habelə bu qlobal problemi həll etmək üçün mövcud olan mümkün tədbir və strategiyalar haqqında dolğun məlumat verir: “İqlim dəyişmələri yalnız ekosistemləri və hava şəraitini deyil, həm də iqtisadiyyat, ictimai sağlamlıq, enerji təhlükəsizliyi və qlobal siyasi münasibətləri də əhəmiyyətli dərəcədə təsir altına alır. Bu məqamları dərindən başa düşmək isə genişmiqyaslı qanunvericilik təşəbbüslərinin və effektiv siyasətlərin inkişaf etdirilməsində vacib rol oynayır. Bu nəşr həm milli, həm də beynəlxalq səviyyədə müasir və effektiv siyasətlərin formalaşdırması baxımından böyük rol oynayacaq. Bu bələdçi geniş oxucu kütləsinin, o cümlədən müvafiq sahələrdə təhsilalanların iqlim dəyişmələri məsələlərinə dair biliklərinin artırılmasına kömək edəcək, akademik heyət və tədqiqatçılar üçün etibarlı mənbə olacaq”.

Tədbirə Böyük Britaniya Parlamentinin Lordlar palatasının partiyalararası iqlim və təbiət qrupu olan “Peers for the Planet”in sədri baronessa Helen Hayman və Ekseter Universitetinin prezidenti və vitse-kansleri Liza Roberts virtual qaydada qoşulublar.

Bu tədbir parlament üzvləri, COP29-da iştirak edən iqlim üzrə ekspertlər və digər VIP iştirakçılarla əlaqə qurmaq, iqlim dəyişikliyi ilə bağlı əməkdaşlıq və COP29-un nəticələrinin tətbiqi sahəsində səyləri gücləndirmək üçün fürsət yaradıb.

 

Xəbərlər

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"
18/12/2024

Pakistanlı alim BDU-da ustad dərsi keçib

Pakistanlı alim BDU-da ustad dərsi keçib
18/12/2024

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub
18/12/2024