Dövlət Məşğulluq Agentliyi BDU-da “Müsahibə mərhələsinə hazırlıq” mövzusunda təlim keçirib
Bakı Dövlət Universitetinin (BDU) Karyera və məzunlarla iş Mərkəzinin “Karyera yolu-4” layihəsi çərçivəsində Dövlət Məşğulluq Agentliyinin karyera məsləhətçisi Nərgiz Şirinova tərəfindən “Müsahibə mərhələsinə hazırlıq” mövzusunda təlim keçirilib.
Təlimin əsas məqsədi tələbələrdə işə qəbul prosesinə dair zəruri bilik və bacarıqların formalaşdırılması, onların potensial işəgötürənlər qarşısında özlərini düzgün təqdim etmələrinə və müsahibə mərhələsini uğurla keçmələrinə dəstək göstərmək olub.
Təlimçi iş müsahibəsinin işə qəbul prosesindəki rolu, namizədlərin bu mərhələyə hazırlıq strategiyaları və müsahibə zamanı nümayiş etdirməli olduqları peşəkar davranış modelləri barədə məlumat verib. İştirakçılara işəgötürənlərin namizədləri qiymətləndirmə meyarları, verilən cavabları sistemli şəkildə ifadə etmək barədə tövsiyələr təqdim olunub. Şəxsi keyfiyyətlərin və peşəkar üstünlüklərin düzgün ifadə edilməsi, fikrin aydın çatdırılması, bədən dilinin idarə olunması, ünsiyyət bacarıqları və müsahibə zamanı yaranan çətin situasiyaların öhdəsindən gəlmək yolları konkret nümunələrlə izah edilib.
Tələbələr mövzu ilə bağlı suallarını ünvanlayıb, gələcək iş müsahibələrində tətbiq edə biləcəkləri faydalı yanaşmalarla tanış olublar.



