Dövlət qayğısı təhsil işçilərinin mənalı istirahətinə imkan yaradır

16/09/2016

Prezident İlham Əliyevin ölkəmizdə elm və təhsilin inkişafına xidmət edən fərman və sərəncamlarına əsasən həyata keçirilən islahatlar Azərbaycan təhsilinin dünya standartlarına uyğun qurulmasına zəmin yaradıb. Bunu ölkənin ali təhsil müəssisələrinin flaqmanı sayılan Bakı Dövlət Universitetinin timsalında da aydın görmək olar.

Bu islahatlar çərçivəsində universitetin professor-müəllim heyətinin və digər işçilərinin sosial qayğılarına, sağlamlıqlarına və istirahətlərinə diqqət xüsusi önəm kəsb edir. 
Bakı Dövlət Universitetinin 17 fakültəsinin 125 kafedrasında, 2 elmi-tədqiqat institutunda, 3 elmi-tədqiqat mərkəzində, 24 elmi-tədqiqat laboratoriyasında və digər qurumlarında 1300 professor və elmi işçi, 1700-dən çox texniki heyət çalışır. Yay mövsümi ilə əlaqədar sanatoriyalara və istirahət mərkəzlərinə gedənlərin sayı 600 nəfəri ötmüşdür. Bu barədə məlumat verən BDU-nun Həmkarlar İttifaqı Komitəsinin sədri dosent Fikrət Şiriyev qeyd etdi ki, tətil dövrü olmasına baxmayaraq, əməkdaşların istirahətini səmərəli keçirmək məqsədilə təşkilatımız fasiləsiz fəaliyyət göstərir. 
Biz orada olarkən bu qaynar iş rejiminin, intensiv müraciətlərin və qayğıkeşliyin şahidi olduq. Elm adamlarına təqdim edilən bu yollayışlardan biri - Üzvi kimya kafedrasının dosenti, kimya üzrə fəlsəfə doktoru Əhmədağa Quliyevlə rastlaşdıq. O, bu mövsümdə həyat yoldaşı ilə birgə istirahət etmək üçün yollayış alırdı. Xaçmaz rayonunun Nabran qəsəbəsində yerləşən “Şahdağ” istirahət mərkəzinə gedirdi: iki nəfərlik, 14 günlük, hər cür şəraiti olan lüks otaqlarla təmin olunmaqla, dəyəri 1144 manat olan yollayışa cəmi 170 manat (974 manat dövlət hesabına olmaqla) ödəniş etdi. Beləliklə, 14 günlük yollayış adambaşına səhər, günorta və axşam yeməyi də bura daxil olmaqla, sutkaya 6 manat 13 qəpiyə başa gəlirdi. 
Universitetdə dövlət qayğısı və yardımından bu cür bəhrələnmək istəyənlərin sayı ildən-ilə artır. Universitet rəhbərliyi də imkan daxilində əməkdaşlarının bu istəklərini təmin etməyə çalışır. 
Mövsümün əvvəlindən yollayış üçün müraciət edənlərin əksəriyyəti müalicə məqsədilə sanatoriyalara getmək arzusunda olanlardır. Mexanika-riyaziyyat fakültəsinin müəllimi Elmağa Qasımov, Sosial elmlər və psixologiya fakültəsinin professoru Nübar Muxtarova, Jurnalistika fakültəsinin professoru Nəsir Əhmədli üç nəfərlik ailə üzvləri ilə, Filologiya fakültəsinin dosenti Həqiqət Abdıyeva, Hüquq fakültəsinin müəllimi Sevinc Sadıqova, Tarix fakültəsinin dosenti Nuru Məmmədov və digər 35 nəfər müəllim Bilgəh Kardioloji Sanatoriyasının xidmətlərindən istifadə etmişlər. Güzəştli yollayışlarla Naftalanda “Kəpəz”, “Möcüzəli Naftalan”, “Çinar” (müalicə istirahət) sanatoriyalarına 20 nəfər, Mərdəkanda “Abşeron” sanatoriyasına 10 nəfər, “Qaranquş” sanatoriyasına 6, “Günəşli” sanatoriyasına isə 8 nəfər göndərilmişdir. Təbii müalicə sularından yararlanmaq məqsədilə Masallıdakı “İstisu”, Dəvəçidəki “Qalaaltı” sanatoriyasının hər birinə ailəvi gedənlər 6 nəfər olmuşdur.
Əvvəlki illərdə olduğu kimi, BDU-nun professor-müəllim heyəti, eləcə də texniki işçiləri yay mövsümündə istədikləri sanatoriyalara, istirahət mərkəzlərinə, gəzinti yerlərinə yollayış ala biliblər. Yaradılan şərait və qiymətlər daha münasib olduğundan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin Nabranda fəaliyyət göstərən “Təhsil” İstirahət Mərkəzində dincəlmək istəyənlər çoxluq təşkil etmişdir. 20-dən çox əməkdaş ailəsi ilə bu ünvanda istirahətdə olmuşdur. Universitet alimlərindən 47 nəfəri isə Nabranda “Xəzər”, “Dostluq”, “Flaminqo”da, Qəbələdə “Yeddi gözəl”, Qusarda “Park Qusar” istirahət mərkəzlərində dincəlmişlər. Qocaman təhsil ocağında veteranların istirahəti və asudə vaxtlarının səmərəli keçməsi də daim gündəmdə olmuşdur. Mövsümün ayrı-ayrı vaxtlarında universitetin tanınmış ziyalılarından professor Abuzər Xələfov ailə üzvləri ilə Naftalanda “Çinar” istirahət mərkəzində, akademik Vasif Babazadə və AMEA-nın müxbir üzvü Təhsin Mütəllibov Mərdəkanda “Qaranquş” sanatoriyasında, kafedra müdiri, professor Şövqi Göyçayski Nabranda “Təhsil” istirahət mərkəzində, professorlar Əmrah Dadaşov və Xanlar Abdullayev Mərdəkanda “Günəşli” sanatoriyasında olmaqlarından məmnun qaldıqlarını və bu qayğıya görə ölkə rəhbərliyinə minnətdar olduqlarını bildirirlər.
Güzəştli yollayışlardan professor və müəllimlərlə yanaşı texniki işçilər də bəhrələnə bilmişlər. 62 yaşlı Sura Ağayeva dedi ki, Naftalandakı “Kəpəz” sanatoriyasından yenicə qayıdıb. Onunla BDU-nun Həmkarlar İttifaqı Komitəsinə yollayışın qayıdış hissəsini təqdim edərkən görüşdük. Sura Ağayeva bildirdi ki, “gedişim, necə deyərlər, həm ziyarət, həm ticarət oldu. Çünki qıçlarımda möhkəm küt ağrılar var idi, şükür, yaxşı müalicə olundum. İkinci bir tərəfdən də, cəmi 100 manat ödəməklə 18 gün ömrümdə görmədiyim yerləri gəzib-dolandım... Allah bu şəraiti yaradanlardan razı olsun”.
Bu kateqoriyadan olan universitet əməkdaşlarından 12 nəfəri bölgələrdə müxtəlif müalicə-istirahət yerlərində olmuşdur. 
Yay mövsümündə universitet kollektivinin ən çox üz tutduğu məkanlardan biri də respublikamızın şimal bölgəsində yerləşən BDU-nun Quba Tədris-Təcrübə və İstirahət Mərkəzidir. Ölkəmizin dilbər guşələrindən olan Qubanın Nügədi kəndində yerləşən istirahət mərkəzi 8 hektara yaxın ərazini əhatə edir. 400 nəfər üçün nəzərdə tutulan tədris və istirahət korpusunda müəllim və tələbələrin asudə vaxtlarının və istehsalat təcrübələrinin səmərəli keçməsi üçün hər cür şərait yaradılıb. Mərkəzin həyətində futbol, voleybol və tennis meydançası, zövqlə salınmış park və müxtəlif dekorativ kollardan ibarət yaşıllıq zolağı var. 2013-cü il sentyabrın 18-də bu Tədris-təcrübə və istirahət mərkəzinin yenidənqurulmadan sonra açılış mərasimində Prezident İlham Əliyev və Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva iştirak etmişdilər. İl boyu fəaliyyət göstərən bu istirahət mərkəzinə Bakıdan gələnlərin sayı ilin bütün fəsillərində, xüsusilə yaz-yay aylarında, şənbə və bazar günləri daha çox olur. Yay mövsümü başlayandan burada onlarla universitet əməkdaşı ailəsi və yaxınları ilə dincəlib. Onlar günlərinin mənalı və yaddaqalan keçməsi üçün Xınalığa, Qusar-Şahdağ İdman Oyunları Olimpiya Kompleksinə, Afurca şəlaləsinə, Nügədi gölünə, Nabrana və digər gəzməli, görməli yerlərə gedirlər, yerli memarlıq abidəsi olan tarixi məkanlarla tanış olurlar, xatirə şəkli çəkdirirlər. Quba Tədris-Təcrübə və İstirahət Mərkəzində universitet əməkdaşları üçün dincəlmək pulsuzdur. Burada hər bir əməkdaş istirahət mərkəzində yaxşı dincəlir, asudə vaxtının maraqlı və yaddaqalan olması üçün yaradılan şəraitdən və bütün xidmət növlərindən istifadə edir.
Mərkəz fəaliyyətə başladığı ilk günlərdən universitet kollektivinin arzusu ilə gözəl bir ənənənin əsası qoyulub: BDU-da hansı vəzifədə işləməsindən, özü ilə ailə üzvlərindən neçə nəfəri götürməsindən asılı olmayaraq, iki günlük istirahət etmək arzusunda olanlar hər şənbə günü, səhər tezdən universitetin qarşısından xüsusi avtobuslarla Nügədiyə - Quba Tədris-Təcrübə və İstirahət Mərkəzinə yola salınır, bazar günü axşam geri qaytarılırlar. Yay aylarında, xüsusilə may ayından sentyabrın sonlarınadək bu kampaniya daha fəal olur. 
Universitetin Geologiya, Ekologiya və torpaqşünaslıq, Coğrafiya, Tarix, Filologiya və Biologiya fakültələrinin tələbələri yay mövsümündə bu istirahət mərkəzində tədris təcrübəsində olurlar. İxtisas və tədris təcrübəsi ilə əlaqədar tələbələr Nügədidə, Qonaqkənd ətrafında, Şahdağda və digər yaxın ərazilərdə təcrübə dərsləri keçir, nəzəri biliklərini daha da möhkəmləndirirlər.
Bu qızmar yay günlərində istirahətdə və müalicə-sağlamlıq ocaqlarında olan universitet əməkdaşlarından kimlərlə rastlaşdıqsa, ölkə Prezidenti tərəfindən alimlərə, elmi işçilərə və müəllimlərə göstərilən qayğıdan məmnun qaldıqlarını, təşəkkürlərini və mənalı istirahət etdiklərini bildirdilər.

Rəhman SALMANLI,
“Azərbaycan”

Xəbərlər

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"
18/12/2024

Pakistanlı alim BDU-da ustad dərsi keçib

Pakistanlı alim BDU-da ustad dərsi keçib
18/12/2024

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub
18/12/2024