Elm və təhsil nazirinin iştirakı ilə BDU-nun Elmi Şurasının iclası keçirilib

02/04/2024

Elm və Təhsil Nazirliyinin rəhbərliyinin iştirakı ilə Bakı Dövlət Universitetinin (BDU) Elmi Şurasının iclası keçirilib.

İclasdan əvvəl elm və təhsil naziri Emin Əmrullayevin rəhbərliyi ilə nazirliyin nümayəndə heyəti Universitetin yeni təmir olunmuş 2 saylı tədris binası ilə tanış olub. BDU-nun 2 saylı tədris binasında Ulu Öndər Heydər Əliyevin büstünün və şəhidlərin xatirəsinə ucaldılmış abidənin önünə gül dəstələri düzülüb. Ümummilli Lider Heydər Əliyevin və  şəhidlərimizin əziz xatirəsi ehtiramla yad edilib.

Nazir korpusda yaradılan şəraitlə, buradakı fakültələrin fəaliyyəti ilə tanış olub, “Zəfər tarixi” lektoriyasına, tələbə yeməkxanasına, oxu zalına baxış keçirib.

Tədbir BDU-nun Heydər Əliyev lektoriyasında Elmi Şuranın iclası ilə davam edib.

Nazir Qarabağda qazandığımız böyük Zəfərdən sonra ölkəmizin inkişafının yeni mərhələyə keçdiyini, təhsil və elm sahəsi üzrə də yeni çağırışların olduğunu diqqətə çatdırıb. O qeyd edib ki, BDU Azərbaycanın ali təhsilinin, elminin siması və flaqmanıdır. Emin Əmrullayev ölkənin ən böyük və qədim ali təhsil müəssisəsi kimi BDU-nun qarşısında dayanan yeni hədəflərin 3 əsas istiqaməti əhatə etməli olduğunu bildirib: “Bunlardan birincisi peşəkar kadr hazırlığıdır. BDU-nun 25 mindən artıq tələbəsi var. Hər il əmək bazarına 6 minə yaxın BDU məzunu daxil olur. Bu, böyük rəqəmdir. BDU-nun tədqiqat potensialının daha da artırılmasını ikinci əsas hədəf kimi götürmək olar. Peşəkar kadr hazırlığı kimi, yaxşı alim yetişdirmək də vacibdir. Çünki tədqiqat potensialı istənilən ali təhsil müəssisəsinin keyfiyyətini müəyyən edən əsas amillərdən biridir. Milli ideoloji dəyərlərin daha da inkişaf etdirilməsi də əsas hədəflər sırasındadır. Bu dəyərləri ziyalılar, alimlər, ictimai xadimlər daha çox auditoriya otaqlarında aşılayırlar. BDU uzun illər bu vəzifəsinin öhdəsindən uğurla gəlib, milli ideoloji düşüncənin formalaşmasında böyük rol oynayıb. Azərbaycanın sabahı üçün də bu resurslara ehtiyac var. Bu üç istiqamət arasında balans yaratmaq və hər birini inkişaf etdirmək çox vacibdir”.

Nazir BDU-da fakültələrin rasionallaşdırılmasının vacib olduğunu vurğulayıb, bakalavr və magistr tələbələrin nisbətinin müzakirə edilməli əsas məqamlardan olduğunu qeyd edib. O bildirib ki, BDU magistratura və doktorantura təhsilinə daha çox yer ayırmaqla ölkədə elmi-pedaqoji kadr hazırlığının mərkəzinə çevrilə bilər.

Daha sonra nazir BDU-nun beynəlxalq reytinqlərdə mövqeyinin daha da yaxşılaşdırılması, beynəlxalq əlaqələrinin inkişafı ilə bağlı tövsiyələrini verib, Universitetin kollektivinə uğurlar arzulayıb.

Rektor Elçin Babayev nazir Emin Əmrullayevin BDU-ya gəlişi, müəllim-tələbə heyəti ilə görüşü, uğurların və problemlərin müzakirə edilməsinə görə təşəkkürünü bildirib. O qeyd edib ki, nazirin çıxışı BDU-nun inkişafının strateji istiqamətlərini müəyyən etməyə kömək edəcək. Universitetin elmi və tədris potensialı qarşıda duran hədəflərə çatmağa imkan verəcək.

Xəbərlər

BDU-nun 4 tələbəsi Prezident təqaüdünə layiq görülüb

BDU-nun 4 tələbəsi Prezident təqaüdünə layiq görülüb
10/10/2024

2024–2025-ci tədris ilində Azərbaycan Respublikasının ali məktəblərinə daxil olmuş tələbələrə Prezident təqaüdünün verilməsi haqqında Sərəncam

2024–2025-ci tədris ilində Azərbaycan Respublikasının ali məktəblərinə daxil olmuş tələbələrə Prezident təqaüdünün verilməsi haqqında Sərəncam
05/10/2024

Bakı İqlim Fəaliyyəti Həftəsi çərçivəsində BDU-nun təşkilatçılığı ilə elmi konfrans keçirilir

Bakı İqlim Fəaliyyəti Həftəsi çərçivəsində BDU-nun təşkilatçılığı ilə elmi konfrans keçirilir
04/10/2024