BDU məzunu: “Dövlət proqramları gənclərə təhsil və elmi fəaliyyət sahəsində böyük dəstək verir”
Son illərdə həyata keçirilən dövlət proqramları gənclərin intellektual inkişafına və müasir bilik-bacarıqlar əldə etməsinə geniş imkanlar yaratmışdır. Xüsusilə “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2028-ci illər üçün Dövlət Proqramı” çərçivəsində yaradılan xarici təhsil imkanları nəticəsində yüzlərlə gəncimiz dünyanın aparıcı universitetlərində təhsil alaraq peşəkar fəaliyyət yoluna qədəm qoyur. Bu təşəbbüslər yalnız fərdi inkişafı dəstəkləmir, həm də ölkəmizin beynəlxalq aləmdə tanıdılmasına, milli maraqlarımızın təbliğinə və Azərbaycan adının nüfuzlu elm və mədəniyyət ocaqlarında layiqincə təmsil olunmasına mühüm töhfə verir. Budəfəki müsahibimiz “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2028-ci illər üçün Dövlət Proqramı”nın təqaüdçüsü adını qazanmış gənclərdən biri Natiq Xamedovdur. Söhbətimiz əsnasında sadəcə onun xaricdə təhsil yolundan danışmadıq, eyni zamanda, təhsilin insan həyatında rolunu, elm yolunda irəliləməyin sirlərini, qarşıya məqsəd qoymağın və əzmlə çalışmağın vacibliyini də müzakirə etdik.
-Özünüzü oxucularımıza necə təqdim edərdiniz…
-Xamedov Natiq Mehman oğlu, 12 avqust 2000-ci ildə köhnə Dəvəçi, indiki Şabran rayonunda anadan olmuşam. Orta təhsilimi doğulduğum rayonda, Şabran şəhər 3 saylı tam orta məktəbdə almışam. Bakalavr təhsilimi Bakı Dövlət Universitetinin (BDU) Kimya fakültəsində (2018–2022) davam etdirmişəm. Təhsil müddətində akademik göstəricilərim yüksək olduğuna görə dövlət imtahanından azad edilərək diplom işimi müdafiə etmişəm. Diplom işim “ZnYbSe₄ – Üçlü birləşmənin sintezi və bəzi fiziki-kimyəvi xassələrinin araşdırılması” mövzusuna həsr olunub. Bu iş çərçivəsində birləşməni sintez etmiş və araşdırmalar aparmışam. Nəticələrim bir tezis və bir elmi məqalə şəklində dərc olunub. Təhsilimi Azərbaycan Dövlət Neft və Sənaye Universitetində davam etdirərək, 2022–2024-cü illərdə Kimya Texnologiyası fakültəsində, “Kimya mühəndisliyi – Neft-kimya sintezinin texnologiyası” ixtisası üzrə magistr dərəcəsi almışam. Magistr dissertasiyam “Biokütlələrdən fermentativ üsulla müxtəlif spirtlərin alınması” mövzusuna həsr olunub və bu istiqamətdə bir neçə məqaləm dərc edilmişdir. Hazırda İstanbul Universitetində “Kimya” ixtisası üzrə doktorantura təhsilimi davam etdirirəm. Üzvi kimya kafedrasında apardığım tədqiqat işi “Xərçəng xəstəliklərinin müalicəsində istifadə oluna bilən xüsusi maddələr – Kalkon birləşmələrinin sintezi” mövzusuna əsaslanır. Eyni zamanda, “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2028-ci illər üçün Dövlət Proqramı”nın təqaüdçüsü olan 19 doktorantdan biri olmaq mənim üçün böyük qürurdur. Peşəkar təcrübəm də genişdir. Real Gaz LLC şirkətində “Qazların təhlili üzrə laborant-operator” və Azərsun Holdinqin “Bakı Qida və Yağ Fabriki”ndə “Proses və keyfiyyətə nəzarət inspektoru” vəzifələrində çalışmışam. Təhsilimi davam etdirmək məqsədilə işdən ayrılaraq xaricə getmişəm. Elm və təhsillə yanaşı, müxtəlif intellektual yarışlarda da nailiyyətlərim olmuşdur. 2018-ci ildə BDU-nun 100 illiyinə həsr olunmuş NHN kubokunun qalibi olmuş komandaya kapitanlıq etmişəm. 2019-cu ildə isə Azərbaycan İntellektual Oyunlar Klubu tərəfindən təşkil olunan 18–27 yaşlı gənclər arasında respublika birinciliyinə həsr olunmuş yarışın qalibi olan komandanın üzvü olmuşam. Universitetdə fakültədaxili və regional səviyyədə keçirilən “Breyn-rinq”, “Xəmsə” və “NHN” tipli oyunlarda dəfələrlə birincilik qazanmışam.
- “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2028-ci illər üçün Dövlət Proqramı”nın təqaüdçüsü olan 19 doktorantdan biri sizsiniz. Bu proqram haqqında ilk dəfə necə məlumat əldə etdiniz?
-Mən bu proqramla ilk dəfə Dövlət Proqramının rəsmi “Instagram” səhifəsində rastlaşdım. Marağım artdıqdan sonra daha ətraflı öyrənmək üçün proqramın rəsmi saytına müraciət etdim. Orada əvvəlki qəbullar, seçim mərhələləri və iştirakçılar barədə kifayət qədər geniş məlumat təqdim olunmuşdu. Bu məlumatlar mənim üçün çox faydalı oldu və proqramın mahiyyətini daha dərindən anlamağa imkan verdi.
-Proqramın seçici mərhələlərini keçmək üçün hansı hazırlıqları gördünüz və qalib olmaq necə hiss idi?
- Proqrama müraciət ilkin olaraq iki hissədən ibarət idi: sənədlərin onlayn təqdim olunması və seçim mərhələsi. Mən ilkin olaraq tələb olunan bütün sənədləri topladım — diplomun notarial qaydada təsdiqi, transkript, qəbul məktubu, tövsiyə məktubları, dil biliklərini təsdiq edən sertifikat, CV və s. Xoşbəxtlikdən, bir çox sənədləri əvvəllər xaricdə təhsilə müraciət zamanı topladığım üçün onları yenidən hazırlamaq mənim üçün asan oldu. Daha sonra seçim mərhələsi başladı; bu mərhələdə təqdim olunan sənədlərin doğruluğu və uyğunluğu yoxlanılırdı. Seçim mərhələsini uğurla keçdikdən sonra mən müsahibəyə dəvət olundum. Daha əvvəl də bir neçə dəfə iş müsahibəsində iştirak etdiyim üçün bu mərhələ mənim üçün tanış idi və ona öncədən hazırlaşmışdım. Müsahibəni də uğurla başa vurduqdan bir neçə gün sonra “Portal.edu.az” saytından qəbul mesajı aldım. Qalib elan olunduğum zaman böyük sevinc hissi yaşadım. Qalib olacağıma çox inanırdım, çünki ortalamam 4 üzərindən 3.8, yəni 100 üzərindən 95 ortalamam var idi. Həmçinin bununla yanaşı şəxsi uğurlarım da çox idi. Amma yenə də bu uğur, yalnız şəxsi zəhmətimin nəticəsi deyil, həm də gənclərə göstərilən etimadın, onların potensialına inamın bariz nümunəsi idi.
-Dövlət proqramının gənclər üçün yaratdığı imkan və fürsətləri necə dəyərləndirirsiniz?
- Dövlət Proqramı gənclər üçün yalnız akademik imkanlar yaratmır, həm də onların gələcək karyeraları üçün geniş perspektivlər açır. Belə ki, Proqramın qalibi olmuş gənclərin xaricdə təhsil alarkən təhsil haqqını, ölkələrarası səyahət xərclərini, gündəlik yaşam xərclərini və sığorta xərclərini tam qarşılayır. Bu dəstək gənclərə yeni mədəniyyətləri kəşf etmək, fərdi bacarıqlarını inkişaf etdirmək və beynəlxalq təcrübə qazanmaq imkanı verir.
-Dövlətin gənclər siyasətini necə qiymətləndirirsiniz? Dövlətin gənclərə daha hansı dəstəyi göstərməsini istərdiniz?
-Məncə, dövlətin gənclər siyasəti kifayət qədər inkişaf edib və gənclərə təhsil, karyera və yaradıcılıq imkanları yaradır. Bunun bariz nümunəsi kimi mən son zamanlar Gənclər və İdman Nazirliyinin təşəbbüsü ilə təşkil olunmuş yay festivalında (7–11 iyun, Şamaxı) və həmçinin Gənclər və İdman Nazirliyi ilə AMEA-nın birgə təşkil etdiyi “Gənc Alimlər və Mütəxəssislər Düşərgəsi”ndə (21–26 avqust, Qazax) iştirak etdim. Bu layihələr gənclərə həm biliklərini artırmaq, həm də yeni dostluqlar və təcrübələr qazanmaq imkanı verir. Eyni zamanda, mən istərdim ki, gənclərin startap layihələrinə, innovasiya və tədqiqat fəaliyyətlərinə daha çox dəstək göstərilsin, onların beynəlxalq layihələrdə iştirak imkanları artırılsın.
-Gənclərin xaricdə təhsilə maraqlı olmasının müsbət və mənfi tərəfləri nələrdir? Ümumiyyətlə, siz bunu necə şərh edərdiniz?
- Xaricdə təhsil gənclərə yeni biliklər, beynəlxalq təcrübə və fərqli mədəniyyətlərlə tanışlıq imkanı verir ki, bu da onların şəxsiyyət və karyera inkişafına müsbət təsir göstərir. Digər tərəfdən, uzun müddət ailədən uzaq qalmaq, yüksək xərclər və bəzi hallarda ölkəyə qayıtdıqdan sonra uyğun iş imkanlarının məhdudluğu kimi çətinliklər də mövcuddur. Ümumilikdə, düzgün planlaşdırıldıqda və dəstək mexanizmləri mövcud olduqda, xaricdə təhsil gənclər üçün böyük bir fürsətdir.
-İstanbul Universitetində doktorantura təhsiliniz sizin akademik və şəxsi inkişafınıza necə təsir göstərir?
-İstanbul Universitetinin Organik (Üzvi) Kimya bölümündə doktorantura təhsili mənim üçün həm akademik, həm də şəxsi inkişaf baxımından böyük imkanlar yaradır. Burada iştirak etdiyim layihələr və gördüyüm işlər biliklərimi dərinləşdirir, tədqiqat bacarıqlarımı artırır və elmi yanaşmamı gücləndirir. Eyni zamanda, fərqli mühitdə işləmək və həmkarlarla əməkdaşlıq etmək mənim ünsiyyət, adaptasiya və liderlik qabiliyyətlərimi də inkişaf etdirir.
-Xaricdə təhsil almaq sizə hansı fərqli imkanlar yaratdı və hansı çətinlikləri aşdınız?
-Xaricdə təhsil mənim üçün yeni elmi mühitlə tanış olmaq, müxtəlif laboratoriyalarda müasir avadanlıqlardan istifadə etmək və beynəlxalq təcrübə qazanmaq imkanı yaratdı. Bu, yalnız akademik biliklərimin deyil, həm də dünya görüşümün genişlənməsinə səbəb oldu. Eyni zamanda fərqli mədəniyyətlərdən olan insanlarla işləmək, komanda bacarıqlarımı gücləndirdi. Əlbəttə, ilk vaxtlar dil baryeri, yeni mühitə uyğunlaşma və ailədən uzaq qalmaq kimi çətinliklər oldu, amma bunları aşmaq həm məni daha dözümlü etdi, həm də özümə inamımı artırdı.
-Təhsil müddətində şəxsi və akademik həyatı necə balanslaşdırırsınız?
-Təhsil və şəxsi həyatı balanslaşdırmaq üçün adətən günümü öncədən planlayıram. Həftənin beş gününü əsasən tədqiqat və akademik işlərə ayırıram, qalan iki günü isə sosial fəaliyyətlər və şəxsi maraqlarımla məşğul oluram. Bu yanaşma mənə həm elmi məqsədlərimə fokuslanmağa, həm də şəxsi inkişafım və sosial həyatımı davam etdirməyə imkan verir.
-Doktoranturadan sonra elmi fəaliyyət və karyera planlarınız nələrdir?
-Doktorantura təhsilimi başa vurduqdan sonra elmi fəaliyyətimi davam etdirərək tədqiqat sahəsində innovativ layihələr həyata keçirməyi planlaşdırıram. Eyni zamanda universitet və tədqiqat institutlarında dərs deməklə gənc alimlərin yetişməsinə dəstək vermək, bilik və təcrübəmi paylaşmaq istəyirəm. Mən inanıram ki, elm paylaşdıqca artır və ölkəmizin elm sahəsinin daha da inkişaf etməsi üçün hər bir elmi fəaliyyətlə məşğul olan şəxs əlini daşın altına qoymalıdır.
-Araşdırmalarınızın ölkəmizə və gənclərin inkişafına hansı töhfələri ola bilər?
-Mən hazırda organik (üzvi) kimya sahəsində çalışıram və xərçəng xəstəliklərinin müalicəsində istifadə olunan dərmanların hazırlanmasında böyük əhəmiyyət daşıyan birləşmələrdən biri – Chalcone törəmələrinin sintezi ilə məşğulam. Bu istiqamətdə apardığım tədqiqatlar gələcəkdə həm tibbi kimya, həm də dərman sənayesi üçün yeni imkanlar aça bilər. Araşdırmalarım nəticəsində əldə olunacaq nəticələrin ölkəmizin səhiyyə sahəsində tətbiqi, eləcə də yerli alimlərin beynəlxalq elmi mühitdə daha çox tanınması üçün zəmin yaradacağına inanıram. Bununla yanaşı, gənclərə də bu yolda nümunə olmaq istəyirəm. Çünki elm yalnız laboratoriyada qapanıb qalmaq deyil, həm də gəncləri motivasiya etmək, onlara yeni biliklər ötürmək və araşdırma ruhunu aşılamaqdır. Mənim məqsədim təkcə öz elmi nailiyyətlərimlə kifayətlənmək yox, həm də gənclərə göstərməkdir ki, əzmlə çalışanda ölkəmizdə də beynəlxalq səviyyədə səs gətirəcək nəticələr əldə etmək mümkündür.
-Sosial şəbəkələrdə gəncləri təhsil imkanları barədə məlumatlandırma daha effektiv necə ola bilər?
-Günümüzdə buna bir çox misal göstərmək olar. Hal-hazırda bir çox müəllimlər “YouTube” platforması üzərindən çıxışlar edir və təhsillə bağlı müxtəlif məlumatları paylaşırlar. Son zamanlar isə “Instagram” və “Facebook”da bu sahədə aktivlik artıb. Bu platformalar gənclərin məlumatı daha asan əldə etməsi və interaktiv şəkildə öyrənməsi üçün effektiv vasitə rolunu oynayır. Elə mən də Dövlət Proqramı haqqında məlumatı ilk dəfə sosial şəbəkələrdən almışdım ki, hal-hazırda bu proqramın qalibiyəm.
-Dövlət proqramları və şəxsi nümunəniz gənclərə hansı motivasiya və mesajı verir?
-Dövlət proqramları gənclərə həm təhsil, həm də elmi fəaliyyət sahəsində böyük dəstək verir. Mənim şəxsi nümunəm göstərir ki, gənclər cəsarətlə yeni imkanlara açıldıqda və əzmlə çalışdıqda böyük uğurlara nail ola bilərlər. Dövlət proqramları isə bu yolda onlara həm şərait yaradır, həm də lazımi dəstək və resursları təmin edir. Bu, gənclərə göstərir ki, uğur üçün sadəcə istək kifayət deyil – hazırlıq, təşəbbüskarlıq və məsuliyyət də vacibdir. Qısası, əgər gənc öz üzərində çalışırsa və dövlətin yaratdığı imkanlardan düzgün istifadə edirsə, o zaman qarşıya qoyduğu hədəflərə çatmaq tamamilə mümkündür.
-Müntəzəm mütaliə və elmi fəaliyyətin gənclərin inkişafında rolu barədə fikriniz nədir?
-Müntəzəm mütaliə və elmi fəaliyyət gənclərin intellektual və şəxsi inkişafı üçün əvəzolunmazdır. Kitablar və elmi tədqiqatlar analitik düşüncə, yaradıcılıq və problem həll etmə bacarıqlarını artırır. Mən kitab oxumağı çox sevirəm və öz kiçik, təxminən 150–200 kitablıq şəxsi kitabxanam var. Oxuduğum hər kitab mənə daha çox düşünməyi, yaradıcı olmağı və bilmədiyim mövzular haqqında fikir sahibi olmağı öyrədir. Eyni zamanda, qarşılaşdığım çətin problemləri həll etmək bacarığım da güclənir. Elmi fəaliyyət gənclərə yeni biliklər əldə etmək, təcrübələrini genişləndirmək və öz sahələrində uğurlu karyera qurmaq imkanı verir. Mən inanıram ki, davamlı öyrənmək və tədqiqatla məşğul olmaq hər bir gəncin şəxsiyyət və peşəkar inkişafına böyük töhfə verir.
-Gənclərə həm təhsil, həm də fərdi inkişafda uğur qazana bilmələri üçün nə tövsiyə edərdiniz?
-Mənim gənclərə əsas tövsiyəm odur ki, məqsədli və planlı olsunlar. Təhsillərini diqqətlə izləsinlər, müntəzəm olaraq mütaliə etsinlər və elmi fəaliyyətlə məşğul olsunlar. Eyni zamanda, universitet sadəcə dərs oxuyub imtahan verməkdən ibarət deyil; qarşılarına çıxacaq fürsətləri dəyərləndirsinlər, şəxsi keyfiyyətlərini yüksəltsinlər və sosial aktiv olmağa çalışsınlar. Praktiki bacarıqlarını inkişaf etdirsinlər, çünki universiteti bitirib iş həyatına atıldıqda onlara verilən sual “nə bilirsən?” yox, “nə bacarırsan?” olacaq. Ən əsası, əzmkarlıq və davamlı öyrənmək prinsipini həyat tərzinə çevirsinlər: uğur yalnız biliklə deyil, həm də hazırlıq, iradə və təşəbbüslə gəlir.
-Gələcəkdə akademik və elmi fəaliyyətinizi hansı istiqamətlərdə inkişaf etdirməyi planlaşdırırsınız?
-Kimya üzrə fəlsəfə doktoru təhsilimi tamamladıqdan sonra qısa müddətdə elmi fəaliyyətlə məşğul olub dosent statusunu qazanmağa çalışacağam. Məqsədim həm öz bilik və təcrübəmi artırmaq, həm də ölkəmizin elmi potensialına töhfə verməkdir. Eyni zamanda gənc alimlərin yetişməsinə dəstək olmaq, onların elmi layihələrdə iştirakını təşviq etmək və biliklərimi paylaşmaq da prioritetlərimdəndir. Mən inanıram ki, davamlı tədqiqat və öyrənmə həm akademik, həm də peşəkar uğurlar üçün əsas açardır.
https://ikisahil.az/post/605503-elmin-qanadlari-ile-dunyaya-achilan-genclik