Filologiya fakültəsində “Qəhrəmanlıq və qürur günümüz” adlı anım tədbiri keçirilib
Bakı Dövlət Universitetinin (BDU) Filologiya fakültəsində 20 Yanvar faciəsinin 31-ci ildönümünə həsr olunmuş “Qəhrəmanlıq və qürur günümüz” adlı anım tədbiri keçirilib. Tədbirdə Azərbaycan xalqının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda qəhrəmancasına şəhid olmuş soydaşlarımızın xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
“Microsoft Teams” platforması üzərindən təşkil olunmuş tədbiri giriş sözü ilə açan Filologiya fakültəsinin tədris işləri üzrə dekan müavini, dosent Cavanşir Muradov həmin dövrün ictimai-siyasi mənzərəsi, 20 Yanvar faciəsini meydana gətirən səbəblər, bu qanlı hadisənin tarixi zəmini və doğurduğu nəticələr haqqında məlumat verib. Bildirib ki, 31 il əvvəl öz canı-qanı bahasına milli istiqlaliyyət tariximizi yenidən yazmış xalqımızın 2020-ci ildə Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə ərazi bütövlüyümüzün bərpası uğrunda nümayiş etdirdiyi tarixi birlik dünyanı heyrətləndirdi.
Azərbycan ədəbiyyatı tarixi kafedrasının dosenti Məti Osmanoğlu “dünyanın şər imperiyası” adlandırılan Sovet imperiyasının süqutuna səbəb olan amillərdən, SSRİ rəhbərliyinin Ermənistana verdiyi xüsusi imtiyazlardan, o dövr Azərbaycan rəhbərliyinin yarıtmaz fəaliyyətindən, xalqımızın milli iradəsini sınaq obyektinə çevirən Z.Balayanın “Ocaq” əsərindən, bu qanlı faciəyə beynəlxalq səviyyədə hüquqi qiymətin verilməsi istiqamətində Ulu öndər Heydər Əliyevin gördüyü işlərdən söz açıb.
“Dədə Qorqud” ETL-in elmi işçisi, o qanlı faciədə şəhidlik zirvəsinə ucalmış Yanvar Nəsirovun həyat yoldaşı Almara Nəbiyeva, Azərbycan ədəbiyyatı tarixi kafedrasının dosenti Həqiqət Abdıyeva, Azərbaycan dili və ədəbiyyatının tədrisi metodikası kafedrasının dosenti Əhəd Cavadov, “Türkoloji araşdırmalar” ETL-in kiçik elmi işçisi Pərvin Eyvazov və başqaları bu qanlı aksiyanı Azərbaycanda milli azadlıq hərəkatını boğmaq, xalqın inamını, iradəsini qırmaq üçün totalitar kommunist rejimi tərəfindən törədilmiş hərbi təcavüz və cinayət kimi qiymətləndirib, hadisə ilə bağlı xatirələrini bölüşüblər.
Rəhimə Əlipənahovanın moderatorluğu ilə keçən tədbirdə fakültə üzrə Tələbə Gənclər Təşkilatının sədri Həsrət Emçiyevin, I kurs tələbələri Ruslan Mustafayev və Ləman Cəfərzadənin çıxışları dinlənilib, Əməl Vəlizadə və Ləman Namazovanın təqdimatında 20 Yanvar faciəsinə həsr olunmuş şeirlər səsləndirilib.
Sonda Filologiya fakültəsinin sosial məsələlər və tələbələrlə iş üzrə dekan müavini Anar Fərəcov iştirakçılara və çıxış edənlərə təşəkkürünü bildirib, müasir gəncliyi milli məsələlərdə daim yumruq kimi bir olmağa çağırıb.