Fizika-riyaziyyat elmləri doktoru, professor Qafar Əfəndiyev-90

12/11/2014

Görkəmli alim, fizika –riyaziyyat elmləri doktoru, professor, BDU-nun fizika fakültəsinin formalaşıb-inkişaf etməsinə böyük əmək sərf etmiş Qafar İbrahim oğlu Əfəndiyevin doğum gününün 90 ili tamam olur. Alimin ali təhsil aldığı, əmək fəaliyyətinə başladığı ilk gündən ömrünün sonunadək çalışdığı BDU-nun fizika fakültəsinin dekanlığı və uzun illər rəhbərlik etdiyi Fiziki elektronika kafedrasının əməkdaşları tərəfindən maraqlı bir proqramla qeyd olunmuşdur.

Kafedranın 5 noyabr 2014-cü il tarixli seminar iclasında başlanan yubiley mərasimi, 9 noyabr 2014-cü ildə alimin doğma kəndində  – Şabran rayonunun Qələgah kəndində başa çatmışdır.

BDU-nun Fizika fakültəsinin dekanı professor Məmmədəli Ramazanovun, Fiziki elektronika kafedrasının müdiri professor Əhməd Abdinovun, Fizika Problemləri ETİ-nin direktoru professor Yusif Nurullayevin, Yarımkeçiricilərin fizikası kafedrasının professoru Maarif Cəfərovun, Maddə quruluşu kafedrasının professoru Hacı Taləddin Bağırovun, ADİU-nin kafedra müdiri Rövnəq Rzayevin, Fiziki elektronika kafedrasının əməkdaşlarının, alimin şagirdlərinin, övlad və nəvələrinin, onların həyat yoldaşlarının qatıldığı tədbirin iştirakçıları əvvəlcə yubilyarın dəfn olunduğu Qəlagah kənd qəbirstanlığına gəlib, onun qəbri üzərinə tər qərənfillər qoymuş, haqqında xoş sözlər söyləyib, ruhuna rəhmətlər diləmiş, sonra həmin kənddəki ata-baba yurdunu ziyarət etmiş, xatirə şəkilləri çəkdirmişdir. Sonra onlar “Çıraq Qala”  şadlıq sarayında çay süfrəsi ətrafında toplaşaraq, Qafar müəllim haqqında maraqlı, ibrətamiz xatirələrini bölüşməklə tədbiri davam etdirmiş və sona çatdırmışlar.

Bütövlükdə 8-9 saata qədər davam edən səyyar seminar-anım mərasimində fizika fakültəsinin dekanı professor M. Ramazanov, Fiziki elektronika kafedrasının müdiri professor Ə. Abdinov, professor T. Bağırov, professor Y. Nurullayev, dosentlər Benyaməddin Davudov, Gülarə Sadıxzadə, Tərlan Hüseynov, Mustafa Ağayev, yubilyarın qızı professor Səcidə Əbdülvahabova, kürəkəni – həkim Tahir Eminov onun haqqında öz maraqlı xatirələri ilə çıxış etmişlər.

Q.İ.Əfəndiyev 1924-cü ildə Şabran rayonunun Qəlagah kəndində nüfuzlu ruhani ailəsində anadan olmuş, 1951-ci ildə BDU-nu Fərqlənmə diplomu ilə, 1954-cü ildə isə Moskva Dövlət Universitetinin aspiranturasını uğurla bitirmişdir. O, 1957-ci ildə namizədlik, 1975-ci ildə doktorluq dissertasiyası müdafiə etmiş, 1976-cı ildə professor elmi adı almışdır. Əmək fəaliyyətinə 1954-cü ildə BDU-nun fizika fakültəsində başlayan Qafar müəllim ömrünün sonunadək burada assistent, dosent, kafedra müdiri və kafedra müdirinin məsləhətçisi vəzifələrində çalışmışdır.

O, 1997-ci ildə Bakı şəhərində dünyasını dəyişmişdir.

Professor Q.Əfəndiyev BDU-da Fiziki elektronika kafedrası ilə yanaşı, həm də Azərbaycan Respublikasında “Plazma elektronikası” elmi məktəbini yaratmış, yüzlərlə elmi məqalə və ixtiraların müəllifi, 15 dissertasiya işinin elmi rəhbəri olmuşdur. Onun yaratdığı kafedra və elmi məktəbdə Azərbaycan Respublikası və bir sıra xarici ölkələr üçün 70-ə qədər elmi dərəcəli kadrlar hazırlamış, ali məktəblər üçün 30-a qədər dərslik və dərs vəsaitləri yazılmışdır.

Yüksək intellektli alim-pedaqoq, gözəl insan, qayğıkeş və tələbkar valideyin olan professor Q.Əfəndiyev özünün saf və xeyirxah əməlləri, dəyərli mənəvi irsi ilə hələ uzun illər yaddaşlarında yaşayacaq!

Mətbuat və İnformasiya şöbəsi, 12 noyabr 2014-cü il.

Xəbərlər

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"
18/12/2024

Pakistanlı alim BDU-da ustad dərsi keçib

Pakistanlı alim BDU-da ustad dərsi keçib
18/12/2024

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub
18/12/2024