BDU Fransa Lyon Universiteti ilə birgə ikili diplom proqramını həyata keçirəcək

24/09/2020

Fransanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Zakari Qrossun rəhbərlik etdiyi nümayəndə heyəti Bakı Dövlət Universitetində (BDU) olub.

Görüşdə BDU-nın rektoru Elçin Babayev, Beynəlxalq əlaqələr üzrə prorektor Şahin Pənahov, Rektorun Strateji inkişaf və əlaqələr üzrə müşaviri Əli Nağıyev, Hüquq fakültəsinin dekanı Əmir Əliyev, Fransanın Azərbaycandakı səfiri Zakari Qross, Fransız İnstitutunun (İFA) direktoru Jerom Kel, universitetlərarası əməkdaşlıq üzrə attaşe Klemans Felipo iştirak ediblər.

Qonaqları salamlayan BDU-nun rektoru Elçin Babayev nümayəndə heyətini Universitetdə görməkdən məmnun olduğunu bildirib. E.Babayev hər iki ölkə arasında əməkdaşlığın vacibliyini qeyd edərək, Universitetin tarixi, maddi-texniki bazası, professor-müəllim heyəti, tələbələr üçün yaradılan şərait barədə ətraflı məlumat verib. BDU-nun yenilənən beynəlxalq əlaqələrindən bəhs edən rektor Universitetdə fəaliyyət göstərən mərkəzlərin fəaliyyətinə də diqqət çəkib. Rektor BDU-nun artıq yeni inkişaf mərhələsinə qədəm qoyduğunu əlavə edərək ali məktəbin elmi-tədqiqat mərkəzinə çevrilməsi istiqamətində görülən işlərdən bəhs edib.

Tədbirdə Bakı Dövlət Universiteti və Fransız universitetləri arasında tarix, arxeologiya sahəsində əməkdaşlığın genişləndirilməsi və ikili diplom proqramının həyata keçirilməsi barədə danışıqlar aparılıb. 2020/2021-ci tədris ilində BDU ilə Fransanın Lyon 2 Universitetinin Hüquq fakültələri “Əqli mülkiyyət hüququ” ixtisası üçün ikili magistr diplomu proqramı üzrə müqavilə imzalanacağı haqqında qərar qəbul edilib.

Rektorun Strateji inkişaf və əlaqələr üzrə müşaviri Əli Nağıyev fransız şirkətləri ilə birgə layihələrin hazırlanması istiqamətində görülən işlərin əhəmiyyətindən söz açıb.

Fransız İnstitutunun direktoru Jerom Kel rəhbərlik etdiyi universitetlə Bakı Dövlət Universiteti arasında əlaqələrin qurulmasının vacibliyini qeyd edib, BDU-da fransız dilinin tədrisinə dəstək verəcəklərini bildirib. Bu istiqamətdə yeni tədris ilindən başlayaraq Fransız İnstitutu BDU-nun Hüquq fakültəsi ilə birlikdə ikili magistr diplomu proqramına qoşulacaq on nəfər Hüquq fakültəsinin tələbəsi üçün fransız dili dərslərinin təşkili planlaşdırılıb.

Görüş birgə tədqiqatların aparılması və Fransa universitetləri əməkdaşlıq əlaqələrinin daha da genişləndirilməsi, digər fakültə və ixtisaslarda birgə mübadilə və ikili diplom proqramlarının həyata keçirilməsi məsələləri, Azərbaycanda Frankofoniya, Fransız dili və mədəniyyəti mərkəzi ilə birlikdə görülə biləcək işlər barəsində müzakirələr aparılıb.

Əlavə edək ki, 210 yaşlı Lyon Universiteti 1809-cu ildə təsis edilib. 1874-cü ildən Universitetdə Hüquq fakültəsi yaradılıb. 1960-cı illərdə Universitet 2 müstəqil ali təhsil müəssisəsinə ayrılıb. Hazırda Lyon Universiteti Lyon 1, Lyon 2 və Lyon 3 adlı üç müstəqil ali təhsil müəssisəsindən ibarətdir. Bütövlükdə isə bu şəbəkədə 127 min tələbə təhsil alır.

Xəbərlər

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"
18/12/2024

Pakistanlı alim BDU-da ustad dərsi keçib

Pakistanlı alim BDU-da ustad dərsi keçib
18/12/2024

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub
18/12/2024