Geologiya fakültəsində seolitlərin əmələgəlmə mexanizmi araşdırılıb

05/05/2022

Bakı Dövlət Universitetinin Geologiya fakültəsində növbəti elmi seminar keçirilib. Seminarda kristalloqrafiya, mineralogiya və geokimya kafedrasının dosenti  Kərim Rəhimov “Hidrotermal şəraitlərdə seolitlərin və seolitə bənzər alümosilikatların əmələgəlmə mexanizminin kristallokimyəvi aspektləri” mövzusunda məruzə ilə çıxış edib.

Məruzədə qeyd edilib ki, seolitlər mikroməsaməli alümosilkat minerallar olub, sənayenin müxtəlif sahələrində adsorbentlər, katalizatorlar, ion dəyişdiriciləri, detergentlər kimi geniş istifadə olunur. Seolit termini ilk dəfə 1756-cı ildə İsveçrə mineroloqu Kronsted tərəfindən işlədilib. Stilbit mineralı qızdırılan zaman bu mineral tərəfindən adsorbsiya edilmiş su buxar şəklində ayrılıb. Buna görə də alim tədqiq etdiyi materialı seolit adlandırıb. Yunancadan tərcümədə seolit sözü “qaynayan daş” deməkdir. Seolitlər təbiətdə geniş yayılıb və sənaye miqyasında istehsal edilir. 2018-ci ilin məlumatlarına görə, 253 seolit karkası identifikasiya edilib, onlardan 40-a qədəri təbii şəkildə rast gəlinir. Hər bir seolit quruluşu Beynəlxalq Seolit Assosiasiyasının quruluş komissiyası tərəfindən öyrənilir və həmin seolitə üç hərfdən ibarət müxtəlif kod verilir.

Məruzəçi bildirib ki, son illər seolitlər qaynar asfalt-beton istehsalında əlavələr kimi istifadə olunur. Asfalt-beton qarışığına seolit əlavə edilməsi asfaltın daha yaxşı bərkiməsinə, uzaq məsafəyə daşınmasına əlverişli təsir edir. Ev heyvanlarının saxlanılmasında, gigiyenasının qorunmasında seolitlərdən geniş istifadə olunur. Amiak və digər azotlu birləşmələrdən adsorbsiya edilən seolitlər evlərdəki xoşagəlməz iyləri azaldır. Seolitlər suların codluğunun azalmasında effektiv material sayılır.

Daha sonra məruzə barədə Geologiya fakültəsinin dekanı Mamoy Mansurov, Ümumi və tarixi geologiya kafedrasının müdiri Nazim İmamverdiyev, Kompleks geoloji və geofiziki tədqiqatlar ETL-in baş elmi işçisi Sokrat İsayev, Kompleks geoloji və geofiziki tədqiqatlar ETL-in böyük elmi işçisi Robert Mobili, Hidrogeologiya və mühəndis geologiyası kafedrasının müdiri Bahadır Qələndərov öz fikirlərini bildiriblər.

Sonda mövzu ətrafında fikir mübadiləsi aparılıb, məruzənin praktiki əhəmiyyət kəsb etməsi vurğulanıb.

Xəbərlər

Milli qürur günümüz

Milli qürur günümüz
08/11/2024

BDU-da Vətən müharibəsi qazisi ilə görüş

BDU-da Vətən müharibəsi qazisi ilə görüş
07/11/2024

Azərbaycan Mətbuat Şurası və Bakı Dövlət Universitetinin birgə BƏYANATI

Azərbaycan Mətbuat Şurası və Bakı Dövlət Universitetinin birgə BƏYANATI
07/11/2024