Gələcəyin hüquqşünası: “BDU peşəkar mütəxəssis olmaq üçün ideal bir mühit təqdim edir”

05/09/2024

2024/2025-ci tədris ili üçün ali məktəblərə qəbul imtahanlarında 600-dən çox bal toplayaraq Bakı Dövlət Universitetinə (BDU) qəbul olunan 539 nəfərdən ən yüksək nəticəni o göstərib – Sevil Gülməliyeva. Sevil 684.1 balla BDU-nun Hüquq fakültəsinə (tədris ingilis dilində) qəbul olub. Belə uğurlu nəticənin əzmkarlığının və davamlı çalışmasının bəhrəsi olduğunu deyir. BDU-da alacağı təhsildən isə gözləntiləri çoxdur...

Onunla müsahibədə daha yaxından tanış olmağa, arzu-istəkləri, təəssüratları və gələcək planlarını öyrənməyə çalışdıq.

- Özünüzü təqdim edə bilərsinizmi?


- Mən, Gülməliyeva Sevil Rövşən qızı Quba rayonu Aşağı Atuc kənd tam orta məktəbinin IX sinfini fərqlənmə attestatı, XI sinfini isə "Xüsusi nümunəli attestat və qızıl nişan" ilə bitimişəm. Dövlət İmtahan Mərkəzinin ali məktəblərə qəbul üçün təşkil etdiyi buraxılış imtahanında maksimum nəticə olan 300 bal topladım və blok imtahanında 384.1 bal əldə edərək ümumilikdə 684.1 balla tədrisi ingilis dilində olmaqla BDU-nun "Hüquqşünaslıq" ixtisasına qəbul oldum.

- Niyə Bakı Dövlət Universitetini seçdiniz?


- Bakı Dövlət Universitetini seçməyimin səbəbləri çoxşaxəlidir. Bu universitet ölkəmizin təhsil sistemində müstəsna yerə, 105 illik zəngin tarixə, yüksək təhsil standartlarına və peşəkar müəllim heyətinə malikdir. Mənim üçün bu cür nüfuzlu və köklü bir ali məktəbdə hüquqşünaslıq sahəsində təhsil almaq akademik və peşəkar bacarıqlarımı inkişaf etdirmək baxımından böyük əhəmiyyət kəsb edir. Bakı Dövlət Universiteti məqsədlərimə çatmaq və hüquq sahəsində peşəkar mütəxəssis olmaq üçün ideal bir mühit təqdim edir.

 

- Respublika Fənn Olimpiadalarında hansı nailiyyətləriniz olub?


- Respublika Fənn Olimpiadalarında Azərbaycan dili və ədəbiyyat fənni üzrə qazandığım nailiyyətlər də uğurlarımın bir parçasıdır. 2023-cü ildə bu fənn üzrə gümüş, 2024-cü ildə isə bürünc medal qazanaraq, Azərbaycan dili və ədəbiyyat sahəsindəki biliklərimi təsdiqlədim. Düşünürəm ki, bu uğurlar mənim təhsilə olan marağımı və bu sahədəki potensialımı əks etdirir.

- Gələcəkdə özünüzü harada görürsünüz və gələcək üçün planlarınz nələrdir?

- Hüquqşünaslıq fakültəsində peşəkar mütəxəssis kimi yetişmək istəyirəm. Universitetdə qazanacağım biliklərin mənə həm akademik, həm də peşəkar sahədə müstəsna üstünlüklər təqdim edəcəyinə inanıram. Gələcəkdə ölkəmi beynəlxalq səviyyədə uğurla təmsil etmək və müasir hüquqi məsələlərdə təsirli həllər təqdim etmək arzusundayam. Məqsədim cəmiyyətin inkişafına müsbət təsir etməkdir. Təcrübəmi artıraraq beynəlxalq arenada tanınan hüquqşünas olmaq istəyirəm. Əsas məqsədim xaricdə magistr təhsili alaraq, əldə etdiyim bilikləri ölkəmə gətirmək və dövlət sektorunda fəaliyyət göstərməkdir. İstəyirəm ki, müasir və hüquqlarını bilən bir cəmiyyətin formalaşmasına töhfə verim. BDU bu məqsədləri gerçəkləşdirmək üçün mənə güclü bir təhsil bazası təqdim edəcək.


Müsahibəni hazırladı: Nərminə Əsədova

 

Xəbərlər

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"
18/12/2024

Pakistanlı alim BDU-da ustad dərsi keçib

Pakistanlı alim BDU-da ustad dərsi keçib
18/12/2024

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub
18/12/2024