“Gənc istedadlar” liseyində “Son zəng” keçirilib
Bu gün Bakı Dövlət Universitetinin nəzdində fəaliyyət göstərən “Gənc istedadlar” liseyində “Son zəng” keçirilib. Rektor, akademik Abel Məhərrəmov müstəqil həyata qədəm qoyan məzunları və onların valideynlərini salamlayıb, bu gözəl gün münasibəti ilə onları təbrik edib. Rektor qeyd edib ki, hər il olduğu kimi bu il də liseyi bitirən məzunların hamısının tələbə adına layiq görüləcəyinə, xalqımızın gələcəyi naminə görülən böyük işlərin iştirakçılarına çevriləcəyinə şübhə etmir. Rektor, çıxışında liyesin 7 illik fəaliyyət dövründən danışıb, lisey məzunlarının dünyanın nüfuzlu universitetlərində təhsil aldığını vurğulayıb. Akademik Abel Məhərrəmov liseyin məzunlarına və şagirdlərinə öz tövsiyəsini verib, onları bir daha təbirik edib.
Liseyin direktoru, professor Qasım Hüseynov çıxışında liseyin başlıca vəzifəsi kimi gənc istedadları aşkar etmək, onların inkişafına hərtərəfli şərait yaratmaq, gələcək inkişaflarını düzgün istiqamətləndirmək, dərin biliyə, yüksək mənəvi keyfiyyətlərə malik, vətənpərvər gənclər yetişdirmək olduğunu bildirib. Bu il 37 nəfər məzunu olan lisey direktoru onların da yüksək bal toplayıb istədikləri ali məktəblərə qəbul olacağına inandığını bildirib.
Daha sonra valideynlər adından Akif Bayramov çıxış edərək təbriklərini çatdırıb. Tədbir lisey şagirdlərinin hazırladıqları proqramla davam edib.
Qeyd edək ki, lisey 2007-ci ildən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq sərəncamına əsasən fəaliyyətə başlayıb. Hazırda liseydə 500 nəfər şagird təhsil alır. Onların təlim-tərbiyəsi ilə 21 nəfər elmi dərəcəli BDU müəllimləri olmaqla 75 nəfər müəllim məşğul olur. Liseyə maraq ildən-ilə sürətlə artır. Liseydə beş buraxılış olub və 142 nəfərin hamısı nüfuzlu ali məktəblərə qəbul olublar. TQDK-nın statistik məlumatına əsasən, liseyin 2009, 2010, 2011, 2012 və 2013-ci il məzunları topladıqları orta bala və düzgün cavabların faizinə görə Təhsil Nazirliyinin tabeliyində olan və özəl liseylər arasında birinci olub.
Mətbuat və İnformasiya şöbəsi, 30 may 2014-cü il.