Görkəmli alim Şirməmməd Hüseynovun anım günüdür

24/06/2023

Görkəmli alim, Əməkdar jurnalist, mətbuat tariximizin və Xalq Cümhuriyyətinin ən mahir araşdırıcısı Şirməmməd Hüseynovun vəfatının ildönümüdür.
Şirməmməd Hüseynov 1924-cü il dekabrın 17-də Şəki şəhərində anadan olub. 1940-cı ildə Şəki şəhəri Mirzə Fətəli Axundov adına 2 saylı orta məktəbi bitirib, 1940-1942-ci illərdə Şəki ikiillik Müəllimlər İnstitutunun fizika-riyaziyyat fakültəsində oxuyub. O, 1945-1950-ci illərdə indiki Bakı Dövlət Universitetinin Filologiya fakültəsinin Jurnalistika şöbəsində ali təhsil alıb.
Universiteti fərqlənmə diplomu ilə başa vuran Şirməmməd Hüseynov Mixail Vasilyeviç Lomonosov adına Moskva Dövlət Universiteti Jurnalistika fakültəsinin aspiranturasına daxil olub, 1954-cü ildə təhsilini tamamlayıb dissertasiya müdafiə edərək tarix elmləri namizədi elmi dərəcəsi alıb.
1954-cü ildən indiki Bakı Dövlət Universiteti Filologiya fakültəsinin Jurnalistika kafedrasında elmi-pedaqoji fəaliyyətə başlayan Şirməmməd Hüseynov həyatını universitetə bağlayaraq ömrünün sonunadək burada baş müəllim, dosent, 1962-1969-cu illərdə Filologiya fakültəsinin dekan müavini, 1970-1976-cı illərdə Jurnalistika fakültəsinin dekanı, 1976-1988-ci illərdə Mətbuat tarixi və ideoloji iş metodları kafedrasının müdiri olub, 1988-ci ildən ömrünün sonunadək həmin kafedranın professoru vəzifəsində çalışıb.
Elmi fəaliyyətini, əsasən, Azərbaycan jurnalistikası tarixinin öyrənilməsinə həsr edən Şirməmməd Hüseynov mətbuatşünaslığa dair 30-dan çox kitab və monoqrafiyanın, 800-dən artıq elmi və elmi-publisistik məqalənin müəllifidir.
Şirməmməd Hüseynov bir alim və pedaqoq kimi Azərbaycan klassik jurnalistikasının görkəmli simaları Həsən bəy Zərdabi, Əli bəy Hüseynzadə, Məhəmməd Əmin Rəsulzadə, Üzeyir Hacıbəyli, Əhməd Ağaoğlu, Cəlil Məmmədquluzadə irsini hərtərəfli araşdıraraq yetişməkdə olan nəslə çatdırılmasında təqdirəlayiq xidmətlər göstərib. Alimin Azərbaycan Xalq Cümhuriyyəti qurucularının fəaliyyətinə dair araşdırmalarının Azərbaycan tarixinin öyrənilməsində xüsusi əhəmiyyəti var.
Şirməmməd Hüseynov Azərbaycan klassik publisistika məktəbi ənənələrini müstəqillik dövründə yeni bir məktəb səviyyəsinə yüksəldib. Yüzlərlə jurnalistin ustadı kimi şöhrət qazanmış alimin elmi kadrların yetişdirilməsində də böyük əməyi olub. Azərbaycançılıq ideologiyasının təbliğində, gənc nəsil jurnalistlərin milli təəssübkeşlik, vətəndaşlıq ləyaqəti, obyektivlik ruhunda tərbiyə olunmasında Şirməmməd Hüseynovun xidmətləri əvəzsizdir. Bu gün də onun tələbələri Bakı Dövlət Universitetində, eləcə də digər elm və təhsil müəssisələrində, kütləvi informasiya vasitələrində öz müəllimlərinin yolunu uğurla davam etdirirlər.
Şirməmməd Hüseynovun Azərbaycan jurnalistikasının inkişafında uzunmüddətli səmərəli fəaliyyəti yüksək qiymətləndirilib. O, bir sıra mükafatlara layiq görülüb, Azərbaycan Respublikasının “Şərəf” ordeni ilə təltif olunub.
Görkəmli alim 2019-cu il iyunun 24-də ömrünün 95-ci ilində vəfat edib.
Unudulmaz pedaqoq və publisist, əsl ziyalı Şirməmməd Ağaməmməd oğlu Hüseynovun əziz xatirəsi Azətbaycan xalqının qəlbində daim yaşayacaq.

Xəbərlər

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"
18/12/2024

Pakistanlı alim BDU-da ustad dərsi keçib

Pakistanlı alim BDU-da ustad dərsi keçib
18/12/2024

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub
18/12/2024