Görkəmli coğrafiyaşünas alimi Maqbet Məmmədovla bağlı tədbir keçirilib
Coğrafiya fakültəsində Azərbaycanın görkəmli coğrafiyaşünas alimi, tanınmış hidrometeoroloq, coğrafiya elmləri doktoru, professor, Rusiya Federasiyası Su Təsərrüfatı Akademiyasının üzvü Maqbet Məmmədovun xatirəsinə həsr olunmuş tədbir keçirilib.
Tədbiri açan Coğrafiya fakültəsinin dekanı, dosent Şəkər Məmmədova professor Maqbet Məmmədovun yaradıcılığı, ali və orta məktəblərdə hidrometeorologiya ixtisasının tədrisində alimin rolu ilə bağlı məruzə edib.
AMEA-nın akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunun direktoru, akademik Ramiz Məmmədov çıxış edərək professor Maqbet Məmmədovun elmi fəaliyyəti haqqında məlumat verib.
Daha sonra Həmkarlar İttifaqı Komitəsinin sədri, dosent Fikrət Şiriyev universitet rəhbərliyi adından çıxış edərək professor Maqbet Məmmədovun Hidrometeorologiya kafedrasının inkişafı istiqamətindəki xidmətlərindən danışıb.
Hidrometeorologiya kafedrasının müdiri, professor Fərda İmanov alimin elmi-tədqiqat işlərinin əsas istiqamətləri və nəticələri haqqında danışıb.
Tədbirdə Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya departamenti, Hidrometeorologiya Elmi Tədqiqat İnstitutunun direktoru, professor Rza Mahmudov, İqtisadi və sosial coğrafiya kafedrasının müdiri, professor Tapdıq Həsənov, Fiziki coğrafiya kafedrasının müdiri, professor Yaqub Qəribov, Geodeziya və xəritəçilik kafedrasının müdiri, professor Məqsəd Qocamanov, Memarlıq və İnşaat Mühəndisləri Universitetinin professoru Hamlet Aslanov, Azərbaycan Pedaqoji Universitetinin professoru Məhəmməd Abduyev, Hidrometeorologiya kafedrasının dosenti Sabir İsgəndərov çıxış edərək professor Maqbet Məmmədovla bağlı xatirələrini bölüşüblər.
Sonda professor Maqbet Məmmədovun həyat yoldaşı Gülər Məmmədova çıxış edərək tədbirin keçirilməsi ilə bağlı BDU rəhbərliyinə və Coğrafiya fakültəsinin kollektivinə öz minnətdarlığını bildirib.
Mətbuat və informasiya şöbəsi, 10 iyul 2017-ci il