Görkəmli oftalmoloq, akademik Zərifə xanım Əliyevanın doğum günüdür

28/04/2020

Bu gün Əməkdar elm xadimi, tibb elmləri doktoru, Azərbaycan Elmlər Akademiyasının həqiqi üzvü Zərifə xanım Əliyevanın anadan olmasının 97-ci ildönümdür.

1923-cü il 28 aprel tarixində Naxçıvan Muxtar Respublikasının Şahtaxtı kəndində görkəmli dövlət xadimi Əziz Əliyevin ailəsində dünyaya göz açan Zərifə xanım Əliyeva, Azərbaycan oftalmologiya elmi sahəsində ilk qadın akademik olub. Yüzlərlə nursuz gözə işıq bəxş edən Zərifə xanım Əliyeva Azərbaycan oftalmologiya elminin beynəlxalq aləmdə tanınmasında müstəsna rol oynayıb. Onun elmi tədqiqatları, mürəkkəb cərrahiyyə əməliyyatları ilə yanaşı, pedaqoji fəaliyyəti, peşəkar elmi kadrların yetişdirilməsindəki xidmətləri danılmazdır. Akademik Azərbaycan Elmi-Tədqiqat Oftalmologiya İnstitutunda elmi işçi, 1969-cu ildən isə Ə.Əliyev adına Azərbaycan Həkimləri Təkmilləşdirmə İnstitutunda göz xəstəlikləri kafedrasının dosenti, professor, görmə orqanlarının peşə patologiyası laboratoriyasının müdiri, oftalmologiya kafedrasının müdiri (1982-1985) vəzifələrində çalışıb.

Görkəmli alim dünyada ilk dəfə olaraq görmə orqanının peşə patologiyasını araşdıran elmi-tədqiqat laboratoriyası yaradıb və praktik olaraq elm aləmində yeni bir istiqamətin, peşə oftalmologiyasının əsasını qoyub. O,  əmək fəaliyyəti dövründə hər zaman ciddi problemlərə toxunub, göz xəstəliklərinin qarşısını almaq və onları ən effektiv yolla müalicə etmək üçün əlindən gələni edib. Azərbaycanda traxomanın kökünün kəsilməsini qarşısına məqsəd qoyan Zərifə xanım Əliyeva, “Traxomanın digər terapiya üsulları ilə birlikdə sintomisinlə müalicəsi” adlı namizədlik dissertasiya işini müdafiə edərək, bu sahə üzrə ixtisaslaşıb. Onun təklif etdiyi müalicə metodu tezliklə bütün respublikada tətbiq edilib və ölkəmiz bu bəladan xilas olub. Buna görə də Azərbaycanda traxomanın sosial xəstəlik kimi ləğvi məhz Zərifə xanım Əliyevanın adı ilə bağlıdır. İllər boyu apardığı klinik tədqiqatların və təcrübələrin nəticələri Zərifə xanım Əliyevanın dünyada ən məşhur oftalmologiya mərkəzlərinin birində - H.Helmqolts adına Moskva Göz Xəstəlikləri Elmi-Tədqiqat İnstitutunda müdafiə etdiyi "Azərbaycanın bir sıra kimya müəssisələri işçilərinin görmə orqanlarının vəziyyəti" mövzusunda doktorluq dissertasiyasının əsasını təşkil etmişdir. Zərifə xanım nadir sahə olan iridodiaqnostika və iridoterapiya problemləri ilə ciddi məşğul olmuş, bu sahəyə dair "İridodiaqnostikanın əsasları" və "İridodiaqnostika" adlı iki monoqrafiya hazırlamışdır.

Oftalmologiyanın digər aktual istiqamətlərinə də diqqət yetirən alim, diaqnostika, qlaukomanın və görmə orqanının iltihabının müalicəsi, onun patologiyası, gözün virusla zədələnməsi, görmə orqanında bədxassəli şişlərin diaqnostikası məsələrini araşdıraraq, göz xəstəliklərinin müalicəsində effektiv üsullar əldə edib. Azərbaycan tibb elmində silinməz izlər qoyan Zərifə xanım “Terapevtik oftalmologiya”, “Qlaukoma və gözün hipertenziyası”, “Görmə orqanının zədələnməsi”, “Göz yaşı axmasının fiziologiya və histologiyası”, “Şəkərli diabetdə göz xəstəlikləri”, “Gözün mikrocərrahiyyəsi”, “Göz bəbəyi haşiyəsinin adaptasiya və müdafiə funksiyası” kimi əsərlərin, 12 monoqrafiya, dərslik və dərs vəsaitinin, 150-yə yaxın elmi işin, 1 ixtira və 12 səmərələşdirici təklifin müəllifidir.

Həyatını Azərbaycan mədəniyyətinin, musiqisinin, elminin inkişafına həsr edən böyük söz və sənət adamları - Üzeyir Hacıbəyov, Müslüm Maqomayev, Mirəsədulla Mirqasımov, Bülbül, Səməd Vurğun və başqa görkəmli şəxsiyyətlərlə ailəvi və mənəvi yaxınlıq telləri ilə sıx bağlı olan bir mühitdə boya-başa çatan Zərifə xanım özündə Azərbaycan ziyalısının ən gözəl nümunəsini təcəssüm etdirirdi. Zərifə xanım Əliyevanın fitri istedada malik novator alim kimi yaşadığı mənalı ömrü, keçdiyi şərəfli həyat yolu hər bir Azərbaycan vətəndaşı, alim və həkimi üçün həyat, mənəviyyat dərsi, kamillik və müdriklik məktəbidir.

1985-ci il aprel ayının 15-də akademik Zərifə xanım Əliyeva əbədiyyətə qovuşmuşdur.

Akademik Zərifə xanım Əliyeva elm, təhsil, səhiyyə sahələrində, eləcə də ictimai-siyasi həyatda misilsiz xidmətlərinə görə xalqımızın qəlbində, ölkəmizin tarixində görkəmli alim, nümunəvi, qayğıkeş pedaqoq, şəfqətli həkim, nurlu Azərbaycan xanımı kimi qalacaq, daim anılacaq, onun şərəfli ömür yolu və zəngin irsi həmişə örnək olacaqdır.


 

Xəbərlər

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"
18/12/2024

Pakistanlı alim BDU-da ustad dərsi keçib

Pakistanlı alim BDU-da ustad dərsi keçib
18/12/2024

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub
18/12/2024