"Heydər Əliyev və Azərbaycançılıq ideologiyası" mövzusunda dəyirmi masa keçirilib
Bakı Dövlət Universitetində (BDU) Tarix və Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinin birgə təşkilatçılığı ilə "Heydər Əliyev və Azərbaycançılıq ideologiyası" mövzusunda onlayn dəyirmi masa keçirilib.
Tədbir iştirakçılarını salamlayan Tarix fakültəsinin dekan müavini Bəxtiyar Nəbiyev dövlətçilik ənənələrimizin bərpasında Ümummilli Lider Heydər Əliyevin əvəzsiz xidmətlərinin olduğunu diqqətə çatdırıb. Ulu Öndərin dövlətçilik konsepsiyasının müasir Azərbaycanın yüksəlişinə verdiyi töhfələrdən danışıb.
Daha sonra Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinin dekan müavini Kənan Vəkilov "Heydər Əliyev və Azərbaycançılıq məfkurəsinin ideoloji əsasları" mövzusunda məruzə ilə çıxış edib. Məruzədə Azərbaycan dövlətçilik tarixi, iqtisadiyyat, xarici siyasət və digər sahələrdə Heydər Əliyev kursu və ona istiqamətlənmiş çağdaş addımlar, ölkə vətəndaşları və xaricdə yaşayan həmvətənlərimizin vahid ideya ətrafında birləşməsi haqqında məlumatlar öz əksini tapıb.
Tarix fakültəsinin müəllimi Anar Həmidov “Heydər Əliyev: müasir Azərbaycanın qurucusu”, Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinin tələbəsi İbrahim Baxşıyev “Azərbaycan milli kimliyinin hamisi - Heydər Əliyev” mövzusunda təqdimatla çıxış ediblər. Bildirilib ki, müasir Azərbaycan dövlətinin qurulması və inkişaf etdirilməsi, azərbaycançılıq məfkurəsinin, milli-mənəvi dəyərlərimizin qorunması və təbliği, Azərbaycan dilinin azərbaycançılıq ideologiyasının komponenti olması, ölkəmizin iqtisadi tərəqqisi və digər sahələrdə həyata keçirilən uğurlu layihələrin təməli məhz Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulub.
Onlayn tədbirdə həmçinin Tarix fakültəsinin müəllimi Elnur Əbilov və fakültə THİK-in sədri Əli Babazadə Azərbaycançılıq ideologiyasının tarixi, əhəmiyyəti və Ulu Öndər Heydər Əliyevin misilsiz xidmətlərindən geniş bəhs ediblər.
“Microsoft Teams” platforması üzərindən baş tutan tədbirə 300-ə yaxın iştirakçı qoşulub.