«Heydər Əliyevi AraşdIrma Mərkəzi»nin təməli qoyuldu

05/05/2008

Mayın 5-də Bakı Dövlət Universiteti ilə İstanbul Aydın Universitetləri Şəbəkəsi arasında «Heydər Əliyevi Araşdırma Mərkəzi»nin yaradılması haqqında niyyət protokolu imzalandı. Sənəd Heydər Əliyev irsinin daha geniş öyrənilməsi, beynəlxalq aləmdə təbliğ edilməsi və araşdırılması məqsədilə imzalandı. Tərəflər üzərinə Heydər Əliyev irsinin tədrisini təşkil etmək, müştərək konfranslar və simpoziumlar keçirmək, elmi ədəbiyyat və informasiya mübadiləsi, birgə tədqiqatlar aparmaq, birgə məcmuələr və dərgilər nəşr etmək öhdəliyi götürdülər. Mərkəzin nizamnaməsi, iş prinsipləri, tərkibi və konkret vəzifələri gələcəkdə müvafiq sənədlərlə müəyyənləşdiriləcək.

Protokolu Azərbaycan tərəfdən Bakı Dövlət Universitetinin rektoru, akademik Abel Məhərrəmov, Tükiyə tərəfdən isə İstanbul Aydın Universitetləri Şəbəkəsinin rəyasət heyətinin sədri, doktor Mustafa Aydın imzaladı. Niyyət protokoluna xeyir-dua verən BDU-nun rektoru, akademik Abel Məhərrəmov Heydər Əliyev irsinin öyrənilməsinin bütün türk dünyası və bəşəriyyət üçün əhəmiyyət kəsb etdiyini, onun çoxşaxəli fəaliyyətinin bütün türk toplumları üçün maraqlı olduğunu qeyd edərək, «ümummilli liderlər hər bir xalqa nəsib olmur. Yalnız qüdrətli xalqlar ümummilli liderlər yetirir. Azərbaycan xalqı xoşbəxt xalqdır ki, onun Heydər Əliyev kimi ümummilli lideri var.

Fransanın Şarl De Qolu, ABŞ-ın Corc Vaşinqtonu, Hindistanun Cəvahirləl Nehrusu, Türkiyənin Atatürku, Azərbaycanın Heydər Əliyevi var. Ötən əsrdə türk dünyasının böyük tarixinin şanlı səhifələrini yazan Mustafa Kamal Paşa ilə Heydər Əlirza oğlu Əliyev bəşəriyyətə yeni, inkişaf tmiş türk dövlətləri təqdim etdilər. Ötən əsrin əvvəllərində «Azərbaycanın kədəri bizim kədərimiz, Azərbaycanın sevinci bizim sevincimizdir», - deyən Mustafa Kamal Atatürkün səsinə ümummilli liderimiz XX əsrin sonunda «Biz bir milət, iki dövlətik» nidası ilə cavab verdi. Azərbaycanın müstəqilliyini həm 1918-ci, həm də 1991-ci ildə ilk tanıyan dövlət də məhz Türkiyə Cümhuriyyəti oldu. Ümummilli liderimiz ikinci dəfə hakimiyyətə qayıtdıqdan sonra böyük Atatürkün isrinin Azərbaycanda öyrənilməsi, tədqiqi və təbliği üçün Bakıda Atatürk Mərkəzinin yaradılması haqqında sərəncam imzaladı.

İndi həm Azərbaycanda, xüsusən də ümummilli liderimizin məzunu olduğu Bakı Dövlət Universitetində və Türkiyədə «Heydər Əliyevi Araşdırma Mərkəzi»nin yaradılması türk dünyasına göstərilən ən böyük ehtiramdı. Biz Bakı Dövlət Universiteti olaraq, İstanbul Aydın Universitetlər Şəbəkəsinə əlimizdən gələn dəstəyi göstərəcək, Heydər Əliyevin irsi ilə bağlı kitabları, bilgiləri onlara tez bir zamanda çatdıracaq, müştərək layihələrimizlə həmkarlarımıza yardımda bulunacağıq».

Tədbirdə çıxış edən İstanbul Aydın Universitetlər Şəbəkəsinin rəyasət heyətinin sədri, doktor Mustafa Aydın onların bu ideyalarının Türkiyə Cümhuriyyətində və Azərbaycanda dövlət səviyyəsində dəstəklənməsindən dolayı məmnunluq hissi keçirdiklərini qeyd etməklə, Bakı Dövlət Universiteti kimi möhtəşəm bir elm məbədi ilə əlaqələrindən də razılıqlarını ifadə etdi. Yeni yaranacaq Mərkəzə uğurlar arzulamaqla yanaşı, hər iki dövlətin alimlərinin, bilgili insanlarının və gənclərinin bu ideyanın gerçəkləşməsi üçün əlindən gələcəklərini əsirgəməyəcəklərini bildirdi.

Xəbərlər

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"
18/12/2024

Pakistanlı alim BDU-da ustad dərsi keçib

Pakistanlı alim BDU-da ustad dərsi keçib
18/12/2024

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub
18/12/2024