Humanist insan, gözəl alim, xeyirxah dekan

31/10/2018

1980-ci ildə o vaxtkı Azərbaycan Dövlət Universitetinin Fizika fakültəsini bitirib təyinatla göndərildiyimiz Elmlər Akademiyasının laboratoriyalarının birinin divarından asılmış plakatdakı bir cümlə diqqətimizi  cəlb etdi: “Науки неизведанные пути познать дано только пытливому уму” (Elmin kəşf edilməmiş yollarını dərk etmək ancaq zəhmətkeş beyinlərə nəsib olur). Oxuculara  söhbət açacağımız şəxs  bu ifadənin təsdiqinin canlı nümunəsidir.

Professor Məhəmmədəli Ramazanov. Son zamanlar elm və təhsil problemlərinə dair televiziya kanallarında və digər mətbuat səhifələrində gedən müzakirələrdə prinsipial və fəal mövqe nümayiş etdirən, ömrünü elmə həsr etmiş fədakar Azərbaycan ziyalısı – elm fədaisi.

Məhəmmədəli Ramazanov 1958-ci il oktyabrın 31-də Qərbi Azərbaycanın Spitak rayonunun Qursalı kəndində zəhmətkeş ailəsində anadan olub. 1965-1975-ci illərdə həmin rayonun Qursalı kənd orta məktəbində təhsil alıb. On uşaqlı ailənin böyük oğlu olması Məhəmmədəli müəllimdə himayəsində olanların məsuliyyətini çəkmək, qayğı göstərmək və düzgün istiqamətləndirmək, liderlik və rəhbərlik kimi keyfiyyətlərin formalaşmasında mühüm rol oynayıb. Artıq orta məktəb illərində o zəkası və analitik təfəkkürünə görə seçilir, rayonun bütün elmi və ictimai tədbirlərində yaxından iştirak edirdi. Valideynləri və müəllimləri də onun elmə, xüsusən də fundamental elmlərə olan bu marağını sezir, bacarıq və qabilliyyətlərini dəstəkləyirdilər. Qeyd edək ki, dərin ailə kökləri, milli mənəvi dəyərlərə olan münasibəti və böyüyüb boya başa çatdığı coğrafi bölgədən irəli gələn vətənə və millətinə bağlılıq duyğusu onun şəxsiyyət kimi formalaşmasında böyük rol oynayıb. Orta məktəbi bitirən kimi Bakı Dövlət Universitetinin, o zamanlar isə Azərbaycan Dövlət Universitetinın Fizika fakültəsinə daxil olur və 1980-cı ildə həmin fakültəni bitirir. O, 1981-1982-ci illərdə Azərelektroişıq İB-də mühəndis-texnoloq, 1982-1986-cı illərdə Azərbaycan SSR EA-nın Fizika İnstitutu nəzdindəki “Registr» Xüsusi konstruktortor bürosunda «Kompozit quruluşlar» laboratoriyasında mühəndis, böyük mühəndis vəzifələrində çalışıb. Əzmkarlığı və zəhmetkeşliyi və yüksək intellekti ilə seçilən Məhəmmədəli müəllim 1986-cı ildə həmin laboratoriyanın müdiri vəzifəsinə irəli çəkilib və 1992-ci ilə qədər ora rəhbərlik edib.1988-cu ildə 01.04.10-“yarımkeçiricilər və dielektriklər fizikası” ixtisası üzrə «Polimer-pyezoelektrik kompozisiyalar sistemində pyezoelektrik effektinin xüsusiyyətlərinin formalaşması» mövzusunda namizədlik dissertasiyası müdafiə edib. M Məhəmmədəli Ramazanov 1993-ci ildən 2004-cü ilə qədər Fizika İnstitutunda böyük elmi işçi, aparıcı elmi işçi, 2004-2005-ci illərdə isə akademik Tofiq İsmayılov adına Təbii Ehtiyatların Kosmik Tədqiqi İnstitutunun AMAKA İnzibati İdarə Heyətində direktorun birinci müavini vəzifələrində çalışıb. O, 2005-ci ildə təhsil aldığı doğma universitetə qayıdıb və tamamilə yeni bir istiqamət üzrə fəaliyyət göstərəcək elmi tədqiqat mərkəzinin –  “Nanoaraşdırmalar mərkəzi”nin rəhbəri təyin edilib. Qeyd edək ki, “Nanoaraşdırmalar mərkəzi” 2004-cü ildə Azərbaycan Respublikasının Prezidenti, cənab İlham Əliyevin Rumıniyaya rəsmi səfəri zamanı Bakı Dövlət Universiteti ilə Rumıniyanın bir neçə universitetləri arasında nanotexnologiya elmi innovatik istiqaməti üzrə əməkdaşlığa dair imzalanmış müqavilələr əsasında yaradılıb. Azərbaycanın elm və təhsil sferası üçün tamamilə yeni bir istiqamət hesab olunan bir sahədə elmi-tədqiqat işlərinin təşkili məqsədi ilə maddi-texniki bazanın formalaşdırılması, laboratoriya modelinin qurulması, tədqiqat prosesinin təşkili, idarə edilməsi və nəticələrinin proqnozlaşdırılması kimi aktual məsələlərin həllində şəxsi təşəbbüs nümayiş etdirən Məhəmmədəli müəllim bununla da Azərbaycanın elm və təhsil məkanında nanotexnologiya tendensiyasının yaradıcılarından birinə çevrilib. Təsadüfi deyildir ki, o, cəmi bir ildən sonra – 2006-cı ildə sözü gedən istiqamətdə təhsilin təşkili məqsədi ilə yaradılmış “Nanomaterialların kimyəvi fizikası» kafedrasının müdiri vəzifəsinə seçilib. Qeyd etmək lazımdır ki, Məhəmmədəli müəllim  həmçinin 2005-ci ildən BDU-nun Fizika Problemləri Elmi Tədqiqat İnstitutunda direktor müavini vəzifəsini icra edib. O, hər zaman öz üzərində çalışan proqressiv ideyalı novatordur. İşlədiyi bütün strukturlarda öz zəhmətkeşliyi, qətiyyəti, məqsədyönlüyü ilə seçilib. Məhz bu səbəbdən 2012-cu ildən etibarən ona BDU-nun Fizika fakültəsinin dekanı kimi olduqca məsuliyyətli bir vəzifə həvalə olunub. Elmi fəaliyyəti də olduqca zəngin və maraqlı olan Məhəmmədəli müəllim 2009-cu ildə 01.0b4.17-“kimyəvi fizika” və 01.04.07-“bərk cisimlər fizikası” ixtisasları üzrə «Aktiv polimer mikro- və nanokompozitlərin quruluş və xassələrinin formalaşmasında fazalararası hadisələrin rolu» mövzusunda doktorluq dissertasiyasını müdafiə edib. Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının 8 oktyabr 2010-cu il tarixli qərarı ilə ona fizika üzrə elmlər doktoru elmi dərəcəsi, 17 fevtal 2012-ci il qərarı ilə isə Kimyəvi fizika ixtisası üzrə professor elmi adı verilib.

Professor M.Ramazanov hələ Sovetlər birliyi dövründə əsasən tətbiqi xarakterli araşdırmalarla məşğul olub və hərbi sənaye kompleksi üçün keçmiş SSRİ Müdafiə Nazirliyinin sifarişi ilə müəyyən fundamental tədqiqat işləri yerinə yetirib. O yüksək effektivliyə malik aktiv kompozit strukturların alınması istiqamətində tətbiqi xarakterli tədqiqat işləri aparıb və böyük əhəmiyyətə malik elmi nəticələr alıb. Azərbaycan EA-nın Fizika İnstitutunun nəzdindəki XKB «Registrdə» işləyərkən dənizin dibinin relyefinin təyini və dənizdə üzən sualtı qayıqların yerinin müəyyən edilməsində istifadə edilən hidroakustik antennaların hazırlanmasında və tətbiqində birbaşa iştirak edib və həmin işlər o vaxt hərbi sənaye kompleksinin yüksək rütbəli mütəxəssisləri tərəfindən yüksək qiymətləndirilib. Eyni zamanda, professor M.Ramazanovun birbaşa iştirakı ilə müxtəlif təyinatlı çeviricilər işlənib və onlar uğurla tətbiq olunub. Pyezoelektrik mikrofonların Bakıda M.İ.Kalinin adına Cihazqayırma zavodunda kütləvi istehsalı təşkil olunub. Geniş tezlik, temperatur intervalı və rütubət şəraitində işləyən bu mikrofonlar müxtəlif sahələrdə öz tətbiqini tapıb. Professor M.Ramazanov arterial dalğaları qeyd edən tibbi təyinatlı cihaz yaradıb və bu cihaz nəbz dalğalarının spektrini yazaraq damarlarda baş verən bir sıra patoloji proseslər haqqında məlumat verir. Professor M.Ramazanov son 10 ildə dünya elminin prioritet istiqamətlərindən biri olan nanotexnologiya istiqamətində bir sıra maraqlı elmi-tədqiqat işləri aparıb. O Bakı Dövlət Universitetində nanotexnologiya istiqaməti üzrə, xüsusən də miniatür sensorlar sahəsində yeni nanokompozit strukturların alınması və texnikanın müxtəlif sahələrində tətbiqi yönündə ciddi elmi-tədqiqat işlərinin aparılmasına rəhbərlik edir. Professor M.Ramazanovun tədqiqat sahəsi bununla məhdudlaşmır, o, həm də canlı sistemlərdə nanohissəciklərin rolu, yaratdığı fəsadlar, həyat fəaliyyəti üçün təsir mexanizmi istiqamətində ciddi araşdırmalar aparır, şiş hüceyrələrinə dərman maddələrinin sağlam hüceyrələri zədələmədən daşınması istiqamətində, tibb sahəsində tədqiqatları həyata keçirir. Professor M.Ramazanovun tədqiqat işləri bir başa tətbiqə yönəlmiş, fundamental xarakterli işlərdir. Təsadüfü deyildir ki, bu gün o, Azərbaycan Respublikasının Müdafiə Sənayesi Nazirliyi ilə sıx əməkdaşlıq edir. O, müharibə şəraitində olan ölkəmizin təhlükəsizlik sisteminin yaxşılaşdırılması sahəsində müdafiə xarakterli tədqiqat işləri aparır və bu işlər mütəxəssislər tərəfindən yüksək qiymətləndirilir. Tanınmış alim tədqiqat apardığı sahənin, ölkəmizin təhsil sistemi üçün kifayət qədər yeni olduğunu, eyni zamanda, bu sahənin öyrənilməsinin vacibliyini nəzərə alaraq, kadr hazırlığı məsələsinin aktuallığını da gündəmə gətirib və bu istiqamətdə vacib işlər görüb. Gənc nəslin intelektual səviyyəsinin artırılması, onların gələcəkdə hərtərəfli və peşəkar mütəxəssislər kimi formalaşması prosesinin parta arxasından başladığını nəzərə alan M.Ramazanov dəfələrlə öz bilik və qabiliyyətləri ilə seçilən, isdedadlı məktəb şagirdlərinin dünya elm olimpiadalarına hazırlanmasında yaxından iştirak edib. Professorun rəhbərliyi ilə vətənimizi dünyanın dörd bir tərəfində keçirilən nüfuzlu beynəlxalq olimpiadalarda qururla təmsil edən gənc istedadlar, istər təqdim etdikləri elmi layihələrin çəkisinə, istərsə də hazırlıq səviyələrinə görə hər zaman fərqlənməyi bacarıb, öz bilik və bacarıqlarını nümayiş etdirərək yüksək nəticələr əldə edib və Azərbaycan bayrağının elm müstəvisində daha da zirvələrə ucalmasına nail olublar. Professor M.Ramazanovun bir alim, bir müəllim kimi fəaliyyəti təbii olaraq, ali təhsilin müxtəlif pillələri ilə bağlıdır. O, rəhbərlik etdiyi Fizika fakültəsinin təkcə idarəcilik məsələlərini öz üzərinə götürməmiş, eyni zamanda, Fizika fakültəsinin “Nanomaterialların kimyəvi fizikası» kafedrasının professorudur və tədris prosesində bilavasitə iştirak edir. Belə ki, alim BDU-da nanotexnologiya sahəsində bakalavr və magistrlər üçün «Nanoquruluşlu materialların kimyəvi fizikası», «Atom mikroskopiyasının əsasları», «Nanomaterialların alınması üsulları» və s. fənlərdən mühazirə və məşğələlər aparır, buraxılış, magistr və doktorluq dissertasiyalarına elmi rəhbərlik edir. Bununla yanaşı, nanotexnologiya istiqaməti üzrə magistr və doktorantura pilləsində avropa tədris normalarına cavab verən yeni ixtisasların açılması, dərslik və dərs vəsaitlərinin hazırlanması və s. məsələləri uğurla həll edir. Onun elmi rəhbərliyi və rəsmi opponentliyi ilə 14 doktorant öz dissertasiyasını uğurla müdafiə edib və fəlsəfə doktoru elmi dərəcəsi alıblar. O, hal-hazırda fəlsəfə doktoru üzrə 4, elmlər doktoru üzrə isə 5 doktorantın elmi rəhbəridir. Məhəmmədəli müəllim 547 elmi əsərin, 24 ixtiranın, 1 dərsliyin və 2 dərs vəsaitinin müəllifidir. “Perspektiv Nanokompozitlər: Növləri, xassələri və tətbiqləri» adlı monoqrafiya (Advanced Nanocomposites: Types, Properties, and Applications. Nova Publisher, Nyu York, 2013, 334 p.) ABŞ-ın Nyu-York şəhərindəki «Nova Publişer» nəşriyyatı tərəfindən çap edilmişdir. O, 2017-ci ildə Elsevier nəşriyyatı tərəfindən çap edilmiş “Antimicrobial Nanoarchitectonics» adlı monoqrafiyanın bir fəslinin həmmüəllifidir. Onun 230-dan artıq məqaləsi nüfuzlu xarici elmi jurnallarda, o cümlədən onlardan 112 məqalə Tomson Reyter Agentliyinin siyahısına daxil olan və yüksək İmpact Factora malik jurnallarda çap olunub. Professor M.Ramazanov 20-yə yaxın iri büdcəli qrant layihəsinin həmmüəllifidir. Qeyd etmək lazımdır ki, məhz bu qrantların büdcəsi hesabına BDU-da Azərbaycanda analoqu olmayan “Nanoaraşdırmalar» laboratoriyasının texniki bazası zənginləşdirilir, onlarla gənc tədqiqatçının yeni tədqiqat ideyaların formalaşması və elmi münasibətlərin qorunması məqsədi ilə müxtəlif dünya ölkələrinə qısa və uzun müddətli səfərləri təşkil olunur. Bütün bunlarla yanaşı, görkəmli alim “Trends in Nanotechnology & Material Science», «New Materials, Compounds and Applications», “Progress in Petrochemical Science», “Физическое образование в ВУЗах» beynəlxalq jurnallarının və “Bakı Universitetinin xəbərləri-News of Baku State University» jurnalının A-Fizika-riyaziyyat elmləri seriyasının redaksiya heyətinin üzvü, «Journal of Low Dimensional Systems» beynəlxalq jurnalının isə redaktor müavinidir. Elmi Tədqiqatların Əlaqələndirmə Şurası Fizika problemləri üzrə Elmi Şuranın, Azərbaycan Respublikasının Müdafiə Sənayesi Nazirliyinin Elmi-Texniki Şurasının üzvü, BDU-nun Fizika fakültəsinin və BDU-nun Fizika Problemləri İnstitutunun Elmi Şuralarının sədri və BDU-nun Fizika fakültəsində fəaliyyət göstərən D.01.012 dissertasiya şurasının sədr müavinidir.

Məhəmmədəli müəllim 2009-ci ildə, BDU-nun 90-illik yubileyi münasibətilə Azərbaycan Respublikası Təhsil Nazirliyinin kollegiyasının qərarı ilə “Fəxri fərmanla» təltif olunmuş, 2012-ci ildə «İlin alimi», 2013-cü ildə isə “İlin dekanı» seçilmiş, 2014-ci ildə BDU-nun Böyük Elmi Şurasının qərarı ilə 2013-cü ildə elmi işlərin yerinə yetirilməsinə görə rəhbərlik etdiyi «Nanomaterialların kimyəvi fizikası» kafedrası BDU üzrə “İlin kafedrası» adına layiq görülmüşdür. Professor M.Ə.Ramazanov «Nüvə texnologiyası sahəsində təhsilin və kadr hazırlığının təşkili» şəbəkəsinin (STAR-NET) Rəyasət Heyətinin, MDB-nin Nanotexnologiya üzrə İnnovasiya Mərkəzinin İdarə Heyətinin üzvüdür. Onun Azərbaycan elm və təhsili üçün xidmətləri yalnız universitet çərçivəsi ilə məhdudlaşmır, o daim təhsilimizin problemləri ilə maraqlanır, problemlərin dünya təcrübəsinə əsaslanan həlli yollarını araşdırır və harda olmağından asılı olmayaraq daim öz mövqeyini bildirir. Professor M.Ramazanov elmin ictimailəşdirilməsi və daha geniş dinləyici kütləsinə çatdırılması üçün respublika mətbuatında qəzet səhifələrində, televiziyalarda dəfələrlə elmi publisistik məruzələrlə çıxış edbr. Onun təhsil problemləri və onların həllinə dair yaradıcı ideyaları dövlət strukturları və xarici ekspertlər tərəfindən rəğbətlə qarşılanmaqdadır. M.Ramazanov, eyni zamanda, qayğıkeş ailə başçısıdır. Onun ailəsində Azərbaycan elminin gələcək simaları, istedadlı və fəxr ediləcək layiqli vətəndaşlar yetişir. Övladları bu gün dünyanın müxtəlif ölkələrində Azərbaycanımızı şərəflə təmsil etməkdədirlər. Böyük oğlu Əhməd Ramazanlı Türkiyədə Orta Doğu Texnik Universitetinin Makina mühəndisliyi fakultəsini bitirib və hal-hazırda Hacetteppe Universitetində magistr təhsili alır, həmin universitetdə kompüter mühəndisi kimi kvant mexaniki hesablamalarla məşğul olur. Kiçik oğlu İlqar Ramazanlı bakalavr təhsilini Türkiyədə Orta Doğu Texnik Universitetinin eyni zamanda iki fakultəsində - Komputer mühəndisi və Tətbiqi riyaziyyat fakültələrində alıb və hər iki fakültəni fərqlənmə diplomu ilə bitirib. Magistratura təhsilini İsveçrənin Lozanna şəhərində İsveçrə Federal Texnologiya İnstitutunun Tətbiqi Riyaziyyat fakultəsində alıb və fərqlənmə diplomu ilə bitirib. Hal-hazırda ABŞ-da Carneqie Melon Universitetində doktoranturada təhsil alır. Ağıllı komputerlərin nəzəriyyəsi ilə məşğul olur.

Soltan Hacıbəyovun hamı tərəfindən sevə-sevə dinlənilən “Karvan” simfonuk muğamı vardır. Sonralar həmin əsərə çəkilən kiliplərdə bir qayda olaraq dəvə karvanının səyahəti göstərilir. Fikrimizcə, bu əsər daha çox ömür karvanına həsr olunub. Hər bir karvanın getdiyi mənzilə itkisiz çata bilməsi onun sarvanının məharətindən asılıdır. Bizim hər birimiz öz ömür karvanımızın sarvanıyıq. Bu mənada qətiyyətlə demək olar ki, professor Məhəmmədəli Ramazanov öz ömür karvanını həyatın bütün fırtınalarından, təlatümlərindən məharətlə keçirib apara bilən bacarıqlı bir sarvandır. Özü də bütün bu uğurlar həyatın ona bəxş etdiyi hədiyyə olmayıb, müstəsna olaraq şəxsi əzmkarlığı, inadcıllığı və zəhmətkeşliyi hesabına əldə etdiyi nailiyyətlərdir.

31 oktyabr 2018-ci il tarixdə M.Ramazanovun 60 yaşı tamam olur. Bu münasibətlə Fizika fakültəsinin dekanlığı, fakültə əməkdaşları, dostları, tələbə yoldaşları onu ürəkdən təbrik edir, ona cansağlığı arzulayırlar. Əminik ki, professor M.Ramazanov hələ bundan sonra da Azərbaycanda elm və təhsilin daha yüksək səviyyələrə qaldırılması istiqamətində aparıcı rol oyanamaqda davam edəcək, yeni-yeni nailiyyətlərlə bizləri-onu qəlbən sevənləri və hər kiçik uğurunu şadyanaqlıqla qarşılayanları sevindirəcəkdir.

Tələbə yoldaşları adından:

Bakı Dövlət Universitetinin Fizika fakültəsinin dekan müavini Məhəmməd Məhərrəmov, Tətbiqi riyaziyyat və kibernetika fakültəsinin “İqtisadi kibernetika” kafedrasının müdiri Fərhad Mirzəyev, “Nano Araşdırmalar  Mərkəzi”nin müdir müavini Mustafa Muradov.

Xəbərlər

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"
18/12/2024

Pakistanlı alim BDU-da ustad dərsi keçib

Pakistanlı alim BDU-da ustad dərsi keçib
18/12/2024

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub
18/12/2024