BDU Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya ilə anlaşma memorandumu imzalayıb
Bakı Dövlət Universiteti (BDU) Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya ilə əməkdaşlıq haqqında anlaşma memorandumu imzalayıb.
Memorandumu BDU-nun rektoru Elçin Babayev, Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyanın İdarə Heyətinin sədri Elnur Səfərli imzalayıblar.
İmzalanma mərasimində çıxış edən BDU rektoru Elçin Babayev bildirib ki, Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya ölkəmizdə son illər yaradılan ən innovativ qurumlardandır: “Milli Observatoriya sorğu, monitorinq yolu ilə məlumatların toplanılması, təhlili, tədqiq olunması, qiymətləndirilməsi və ona uyğun fəaliyyətin qurulmasını həyata keçirir. Ali təhsil müəssisələrinin də fəaliyyətinin bu sistemlə qurulması effektiv nəticələr verə bilər. Əmək bazarının tələblərinin nəzərə alınması, məzunlarımızın yüksəkixtisaslı kadrlar kimi yetişməsi, müasir dövrün çağırışlarına uyğun ixtisasların yaradılması bizim üçün önəmlidir. Milli Observatoriya ilə birgə layihələr, elmi-tədqiqatlar aparıla, təcrübə mübadiləsi həyata keçirilə, ustad dərsləri təşkil oluna bilər. Təcrübə proqramları vasitəsi ilə tələbələrin iş mühitinə adaptasiya olunması və əmək bazarına inteqrasiyası ali təhsil müəssisələri üçün mühüm əhəmiyyət daşıyır. Bu baxımdan imzalanan anlaşma memorandumunun faydalı olacağına əminəm”.
Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyanın İdarə Heyətinin sədri Elnur Səfərli də BDU ilə əməkdaşlığın hər iki qurum üçün uğurlu olacağını bildirib. O qeyd edib ki, 104 illik tarixə malik olan BDU-nun elmi potensialından, Milli Observatoriyanın topladığı təcrübələrdən istifadə etməklə faydalı əməkdaşlıq qurmaq mümkündür: “Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) vətəndaşlara 159 adda xidmət göstərir, onlardan 140-ı artıq elektronlaşdırılıb. Milli Observatoriyanın Sorğu və Monitorinq Mərkəzində nazirliyin fəaliyyət istiqamətləri üzrə 12 minə yaxın respondentlə müxtəlif mövzularda sorğular keçirilib. Bu sorğuların keçirilməsində BDU tələbələri də aktiv iştirak edirlər. Həmin sorğuların təhlil olunmasına BDU alimləri də böyük fayda verə bilərlər”.
Qeyd edək ki, memorandum çərçivəsində BDU-nun elmi potensialından istifadə etməklə əmək bazarı, məşğulluq, sosial müdafiə və demoqrafiya məsələləri, ölkənin əmək bazarında sağlam korporativ münasibətlərin formalaşdırılması, qeyri-formal məşğulluğun mövcud vəziyyətinin qiymətləndirilməsi, onu yaradan səbəb və risklərin aradan qaldırılmasının elmi-nəzəri əsasları işlənib hazırlanacaq. BDU ilə Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyanın əmək bazarının və məşğulluğun cari və perspektiv vəziyyətinin qiymətləndirilməsi, strateji məşğulluq sahələrinin, onların gələcək inkişaf meyllərinin müəyyən edilməsi, perspektiv peşə və ixtisaslara, zəruri bacarıqlara və səriştələrə olan tələbatın proqnozlaşdırılması, habelə BDU-nun məzunlarının əmək bazarına adaptasiya vəziyyətinin təhlil edilməsi sahələri üzrə birgə tədqiqatlar, araşdırmalar, təhlillər və maarifləndirmə işləri aparması, təhsilalanların istehsalat təcrübəsinin təşkil edilməsi ilə əlaqədar birgə fəaliyyət göstərməsi nəzərdə tutulur.