Çin Təhsil Nazirliyinin Dil Təhsili və Əməkdaşlıq Mərkəzinin nümayəndə heyəti BDU-da
Çin Xalq Respublikasının Təhsil Nazirliyinin Dil Təhsili və Əməkdaşlıq Mərkəzinin baş direktorunun müavini Yu Tianqinin rəhbərlik etdiyi nümayəndə heyəti Bakı Dövlət Universitetində (BDU) olub.
Qonaqları salamlayan rektor Elçin Babayev hər iki ölkənin dövlət başçılarının məqsədyönlü siyasəti nəticəsində Azərbaycan və Çin arasında yüksək səviyyəli siyasi, iqtisadi əlaqələrin olduğunu qeyd edib. Çin və Azərbaycan qədim və müdrik Şərqin bir hissəsidir. Hər iki ölkə qədim iqtisadiyyat və mədəniyyət yolu olan Böyük İpək Yolunun üzərində yerləşir. BDU Çinin ali təhsil müəssisələri ilə sıx əməkdaşlıq edir. Ötən il dekabrın 8-də BDU, Çin Təhsil Nazirliyinin Dil Təhsili və Əməkdaşlıq Mərkəzi və Anhui Universiteti arasında “Beynəlxalq Çin dili təhsili” birgə bakalavr proqramı üzrə üçtərəfli müqavilə imzalanıb. Müqavilənin imzalanmasında əsas məqsəd Çin və Azərbaycan arasında təhsil mübadiləsini təşviq etmək, Anhui Universiteti və BDU-nun əməkdaşlığını daha da gücləndirmək və Anhui Universitetinin Çin dili və ədəbiyyatı üzrə üstünlüklərindən tam şəkildə yararlanmaq üçün BDU-da yerli Çin dili müəllimləri proqramını dəstəkləməkdir. Bundan əlavə, BDU Çinin Pekin Xarici Dillər Universiteti, Hefei Texnologiya Universiteti, Tongji Universiteti, Tianshui Normal Universiteti və s. universitetləri ilə ikitərəfli əməkdaşlıq müqavilələri imzalayıb. BDU-nun nəzdində Konfutsi İnstitutu Azərbaycanda Çin dilinin və mədəniyyətinin öyrənilməsində mühüm rol oynayır.
Rektor Elçin Babayev bu əlaqələri daha da inkişaf etdirmək üçün Çinin elm və təhsil müəssisələri ilə müxtəlif istiqamətlərdə birgə ortaq layihələr həyata keçirməyi təklif edib.
Çin Xalq Respublikasının Təhsil Nazirliyinin Dil Təhsili və Əməkdaşlıq Mərkəzinin baş direktorunun müavini Yu Tianqi isə qeyd edib ki, BDU beynəlxalq səviyyədə tanınan ali təhsil müəssisəsidir. Ona görə də o, Çin Təhsil Nazirliyinin Dil Təhsili və Əməkdaşlıq Mərkəzinin bu ölkənin ali məktəbləri ilə BDU arasında körpü yaratmaqda maraqlı olduğunu deyib, Mərkəzin həyata keçirdiyi layihələr barədə məlumat verib. Yu Tianqi dünyanın 150-dən artıq ölkəsində 500-dək Konfutsi İnstitutunun fəaliyyət göstərdiyini bildirib. O, BDU-nun nəzdində Konfutsi İnstitutunun Çin dilinin və mədəniyyətinin təbliğində əvəzsiz rol oynadığını diqqətə çatdırıb.
Daha sonra nümayəndə heyəti BDU-nun nəzdində Konfutsi İnstitutunun fəaliyyəti və kollektivi ilə tanış olub.
Görüşdə Konfutsi İnstitutunda Çin dilini öyrənən və “Beynəlxalq Çin dili təhsili” ixtisası üzrə ikili diplom proqramına əsasən Anhui Universitetində təhsil alacaq tələbələrin çıxışları dinlənilib.