Çinin Xefey şəhərində BDU-nun dəstəyi ilə Azərbaycanşünaslıq Mərkəzi fəaliyyətə başlayıb

01/11/2018

Çinin Xefey şəhərindəki nüfuzlu Anxoy Universitetində Bakı Dövlət Universitetinin dəstəyi ilə Azərbaycanşünaslıq Mərkəzi açılıb.

Mərkəzin açılış mərasimində çıxış edən Anxoy Universitetinin rektoru Kuan Quanli iki ölkənin humanitar sahədə əlaqələrindən danışaraq, rəhbərlik etdiyi Anxoy Universiteti ilə Bakı Dövlət Universitetinin faydalı əməkdaşlığından söz açıb, Bakıda Konfutsi İnstitutunun fəaliyyətinə göstərdiyi dəstəyə görə Azərbaycan tərəfinə təşəkkür edib. Deyib ki, iki ölkə arasında qədim tarixi olan dostluq münasibətləri müasir dövrümüzdə yeni müstəvidə inkişaf edir.

Bakı Dövlət Universitetinin rektoru, akademik Abel Məhərrəmov bildirib ki, Avropa və Asiyanın qovşağında, qədim İpək Yolu üzərində yerləşən Azərbaycanda tarixən mövcud olan bərabərlik, dözümlülük və sülh prinsipləri bu gün də Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Anxoy Universitetində Azərbaycanşünaslıq Mərkəzinin açılmasının əlamətdar hadisə olduğunu bildirən Abel Məhərrəmov bunun iki ali təhsil ocağının əməkdaşlığı sayəsində reallaşdığını deyib. Bildirib ki, xalqımızın zəngin mədəni irsinin, tolerantlıq, multikulturalizm dəyərlərinin təbliğində vacib rol oynayacaq Mərkəz Azərbaycanın tarixinə, siyasətinə, iqtisadiyyatına, mədəniyyətinə, dair tədqiqatların aparılmasına dəstək olacaq.

Akademik Abel Məhərrəmov bu il 90 yaşı tamam olan Anxoy Universitetini yubiley münasibətilə təbrik edib, Çinin bu nüfulzu ali təhsil ocağı ilə BDU arasında əməkdaşlığın hər iki tərəf üçün faydasından danışıb. Bildirib ki, 2011-ci ildə Bakı Dövlət Universiteti ilə Çin Xalq Respublikası Təhsil Nazirliyinin Xanban Baş İdarəsi və Anxoy Universiteti ilə birlikdə Bakıda Konfutsi İnstitutunun açılmasına dair imzalanmış müqavilə ilə qarşılıqlı əlaqələr üçün möhkəm təməl qoyulub. BDU-nun hər cür dəstək verdiyi Konfutsi İnstitutunun hazırda Azərbaycanın təhsil müəssisələrində və dövlət qurumlarında, o cümlədən Azərbaycan Dövlət İnformasiya Agentliyi – AZƏRTAC-da ümumilikdə 14 filialı fəaliyyət göstərir. İnstitutun əməkdaşları BDU şərqşünaslıq fakültəsində Çin dili və ədəbiyyatını tədris edir və yüksək ixtisaslı kadrların hazırlanmasında fəal iştirak edirlər. Ötən müddətdə BDU-nun nəzdində fəaliyyət göstərən Konfutsi İnstitutunun xətti ilə 150-ə yaxın bakalavr, magistr və doktorant Çinə təhsillərini davam etdirməyə, müxtəlif təlim proqramlarında iştirak etməyə göndərilib.

Akademik Abel Məhərrəmov Anxoy Universitetinin rəhbərliyini gələn il keçiriləcək Bakı Dövlət Universitetinin 100 illik yubiley tədbirlərinə dəvət edib.

Azərbaycan ilə Çin arasında bütün sahələrdə yaxşı əməkdaşlıq əlaqələrinin olduğunu bildirən ölkəmizin Çindəki səfiri Əkrəm Zeynallı bu münasibətlərin inkişafında yüksək səviyyəli səfərlərin əhəmiyyətindən danışıb. Qeyd edib ki, Azərbaycan Prezidenti İlham Əliyevin 2015-ci ildə Çinə dövlət səfərinin və səfər zamanı imzalanmış sənədlərin əlaqələrimizin genişlənməsində böyük rolu olub. Səfir Əkrəm Zeynallı dövlət başçıları İlham Əliyev və Si Cinpinin münasibətlərimizin inkişafına dair əldə etdikləri razılaşmaların uğurla icra edildiyini diqqətə çatdırıb. Anxoy Universitetində açılan Azərbaycanşünaslıq Mərkəzinin iki ölkənin humanitar sahədə uğurlu əməkdaşlığının bariz nümunəsi olduğunu bildirən Əkrəm Zeynallı mərkəzin Azərbaycanın Çində daha yaxından tanıdılması işinə böyük töhfələr verəcəyini deyib.

Sonra Bakı Dövlət Universiteti ilə Anxoy Universiteti arasında Azərbaycanşünaslıq Mərkəzinə dair müqavilə imzalanıb. Sənədi BDU-nun rektoru, akademik Abel Məhərrəmov və Anxoy Universitetinin rektoru Kuan Quanli imzalayıblar.

Sonra mərasim iştirakçıları Mərkəz ilə yaxından tanış olublar. Bakı Dövlət Universiteti Azərbaycanşünaslıq Mərkəzini lazımi avadanlıq, Azərbaycan dilinin və ədəbiyyatının tədrisinə, mədəniyyətinə, tarixinə dair çoxsaylı materiallarla təmin edib. Mərkəz müxtəlif formalarda birgə elmi tədqiqatların, mədəni mübadilənin təşkili, habelə Çindən Azərbaycana göndərilən tələbə və müəllimlər üçün əlaqələndirməni həyata keçirəcək.

Azərbaycan nümayəndə heyətinin Çinə səfəri çərçivəsində Bakı Dövlət Universiteti nəzdindəki Konfutsi İnstitutunun İdarə heyətinin iştirakı ilə institutun illik iş planı, birgə tədqiqat işləri və elmi işçilərin mübadiləsi istiqamətində müzakirələr aparılıb.

Bundan başqa, Anxoy Universitetində və Çin Təhsil Nazirliyinin Xanban Baş İdarəsində keçirilən görüşlərdə elm və təhsil sahəsində əməkdaşlığın dərinləşdirilməsinə, yeni birgə layihələrin icrasına, Bakıda Konfutsi İnstitutunun fəaliyyətinin genişləndirilməsinə dair fikir mübadiləsi aparılıb.

Mətbuat və informasiya şöbəsi, 1 noyabr 2018-ci il.

Xəbərlər

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"
18/12/2024

Pakistanlı alim BDU-da ustad dərsi keçib

Pakistanlı alim BDU-da ustad dərsi keçib
18/12/2024

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub
18/12/2024