Jurnalist adını qazanacaq tələbələr üçün təqaüd proqramı elan edilib

22/07/2020

Azərbaycan Milli Mətbuatının yaranmasının 145 illiyi münasibəti ilə “İrşad Electronics” jurnalistika sahəsinin daha da inkişaf etməsi və bu sahədə yüksəkixtisaslı mütəxəssislərin hazırlanması məqsədi ilə 2020/2021-ci tədris ilində tələbə adını qazanacaq abituriyentlər üçün təqaüd proqramı elan edib.

Korporativ sosial məsuliyyət çərçivəsində reallaşdırılan layihə Bakı Dövlət Universitetinin (BDU) Jurnalistika fakültəsi ilə birgə həyata keçiriləcək. Proqramın məqsədi yüksək potensiala malik tələbələrə dəstək olmaqdır.

2020/2021-ci tədris ili üçün keçiriləcək qəbul imtahanlarında BDU-ya jurnalistika ixtisası üzrə Azərbaycan, rus və ingilis dili bölmələrinə ən yüksək balla qəbul olunacaq 3 tələbə təqaüd proqramından faydalanacaq. İlk olaraq ən yüksək balla qəbul olan tələbələr, daha sonra semestr ərzində müvəffəqiyyət göstəriciləri yüksək olmuş tələbələrlə əvəz olunacaq.

“İrşad Electronics”in İdarə Heyətinin üzvü, Marketinq departamentinin rəhbəri Əli Bədəlov bildirib ki, Milli Mətbuatımızın yolu Həsən bəy Zərdabinin yaradıcısı olduğu “Əkinçi” qəzetindən başlayır: “Zərdabi ənənələrini bu gün də davam etdirən hər bir media mənsubunun peşə bayramını təbrik edirik. Bakı Dövlət Universitetində jurnalistika təhsilinin öz tarixi yeri və mövqeyi olduğundan, layihəni məhz bu universitetlə reallaşdırmaq qərarına gəldik. Son illərdə jurnalistika sahəsində təhsil alan tələbələrin inkişafı naminə burada atılan addımlar təqdirəlayiqdir. Bu baxımdan biz də dəstək olmaq və həmin tələbələrin gələcəkdə peşəkar kadr kimi yetişmələrində rolumuz olsun istədik”.

Öz növbəsində Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin dekanı Vüqar Zifəroğlu bildirib ki, dünyada informasiya müharibəsinin getdiyi  bir dövrdə məlumatların düzgün, vaxtında ötürülməsi, ölkəmizin xaricdə təbliğatının aparılmasında mediadan gözləntilər çoxdur: “Universitetimizdə bəhs etdiyimiz gözləntilərə cavab verəcək, peşəkar jurnalistlərin hazırlanmasına xüsusi diqqət yetirilir. Dövlətlə yanaşı, yerli müəssisələrin də göstərdiyi dəstək tərəfimizdən hər zaman xoş qarşılanır. “İrşad Electronics” rəhbərliyinin və əməkdaşlarının bu addımı təqdirəlayiqdir.”

Qeyd edək ki, təqaüd proqramından faydalanan tələbələr həmçinin “İrşad Electronics”də təcrübə proqramına da qoşula biləcəklər.

Xəbərlər

BDU-nun nəzdində İqtisadiyyat və Humanitar Kollecdə qış imtahan sessiyası keçirilir

BDU-nun nəzdində İqtisadiyyat və Humanitar Kollecdə qış imtahan sessiyası keçirilir
17/01/2025

BDU əməkdaşı Makedoniyanın Ss. Kiril və Methodius Universitetində apardığı tədqiqatların nəticələrini təqdim edib

BDU əməkdaşı Makedoniyanın Ss. Kiril və Methodius Universitetində apardığı tədqiqatların nəticələrini təqdim edib
17/01/2025

BDU-nun 537 tələbəsi COP29-da aktiv könüllü fəaliyyətinə görə təltif olunub

BDU-nun 537 tələbəsi COP29-da aktiv könüllü fəaliyyətinə görə təltif olunub
17/01/2025