Jurnalistika fakültəsində Cəlil Məmmədquluzadəyə həsr edilmiş dəyirmi masa keçirilib
BDU-nun Jurnalistika fakültəsində görkəmli demokrat yazıçı, dramaturq, publisist və ictimai xadim Cəlil Məmmədquluzadənin anadan olmasının 150 illiyinə həsr edilmiş dəyirmi masa keçirilib. Televiziya və radio jurnalistikası kafedrasının müdiri, professor Allahverdi Məmmədli tədbiri giriş sözü ilə açaraq bildirib ki, Prezident İlham Əliyevin “Cəlil Məmmədquluzadənin 150 illik yubileyinin qeyd edilməsi haqqında” 2019-cu il 17 yanvar tarixli Sərəncamının icrasına uyğun olaraq, Jurnalistika fakültəsində tədbirlərə start verilib. Vurğulanıb ki, Mirzə Cəlil dühasının məhsulu olan “Molla Nəsrəddin” jurnalı XX əsrin əvvəllərində ictimai fikrin, “Molla Nəsrəddin” ədəbi məktəbinin, satirik jurnalistikanın, bədii düşüncənin, satirik karikatura janrının formalaşmasında mühüm rol oynayıb.
Jurnalistika fakültəsinin dekanı, filologiya üzrə elmlər doktoru Vüqar Zifəroğlu, Jurnalistikanın nəzəriyyəsi və təcrübəsi kafedrasının müdiri, professor Cahangir Məmmədli, “Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı, “Xalq” qəzetinin baş redaktor müavini, Əməkdar jurnalist Tahir Aydınoğlu, professorlar - Alxan Məmmədov, Nəsir Əhmədli, dosentlər Məmmədismayıl Mehdiyev, Aygün Əzimova çıxışlarında görkəmli dramaturq və yazıçı, publisist Cəlil Məmmədquluzadənin Azərbaycanın dövlət müstəqilliyi, milli istiqlalı uğrunda mübarizənin ön cərgəsində duran ziyalılarımızdan biri olduğunu vurğulayıblar. Qeyd olunub ki, Azərbaycan ədəbiyyatında tənqidi-realist nəsrin və ilk satirik mətbu orqanın əsasının qoyulması, milli dramaturgiyamızda tragikomediyanın, ilk alleqorik mənzum dramın yaradılması və s. yeniliklər bu böyük sənətkarın adı ilə bağlıdır.
Dəyirmi masa geniş müzakirələrdən sonra başa çatıb.
Mətbuat və informasiya şöbəsi, 04 aprel 2019-cu il.