Jurnalistika fakültəsinin qazi məzunu tələbələrə döyüş yolundan danışdı
Bakı Dövlət Universitetində (BDU) Vətən müharibəsində yaralanmış qazilərimizi, onların göstərdikləri igidlik və şücaəti gənclərə tanıtmaq məqsədilə silsilə tədbirlər həyata keçirilir.
BDU-da “Vətən müharibəsi dövründə şəhid və olan tələbə və məzunlara diqqət və qayğı göstərilməsi ilə bağlı Tədbirlər Planı”na uyğun olaraq Jurnalistika fakültəsinin təşkilatçılığı ilə II Qarabağ müharibəsində yaralanmış əsgər qazi, fakültənin məzunu Daşqın Əziz ilə tələbələrin onlayn görüşü keçirilib.
Giriş sözü ilə çıxış edən fakültənin dekan müavini Samir Mirzəyev Şanlı ordumuzun sıralarında BDU-nun, eləcə də Jurnalistika fakültəsinin tələbə və məzunlarının iştirakından danışıb. Samir Mirzəyev Daşqın Əziz haqqında məlumat verib, onun 2012-2016-cı illərdə BDU-nun Jurnalistika fakültəsində təhsil almasından, döyüşlərdə göstərdiyi igidlik və şücaətindən bəhs edib. Daşqın Əzizin iştirak etdiyi döyüşlərdə göstərdiyi şücaətə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə “Şuşanın azad olunmasına görə”, “Döyüşdə fərqlənməyə görə” medalları ilə təltif edildiyini deyib.
Fakültənin dekanı Vüqar Əliyev Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə müzəffər Ordumuzun apardığı 44 günlük müharibənin uğurlu nəticələrindən və Bakı Dövlət Universitetində keçirilən Vətən müharibəsi iştirakçısı qazilərlə və şəhid ailələri ilə görüşlərin gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsindəki əhəmiyyətindən danışıb.
Daha sonra Vətən Müharibəsi qazisi Daşqın Əziz müharibənin ilk günlərindən ordu sıralarına qatıldığını, Füzuli rayonu və Şuşa istiqamətində gedən döyüşlərdə iştirak etdiyini bildirib, döyüş əməliyyatları və əsgərlərimizin qəhrəmanlıqları haqqında xatirələrini bölüşüb. Daşqın Əziz böyük qürur və fəxarət hissi ilə Daşaltı-Şuşa-Xankəndi yolu istiqamətində döyüşlərdən, Şuşa-Xankəndi yolunda gedən şiddətli döyüşlərdə güllə yarası almasından danışıb.
Sonda D.Əziz həm döyüş meydanında, həm də informasiya müharibəsində qələbə qazandığımızı qürurla qeyd edib, iştirakçıların çoxsaylı suallarını cavablandırıb.