Kimya fakültəsi Tələbə Elmi Cəmiyyətinin onlayn görüşü keçirilib
Bakı Dövlət Universitetində (BDU) Kimya fakültəsi Tələbə Elmi Cəmiyyətinin (TEC) birinci kurs tələbələri ilə onlayn görüşü keçirilib. Görüşdə Kimya fakültəsinin professor-müəllim heyəti və tələbələr iştirak ediblər.
Fakültə dekanı Abdulsəyid Əzizov çıxış edərək gələcəkdə tələbələrin yüksəkixtisaslı kimyaçı kadrlar kimi formalaşması məqsədilə TEC xətti ilə yerinə yetirilən elmi-tədqiqat işlərinin xüsusi önəm daşıdığını qeyd edib. Tələbələrin elmi dünya görüşünün, intellektual səviyyələrinin inkişaf etdirilməsi üçün elmi dərnəklərin, klubların fəsliyyətindən danışıb. TEC-in bu istiqamətdə fəaliyyətinin gücləndirməsinin vacibliyinə diqqət çəkib.
Kafedra müdirləri Teymur İlyaslı, İbrahim Məmmədov, Rasim Alosmanov, Eldar Əhmədov, Famil Çıraqov rəhbərlik etdikləri kafedraların elmi istiqamətləri və TEC xətti ilə aparılan elmi tədqiqat işləri haqda ətraflı məlumat veriblər. Karantin dövründə tələbələrin elmi tədqiqat işlərinə cəlb edilməsinin optimal imkanları müzakirə edilib. Birinci kurs tələbələrini elmi tədqiqat işlərinə cəlb etmək ücün, fakültədə fəaliyyət göstərən ETL-lə əməkdaşlıq, elmi-tədqiqiqat işləri ilə paralel olimpiadalarda iştirak etmək ücün onlayn məşğələlərin kecirilməsinin vacib olduğu vurğulanıb.
Görüşdə TEC-in yeni tərkibdə secilmiş idarə heyəti təqdim edilib, sədr Rahilə Əhmədova idarə heyətinin gələcək planlar haqqında ətraflı məlumat verib və göstərilən diqqətə görə minnətdarlığını bildirib.
Virtual görüşdə çıxış edən dekan müavinləri Fuad Kərimli, Taleh Qəhrəmanov tələbələrə onlayn və ya ənənəvi formatdan asılı olmayaraq, elm, təhsil üçün yaradılan şəraitdən maksimum faydalanmağı tövsiyə ediblər.
Microsoft Teams platforması üzərindən keçirilən görüş tələbələri maraqlandıran sualların cavablandırılması ilə yekunlaşıb.