Kimya fakültəsində “Qarabağ Azərbaycandır!” adlı onlayn tədbir keçirilib
Bakı Dövlət Universitetinin (BDU) Kimya fakültəsinin Tələbə Gənclər Təşkilatının (TGT) təşəbbüsü ilə Vətən müharibəsində qazanılmış tarixi Qələbəyə həsr olunmuş "Qarabağ Azərbaycandır!" adlı onlayn tədbir keçiirlib.
Tədbiri giriş sözü ilə açan fakültənin TGT sədr əvəzi Əli Qədirli müzəffər Azərbaycan ordusunun Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazandığı şanlı Qələbə münasibətilə tədbir iştirakçılarını təbrik edib, 44 günlük Vətən müharibəsində qazanılmış qalibiyyətdən danışıb. O, tarixi və əzəli torpaqlarımızın işğaldan azad olunmasının Azərbaycanın hərbi və siyasi qələbəsi olduğunu diqqətə çatdırıb.
Tədbirdə Tələbə Gənclər Təşkilatı üzvləri Zemfira Hüseynova "Azərbaycanın milli-mənəvi dəyərləri", Sevinc Həsənova "Şəhidlərimiz və qazilərimiz", Zeynəb Qədirova "Müharibə zamanı mülki əhaliyə dəymiş zərər" mövzularında çıxış ediblər.
Kimya fakültəsinin dekan müavinləri Taleh Qəhrəmanov, Fuad Kərimli, professorları Teymur İlyaslı, İbrahim Məmmədov, Namiq Şıxəliyev, Rasim Aliosmanovun Vətən müharibəsində qazandığımız parlaq qələbə, eləcə də diplomatiya və siyasətdə əldə edilən uğur, dövlət-xalq-ordu birliyi, həmrəylik haqqında məruzə ilə çıxış ediblər. Ermənistanın Azərbaycana qarşı uzun illər davam edən hərbi təxribatları, Vətən müharibəsində qazanılmış Qələbə və Qarabağın erməni işğalından azad olunması münasibətilə təbrik nitqləri səsləndirilib. Vətənimizin ərazi bütövlüyü uğrunda haqq savaşında həmrəy olan xalqımızın dövlət başçısının ətrafında yumruq kimi birləşərək həm döyüş meydanında, həm də informasiya müharibəsində düşmənə qalib gəldiyi vurğulanıb.
Tədbir Microsoft Teams platformasında üzərindən Kimya fakültəsinin professor-müəllim heyəti və tələbələrinin iştirakı ilə baş tutub.