“Konfliktlərdə və risklərdə davranma təcrübəsi” adlı təlim keçirilib
Jurnalistika fakültəsində “Dinc Dünya” Araşdırma Mərkəzinın təşəbbüsü ilə “Konfliktlərdə və risklərdə davranma təcrübəsi” adlı təlim keçirilib. Tədbirin moderatoru elmi işçi Samir Mirzəyev qonaqları salamlayaraq, görüşün keçirilmə məqsədindən söz açıb, müharibə vəziyyətində yaşadığımız bir dövrdə ekstremal jurnalistikanın inkişafı istiqamətində belə təlimlərin önəmindən danışıb.
Ekstremal vəziyyətlərdə medianın rolunu dəyərləndirən “Dinc Dünya” Araşdırma Mərkəzi İdarə Heyətinin sədri, “Konflikt jurnalistikası məktəbi”nin qurucusu Əlisəfa Mehdiyev ekstremal şəraitdə işləyən jurnalistlər üçün qanunvericilik aktlarının öyrənilməsi, ekstremal şəraitdə jurnalistlərin praktiki davranmaları ilə bağlı təcrüblərin keçirilməsi, jurnalistin psixoloji hazırlığı, konkret situasiyalarda davranış mexanizmləri, əldə edilmiş informasiyanın işlənməsi, beynəlxalaq təcrübələrdən də yararlanma kimi məqamlara aydınlıq gətirib. Bildirib ki, görüş çərçivəsində keçirilən təlim hərbi mövzuda yazan jurnalistlərin peşəkarlıqlarının artırılması, bu sahədə yazan jurnalistlərin yetişdirilməsi baxımından mühüm addımdır. Ə.Mehdiyev əlavə edib ki, konflikt təkcə döyüşün getdiyi yer yox, həm də dinc şəraitdə də yaranan konfliktlərə şamil olunur və bu istiqamətdə də dərslər keçiriləcək.
Tədbirdə çıxış edən “Konflikt jurnalistikası məktəbi”nin layihə rəhbərinin köməkçisi, hərbi jurnalist Teymur Zahidoğlu, fotojurnalist Vüqar İbadov hərbi sahədən yazan jurnalistlərin təcrübələrinin artırılması baxımından təlimin əhəmiyyətini xüsusi vurğulayıblar.
Sonda çıxış edən fakültənin dekanı, filologiya üzrə elmlər doktoru Vüqar Zifəroğlu bildirib ki, tələbə-jurnalistlərin bu cür təlimlərə cəlb edilməsi cəbhə bölgəsində baş verənlər haqqında yalan, dəqiqləşdirilməmiş məlumatların cəmiyyətə çatdırılmasının qarşısını almağa xidmət göstərir.
Mətbuat və informasiya şöbəsi, 20 dekabr 2018-ci il.