İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Kəlbəcər və Laçın rayonlarında olublar

17/08/2021

Avqustun 16-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Kəlbəcər və Laçın rayonlarında olublar.
Dövlətimizin başçısı və birinci xanım Toğanalı-Kəlbəcər avtomobil yolu üzərində Murovdağda inşa olunacaq tunelin təməlini qoyub, Kəlbəcər Kiçik Su Elektrik Yarımstansiyasında görülən işlərlə tanış olublar. Daha sonra 110/35/10 kilovoltluq “Kəlbəcər” yarımstansiyasının açılışını ediblər.
Səfər çərçivəsində dövlətimizin başçısı Kəlbəcər-Laçın avtomobil yolu üzərində inşa olunacaq tunelin və Laçın Beynəlxalq Hava Limanının təməlini qoyub.
Daha sonra Prezident İlham Əliyev Kəlbəcər şəhərində dövlət bayrağını ucaldıb və burada çıxış edib.
Sonra Prezident İlham Əliyev Kəlbəcər şəhərindəki N saylı hərbi hissədə yaradılan şəraitlə tanış olub. Kəlbəcərə səfəri zamanı dövlətimizin başçısı “İstisu” sanatoriyasında da olub, Kəlbəcər-Laçın rayonunun Minkənd yolunun çəkilməsi işlərinə baxıb.

https://president.az/articles

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ömər aşırımından Kəlbəcərin füsunkar mənzərəsini seyr etdilər.

Prezident İlham Əliyev: Yolumuz Kəlbəcərədir, işğaldan azad edilmiş Kəlbəcərə. Ömər aşırımından keçərək Kəlbəcərə gedirik. Bu yol son bir neçə ay ərzində genişləndirildi. Çünki bu yol demək olar ki, keçilməz idi. İndi yol boyunca tunellər tikilir. Tunellər tikiləndən sonra gediş-gəliş çox rahat olacaq. Amma hələlik biz bu yoldan istifadə edirik və bu gözəl mənzərələr də göz oxşayır. Kəlbəcərin mənzərələri indi daha da gözəldir. İndi yolumuza davam edirik. Bu aşırımın hündür hissəsində dayanaraq bir daha Azərbaycan xalqını tarixi Zəfər münasibətilə təbrik etmək istəyirəm.

Müharibədən sonra Kəlbəcərə ilk səfərimdir. Bir neçə tədbir nəzərdə tutulur. Kəlbəcərin bərpası, yenidən qurulması prosesinə start veriləcəkdir.

Qarabağ və Şərqi Zəngəzur Azərbaycandır!

X X X

Kəlbəcərə gedərkən avtomobildən çəkilən videogörüntüdə Prezident İlham Əliyev deyir: Mehriban xanım Kəlbəcərin gözəl mənzərəsini çəkir və yol boyunca Azərbaycanın gözəl təbiətini seyr edirik. Əminəm ki, bu, kadrlara baxanlar üçün də çox maraqlı olacaq. Artıq Kəlbəcərin meşələri də göründü. Bildiyimiz kimi, Kəlbəcərin çox füsunkar təbiəti var – dağlar, dərələr, meşələr.

Baxın bu dağıntılara. Ermənilər Kəlbəcəri tərk edərkən buraları dağıdıblar. Bütün binaları, su elektrik stansiyalarını, hamısını dağıdıblar. Bu dağıntılar erməni vəhşiliyinin növbəti təzahürüdür.

Ermənilər tərəfindən dağıdılmış evlər. Bura Zallar kəndinin ərazisidir.

X X X

Dövlətimizin başçısı və birinci xanım Toğanalı-Kəlbəcər avtomobil yolu üzərində Murovdağında inşa olunacaq 11.6 kilometrlik tunelin təməlinin qoyulması mərasimində iştirak etdi.

Göygöl və Kəlbəcər rayonlarını birləşdirən avtomobil yolunun layihə uzunluğu 81 kilometr təşkil edir. Dövlət başçısının tapşırığına əsasən avtomobil yolu Qarabağın inkişaf planı nəzərə alınmaqla 2-4 hərəkət zolaqlı olmaqla 1-ci və 2-ci texniki dərəcəyə uyğun olaraq inşa edilir. Layihənin 16-cı kilometrlik hissəsindən Murovdağ silsiləsi başlanır və yüksəklik 1900 metrdən Murovdağ zirvəsinədək 3260 metrə qədər artır. Ərazinin çətin relyefi və təhlükəsizlik məsələləri nəzərə alınaraq Murovdağ silsiləsinin altından 11.6 kilometrlik tunelin tikintisi məqsədəuyğun hesab edilib.

Dövlətimizin başçısı tunelin təməlini qoydu.

X X X

Prezident İlham Əliyev dedi: Durduğumuz yol ermənilər tərəfindən çəkilmiş Basarkeçər-Kəlbəcər yoludur. Onlar Ermənistanı Qarabağla birləşdirmək üçün ikinci yol çəkdilər. Laçın dəhlizindən əlavə. Beləliklə, Kəlbəcəri və digər əraziləri məskunlaşdırmaq və özlərinin gediş-gəlişini daha rahat etmək üçün bu yolu çəkdilər. Bu yol birbaşa Basarkeçər rayonuna gedir. Basarkeçər rayonuna Ermənistanda “Vardenis rayonu” deyilir. Ancaq bu rayonun, bölgənin əsl adı Basarkeçərdir, Göyçə mahalıdır, qədim Azərbaycan torpağıdır. 1930-cu ildə Basarkeçər rayonu Ermənistan ərazisində yaradılıb. Orada yaşayanların da mütləq əksəriyyəti azərbaycanlılar olmuşdur. O cümlədən Zod kəndinin sakinləri də azərbaycanlılar idi, deportasiyaya məruz qalmışlar. Yalnız 1969-cu ilin iyun ayında Ermənistan Basarkeçər rayonunu, onun adını dəyişdirərək ona “Vardenis” adı qoymuşdur. Xahiş edirəm ki, Azərbaycanda bu bölgə ilə bağlı reportajlar hazırlayan və ümumiyyətlə, bizim ümumi leksikonumuzda “Vardenis” yox, Basarkeçər adı bərpa edilsin. İndiki Ermənistan ərazisində yerləşən bütün digər qədim Azərbaycan yaşayış məntəqələri əsl adları ilə də çağırılmalıdır. Misal üçün, Naxçıvan-Ermənistan sərhədində mövcud olan gərginliklə bağlı mən indi mətbuatı izləyirəm. Bizim mətbuatda yazılıb ki, Ermənistanın “Yerasx” kəndində, onun ətrafında hansı hadisələr baş verir. Bu kəndin adı Arazdəyəndir və azərbaycanlılar deportasiyaya qədər orada əbədi yaşayıblar. Ona görə bütün qədim, yəni tarixi adlar bərpa edilməlidir. Bu adlar bizdə müxtəlif kitablarda da öz əksini tapıb. Ona görə xahiş edirəm ki, həm jurnalistlər, həm ümumiyyətlə, insanlarımız bu yerlərin əsl adlarını çəksinlər - Vardenis yox, Basarkeçər rayonu, Basarkeçər şəhəri.

Biz indi bu yoldan istifadə edirik. Ermənilər üçüncü yolu da çəkmək istəyirdilər - Cəbrayıla gedən yol. Bu haqda müharibə zamanı dəfələrlə öz fikirlərimi bildirmişdim və beləliklə, Ermənistanı Şərqi Zəngəzurla və Qarabağla üç yolla birləşdirmək istəyirdilər. Bunun yeganə məqsədi qanunsuz məskunlaşma siyasəti aparmaqdı və bu da hərbi cinayət sayılır. Əfsuslar olsun ki, bu məsələ ilə məşğul olan beynəlxalq qurumlar, ilk növbədə, ATƏT-in Minsk qrupu buna laqeyd yanaşmışdır, Ermənistana heç bir irad tutmamışdır, onları bu işlərdən çəkindirməyə cəhd etməmişdir, sadəcə olaraq, müşahidəçi kimi bunu müşahidə edirdi. Onlar, hətta bu yolda da olublar, onu da görüblər və Cəbrayıl rayonunda nəzərdə tutulmuş yolun inşasına da etiraz bildirməmişdilər. O vaxt bu yol çəkiləndə biz etirazımızı bildirmişdik. Biz səsimizi qaldırmışdıq, biz demişdik ki, buna yol vermək olmaz, Azərbaycan ərazisində qanunsuz işlər aparıla bilməz. Ancaq bizi eşidən yox idi. Amma bu gün mən gəlmişəm, həmin yolun üstündə durmuşam və biz bu yolda bundan sonra əbədi qalacağıq, bu bölgədə əbədi yaşayacağıq.

Bu da gözəl Kəlbəcər dağları, hər tərəf dağ, çay, meşə, cənnətməkan. Cənnətə də çevriləcəkdir.

X X X

Prezident İlham Əliyev: Qamışlı kəndi. Burada bizim enerji infrastrukturumuz yaradılıb və bu yüksəkgərginlikli xətlər bu yaxınlarda çəkilib.

Bu asfalt yolu da ermənilər Basarkeçərdən çəkiblər. Kəlbəcərə getmək üçün Laçın dəhlizinə alternativ bir yol çəkmişdilər. Görün, gözəl də yoldur. İndi biz bu yoldan istifadə edirik. Bu yol çəkiləndə Azərbaycan tərəfi buna ciddi etiraz etmişdir. Deyirdik ki, buna yol vermək olmaz. Bu, ermənilərin məskunlaşma siyasətinin bir hissəsidir. Ancaq bizi eşidən olmadı. Nəticədə biz gəldik, bayrağımızı qaldırdıq. Düşməni torpağımızdan qovduq və indi bu yoldan istifadə edirik. Ermənilər isə bu yoldan məhrum oldular. Ona görə bu yolu da hərbi qənimət saymaq olar. Onlar üçüncü yolu da Cəbrayıldan salmaq istəyirdilər. O da yarımçıq qaldı. Onların arzuları gözlərində qaldı.

Bizim evlər - azərbaycanlıların ermənilər tərəfindən dağıdılmış evləri. Ermənilər 30 il ərzində bizim torpaqlarımızı ancaq istismar edirdi, təbii sərvətləri talayırdı, evləri dağıdırdı, sökürdü. Sonra da deyirdi ki, bura erməni torpağıdır. Bura heç vaxt erməni torpağı olmayıb və bundan sonra heç vaxt olmayacaq. Bu, Azərbaycan torpağıdır. Biz azərbaycanlılar - bu torpaqların sahibləri qayıtmışıq. Düşməni torpağımızdan qovaraq, düşmən ordusunu məhv edərək, qəhrəmanlıq, fədakarlıq göstərərək qayıtmışıq.

Biz indi “Kəlbəcər-1” Su Elektrik Stansiyasının yerinə gəlmişik.

X X X

Sonra Prezident İlham Əliyev Kəlbəcər Kiçik Su Elektrik Stansiyasında görülən işlərlə tanış oldu.

Hazırda Kəlbəcər rayonunun ərazisində Lev çayı üzərində 4,4 MVt gücündə “Kəlbəcər-1” Kiçik Su Elektrik Stansiyası tamamilə yenidən qurulur, stansiyanın maşın zalı, aqreqatı, generatoru, idarəetmə panelləri, transformatorları yenilənir. Suyu hidroaqreqata ötürən dağıdılmış plastik su borusu 1,3 kilometr məsafədə diametri 1,8 metr olan metal borularla əvəz edilir. Stansiyanın maşın zalı və 110/6 kilovoltluq yarımstansiyasında isə işlər tamamlanıb. Beləliklə, ermənilər tərəfindən dağıdılaraq yandırılan “Kəlbəcər-1” Kiçik Su Elektrik Stansiyası tam yenidən tikilir və işlərin qarşıdan gələn aylarda başa çatdırılması planlaşdırılır.

Prezident İlham Əliyev: Lev çayı bizim gözəl çaylarımızdan biridir. Uzunluğu o qədər də böyük deyil – təxminən 20 kilometrə yaxındır. Ancaq mənbəyi Azərbaycandadır və bu gündən elektrik enerjisi istehsalına xidmət edəcək.

X X X

Prezident İlham Əliyev: Bura da “Kəlbəcər” yarımstansiyasıdır. Qısa müddətdə - cəmi altı ay ərzində inşa edilib və Kəlbəcəri elektrik enerjisi ilə təmin edəcək.

X X X

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva 110/35/10 kV-luq “Kəlbəcər” yarımstansiyasının açılışında iştirak etdilər.

Dövlətimizin başçısı işğaldan azad edilmiş ərazilərin ən qısa vaxtda Azərbaycanın ümumi enerji sisteminə qoşulması, bu ərazilərin dayanıqlı və fasiləsiz elektrik enerjisi ilə təchiz edilməsi məsələsinə xüsusi diqqətlə yanaşır. Bunun nəticəsidir ki, bu istiqamətdə işğaldan azad edilmiş bütün yaşayış məntəqələrində, o cümlədən Kəlbəcər rayonunda genişmiqyaslı işlər həyata keçirilib. 110/35/10 kV-luq “Kəlbəcər” yarımstansiyasının qısa müddətə inşası həyata keçirilən layihələrdən biridir.

Kəlbəcər rayonunun Qamışlı kəndi ərazisində müasir avadanlıqlarla təchiz olunaraq inşa edilən yeni yarımstansiyada 80 MVA gücündə yeni transformatorlar quraşdırılıb. Yarımstansiyada 110 kilovoltluq açıq, 35 və 10 kilovoltluq qapalı paylayıcı qurğular yaradılıb. “Kəlbəcər” yarımstansiyası məsafədən idarəolunan SCADA Dispetçer İdarəetmə sisteminə qoşulub və bunun üçün yeni idarəetmə binası tikilib. Burada ən yeni rəqəmsal texnologiyalardan istifadə edilib.

Dövlətimizin başçısı yarımstansiyanı işə saldı.

Qeyd edək ki, ermənilər tərəfindən enerji sistemi tamamilə dağıdılan Kəlbəcər rayonuna Daşkəsəndən 70 kilometr məsafədə 110 kV-luq yüksəkgərginlikli ikidövrəli elektrikötürmə xətti çəkilib. Murov dağını aşmaqla çəkilən xəttin bəzi anker dayaqları dəniz səviyyəsindən 3400 metr yüksəklikdə quraşdırılıb.

X X X

Sonra Lev çayının sahilində çay süfrəsi arxasında söhbət edən Prezident İlham Əliyev dedi:

-Kəlbəcər rayon yarımstansiyasının açılışını etdik. Çox əlamətdar hadisədir. Kəlbəcər rayonunun elektrik enerjisi ilə təchizatı üçün bunun çox böyük əhəmiyyəti var və deyə bilərəm ki, cəmi altı ay ərzində bu yarımstansiya ərsəyə gəldi. Özü də çox çətin bir hava şəraitində, çətin relyefdən, dağlardan keçərək, bu önəmli infrastruktur obyektini istifadəyə verdik. Yeni dirəkləri də görürsünüz. Dirəklərin ən hündür olan yeri 3400 metrdir. Doğrudan da böyük peşəkarlıq və məharət tələb edən layihədir və onu göstərir ki, bizim daxili resurslarımız o qədər güclüdür ki, biz qısa müddət ərzində bu işləri görə bilərik. Beləliklə, bu yarımstansiya Kəlbəcər rayonunu elektrik enerjisi ilə təchiz edəcək. Bu tədbirə qədər Lev çayı üzərində su elektrik stansiyasının tikintisi ilə tanış oldum. Orada generasiya gücü 4,4 meqavatdır. Biz artıq Güləbird Su Elektrik Stansiyasını işə saldıq, orada 8 meqavatdır, o, Laçın rayonundadır. Suqovşan Su Elektrik Stansiyası da təmir olundu, yenidən quruldu, orada da 7,8 meqavatdır. Yəni, görün, biz artıq 20 meqavatdan çox elektrik enerjisini alternativ mənbələrdən hasil etməyə başlayırıq və bu hələ başlanğıcdır. Ermənilər bu bölgələri tərk edərkən bütün su elektrik stansiyalarını məhv etdilər, dağıtdılar. Biz onları bərpa edəcəyik. Güləbird, indi isə Lev çayı üzərində və digər su elektrik stansiyaları və onların sayını tədricən təxminən 20-yə çatdıracağıq, bəlkə də 30-a çatdıracağıq, amma tədricən. Beləliklə, bizim enerji potensialımız da güclənəcək. Qarabağ və Şərqi Zəngəzur “yaşıl enerji” zonası kimi yaşayacaq və bizim bütün planlarımız yerinə yetiriləcək. Cəmi 7-8 ay ərzində bu qədər işin görülməsi bizim gücümüzü göstərir, əzmkarlığımızı göstərir, güclü siyasi iradəni göstərir.

Bu gün biz Lev çayının kənarında çay içəcəyik armudu stəkanda. Bu, onu bir daha göstərir ki, nə qədər ermənilər çalışsalar da bizim xalqımızın iradəsini qıra bilmədilər. Biz buraya qayıtmalı idik və qayıtdıq. Onlar buradan getməli idilər və getdilər. Tarixi ədalət bərpa olundu və biz ölkəmizin bəlkə də ən gözəl rayonlarından biri olan Kəlbəcərə nəinki qayıtmışıq, Kəlbəcərin inkişafı ilə bağlı artıq planlarımızı reallaşdırırıq. Bundan sonra da tədbirlər olacaq. Hələlik isə çayımızı içək və təbiətdən zövq alaq. Yaşasın Azərbaycan!

X X X

Prezident İlham Əliyevin sərəncamına əsasən tikilən Kəlbəcər-Laçın avtomobil yolunun uzunluğu 72,8 kilometrdir. Birinci və ikinci texniki dərəcəyə uyğun tikiləcək yolun hərəkət hissəsinin eni 9-16 metr olacaq. İki və dörd hərəkət zolaqlı olacaq yol üzərində altkeçidlər və körpü inşa olunacaq. Yol üzərində 3 tunelin tikintisi aparılacaq. Tunellərin ümumi uzunluğu 9450 metr olacaq.

Prezident İlham Əliyev Kəlbəcər-Laçın avtomobil yolu üzərində tikiləcək 3.4 kilometr uzunluğundakı tunelin təməlini qoydu.

Dövlətimizin başçısı dedi: Bu gün ikinci tunelin təməli qoyuldu. Kəlbəcər-Laçın avtomobil yolunda tunel tikiləcək və beləliklə, ikinci tunelin bir müddətdən sonra istifadəyə verilməsi gediş-gəlişi daha da rahat edəcək. Bütün bu bölgənin, Şərqi Zəngəzurun hərtərəfli inkişafı üçün avtomobil yolları xüsusi əhəmiyyət daşıyır. Azad edilmiş torpaqların investisiya proqramı tutulanda mənim göstərişimlə məhz tunellər də bu layihələrə salınmışdır, o cümlədən Şuşaya gedən yolda və burada tunellər çəkilməkdədir. Tunelin tikintisi həm çətindir, xüsusilə belə ağır dağlıq relyefdə, eyni zamanda, çox böyük xərclər tələb edir. Ancaq biz bunu edirik və edəcəyik. Çünki bu, bölgənin, Şərqi Zəngəzurun inkişafına lazımdır. İnsanlar buraya qayıdandan sonra artıq Azərbaycanın digər bölgələri ilə çox rahat əlaqəyə malik olacaqlar. Həm Kəlbəcər və Laçın rayonları arasında əlaqələr möhkəmlənəcək, - Laçın rayonunda aeroportun tikintisi nəzərdə tutulur, - eyni zamanda, Kəlbəcər-Göygöl-Gəncə istiqamətində gediş-gəliş daha da rahat olacaq. Cəmi 8-9 ay ərzində görülmüş işlər onu bir daha göstərir ki, bizim çox güclü iradəmiz var, siyasi qərarlar verildi, bütün güclər, texniki imkanlar səfərbər olundu, maliyyə vəsaiti təmin edildi, Azərbaycanda, o cümlədən inşaat sahəsində kadr potensialı formalaşdı və hərtərəfli işlər gedir - elektrik xətləri, su elektrik stansiyaları, yarımstansiyalar, tunellər, körpülər, hava limanları, sosial obyektlər və bütün digər məsələlər. Bax, bu tunelin şəkli də burada göstərilir, çox rahat və təhlükəsiz bir yol olacaq.

Qarabağ Azərbaycandır!

X X X

Prezident İlham Əliyev: İndi biz Laçın rayonuna gedirik. Sonra Kəlbəcər şəhərinə gedəcəyik. Yolumuz Laçın rayonunadır. Hava limanının təməlini qoyacağıq.

Birinci xanım Mehriban Əliyeva: Bu yol təzə yoldur? Yoxsa olub bu yol?

Prezident İlham Əliyev: Yox, bu, olub. Kəlbəcər-Laçın yolu da təbii ki, ən yüksək səviyyədə yenidən qurulacaq. İndicə təməlini qoyduğum hər iki tunel bu yolu daha da rahat edəcək. Bu da sovet vaxtında inşa edilmiş məşhur tuneldir. Burada göstərilir - inşası 1958-ci ildə başlamışdır, uzunluğu cəmi 200 metrdir. Bizim inşa edəcəyimiz tunellər isə 11 kilometr, 5 kilometrdir. Bax, bu gün Azərbaycan buna qadirdir. Bu isə köhnədən qalan Kəlbəcərlə Laçını birləşdirən yeganə yoldur. Artıq tunel işıqlandırılıb. Ermənilər Kəlbəcər və Laçını tərk edərkən bu tuneli partlatmaq istədilər. Görün, bu adamlar nə qədər məkrli hisslərlə yaşamışlar. Baxın bu hissəyə, buranı partlatmaq istədilər, amma alınmadı. Qaça-qaç idi, tələsirdilər.

Azərbaycanın gözəl mənzərələri. Kəlbəcər və Laçın rayonları təbiət nöqteyi-nəzərdən ən gözəl rayonlardandır. Ermənilər təbiətimizə nə qədər ziyan vursalar da, onu tam məhv edə bilmədilər.

X X X

Qeyd edək ki, Laçın rayonun Qorçu kəndinin ərazisində inşa ediləcək hava limanı bir neçə mühüm amili özündə ehtiva edir. İlk növbədə, şübhəsiz ki, burada aeroportun tikilməsi ümumilikdə bölgənin sosial-iqtisadi inkişafına təkan verəcək, turizm potensialının artırılmasına səbəb olacaq. Laçın Hava Limanın inşası həm də işğaldan azad edilmiş tarixi torpaqlarımızda aparılan abadlıq-quruculuq işlərinin miqyasını göstərir. Olduqca mühüm strateji əhəmiyyətə malik olan Laçın aeroportu logistik mərkəzlərin yaradılmasına da töhfə verəcək. Laçın hava limanı Azərbaycanın dəniz səviyyəsindən ən hündürdə yerləşən aeroportu olacaq. Uçuş-enmə zolağının uzunluğu 3 kilometr olacaq hava limanında 6 təyyarə dayanacağının inşası nəzərdə tutulur. Bu hava limanı Kəlbəcər rayonu ərazisinə hava nəqliyyatı ilə gediş-gəlişi asanlaşdıracaq.

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Laçın Beynəlxalq Hava Limanının təməlini qoydular.

Tədbirdə çıxış edən Prezident İlham Əliyev dedi:

-Bu gün azad edilmiş torpaqlarda böyük infrastruktur obyektinin təməli qoyulur. Laçın rayonunda beynəlxalq hava limanının tikintisinə start verilir. Bu hava limanının tikintisi mənim tərəfimdən bir müddət əvvəl elan edilmişdir. Demişdim ki, azad edilmiş torpaqlarda üç beynəlxalq hava limanı tikiləcək. Artıq Füzulidə və Zəngilanda bu işlərə start verildi. Füzuli Beynəlxalq Hava Limanı bu ilin sonuna, ya da gələn ilin əvvəlinə istismara tam hazır olacaq.

Zəngilanda da işlərə start verildi, mən şəxsən Zəngilan Beynəlxalq Hava Limanının təməlini qoydum. Zəngilan Hava Limanının istifadəyə verilməsi tarixi yəqin ki, 2022-ci il olacaq. Kəlbəcər və Laçın rayonlarında, - mən müharibə başa çatandan sonra elan etmişdim, - yer axtarılacaq və beynəlxalq hava limanları tikiləcək. Yerin axtarışı, əlbəttə ki, çox vaxt apardı. Çünki Kəlbəcər və Laçın rayonlarının relyefi elədir ki, burada düzən yer tapmaq mümkün deyil. Baxmayaraq ki, hər iki rayonun çox geniş ərazisi var, - dağlar, meşələr, dərələr, təpələr, - düz yol, düz yer demək olar ki, yoxdur. Yeganə bu yer seçildi ki, burada yenə də böyük torpaq işləri aparmaqla hava limanının tikilməsi mümkündür. Hava limanının zolağı bax, arxamdakı yerdə olacaq, indi bunu təsəvvür etmək belə çətindir. Mən hesab edirəm ki, dünya tarixində belə relyefdə bəlkə də ilk dəfə hava limanı tikilir. Çünki bütün hava limanları adətən düzən ərazidə inşa edilmişdir. Burada belə yer olmadığı üçün yeganə yer bura - Laçın rayonunun Ovçu kəndi seçilib. Bu yerin üstünlüyü, eyni zamanda, ondadır ki, Laçın şəhərinə məsafə 30 kilometrdən bir qədər çox, Kəlbəcər şəhərinə məsafə isə 60 kilometrdən bir qədər çoxdur. Eyni zamanda, Şuşa şəhərinə məsafə də 70 kilometrə yaxındır. Yəni, gələcəkdə Şuşaya təyyarə ilə getmək üçün həm Füzuli, həm də Laçın hava limanlarından istifadə etmək mümkün olacaq. Dediyim kimi, burada böyük torpaq işləri aparılacaq. Bəzi bəzi boşluqlar doldurulacaq. Yəni, torpaq işləri vaxtımızı aparan əsas işlər olacaqdır.

O ki qaldı, uçuş-enmə zolağına, o da standart ölçüdə olmalıdır. Yeni inşa edilən və ediləcək hər üç hava limanında uçuş-enmə zolağı üç kilometrə bərabərdir. Yəni, bütün növ təyyarələr, o cümlədən ən ağır yük təyyarələri də bu hava limanlarına enə biləcək.

Beləliklə, azad edilmiş bölgələrin - Şərqi Zəngəzurun, Qarabağın bərpası, insanların buraya, bu zonaya qaytarılması üçün yeni imkanlar açılacaq. İndi demək çətindir, bu inşaat nə qədər zaman aparacaq. Ancaq, əlbəttə, biz istəyirik ki, maksimum qısa müddətdə aparılsın. Lakin bildirmək istəyirəm ki, mal-materialların gətirilməsi üçün logistik problemlər var. İndi yay başa çatır, bir müddətdən – oktyabr ayından sonra buralarda qar yağacaq. Mən bunu demək istəməzdim - yollardan istifadə çətinləşəcək. Hər halda, bu gün bu tarixi hadisə baş verir, biz Laçın Beynəlxalq Hava Limanının tikintisinə start veririk. Hesab edirəm ki, bu, bir çoxları üçün gözlənilməz oldu. Bəziləri bunu möcüzə hesab edirdilər. Çünki sovet dövründə heç vaxt bu bölgədə - Kəlbəcər-Laçın zonasında hava limanı olmayıb. Məhz bu səbəbə görə. Çünki çox bahalı bir layihə ola bilərdi və məqbul yer də tapmaq mümkün deyil. Ancaq biz müstəqil Azərbaycan dövlətiyik, buna texniki imkanlarımız da, maliyyə imkanlarımız da və güclü iradəmiz də var. Bu hava limanını inşa edən Azərbaycan şirkəti olacaq. Bu da çox sevindiricidir. Çünki azad edilmiş torpaqlarda yerli şirkətlərin fəal işləməsi önəmli amillərdən biridir. Bizimlə bərabər, böyük layihələrdə qardaş Türkiyə şirkətləri də fəal iştirak edirlər.

Zəngilan, Laçın, Füzuli hava limanlarının inşa edilməsi və istismara verilməsi bölgənin canlanmasına gətirib çıxaracaq. Bu hava limanlarının həm yüklər, həm sərnişinlər, eyni zamanda, hərbi təyinatı da, təbii ki, göz önündədir. Biz daim hazır olmalıyıq, daim öz hərbi gücümüzü artırmalıyıq, hərbi infrastruktur yaratmalıyıq və yaradırıq, o cümlədən hava limanları bizim hərbi məqsədlərimizə də xidmət edəcək.

Bu gözəl hadisə münasibətilə Azərbaycan xalqını, laçınlıları, kəlbəcərliləri, bütün keçmiş köçkünləri ürəkdən təbrik edirəm.

X X X

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Kəlbəcərdə arıçılarla görüşüb söhbət etdilər.

Arıçılar: Azərbaycanda arı ailələri iki dəfədən çox artıb.

Prezident İlham Əliyev: Bizim balımız da çox keyfiyyətlidir. İndi Kəlbəcər balı yəqin ki, bütün digər yerlərdən daha da keyfiyyətli olacaq. Ona görə gərək həm daxili bazarı təmin edəsiniz, həm də ki, ixrac edəsiniz. Göstərməyə bir şey var?

Arıçı: Göstərməyə bəli var. Mən indi bir arı papağı verəcəyəm.

Prezident İlham Əliyev: Onlar bilirlər biz kimik, bizə dəyməzlər. Bu, baldır?

Arıçı: Bəli, baldır, əsl Kəlbəcər balıdır. İcazə versəydiniz, bunlardan Sizə iki dənə hədiyyə verərdim.

Prezident İlham Əliyev: İki dənə çoxdur, yox. Bir dənə bəsdir. Biz Kəlbəcər balından da dadarıq. Hazırdır da bu?

Arıçılar: Bəli, artıq hazırdır. Biri budur, birini də başqa yeşikdən taparam.

Prezident İlham Əliyev: Yox, biri bəsdir. Bir dənə bəsdir dadmaq üçün.

Birinci xanım Mehriban Əliyeva: Bir dənə bəsdir.

Arıçılar: Vuracaq indi.

Prezident İlham Əliyev: Yox, bizə dəyməz, o, bilir ki, biz kimik. Sizdən başqa da arıçılar var?

Arıçılar: Var, başqa arıçılar da var. Pilot layihə kimi 5 arıçı gəldi. Sonra başqa arıçılar gəldilər. Qoy bir dənə də çıxarım.

Prezident İlham Əliyev: Yox, yox bəsdir.

Birinci xanım Mehriban Əliyeva: Orada arı qalıb üstündə.

Arıçı: Bu, tam möhürlü olmadı, istəyirəm tam möhürlüsünü verim.

Prezident İlham Əliyev: Yox, elə bu, kifayətdir.

Birinci xanım Mehriban Əliyeva: Orada arılar var. Çəkirəm.

Prezident İlham Əliyev: Gəlin birlikdə şəkil çəkdirək.

Sağ olun. Mən bütün köçkünlərə söz vermişdim ki, onları dədə-baba yurduna qaytaracağam.

Arıçılar: Biz inanırdıq, ona görə ki, biz Sizə inanırdıq, xalqımıza inanırdıq, şəhidlərimizə inanırdıq. Bizim təsərrüfatımızın builki məhsulunun 20 faizi şəhid ailələrinə yönəldiləcək.

Prezident İlham Əliyev: Çox yaxşı. Yəqin ki, təsərrüfatınızı getdikcə genişləndirəcəksiniz.

Arıçı: Bəli genişləndirəcəyik. Çünki tək Kəlbəcər yox, ümumiyyətlə, işğaldan azad olunmuş torpaqlar arıçılıq üçün böyük yem bazasıdır. Ermənilərin böyük təsərrüfatları var idi burada və ixracla məşğul idilər.

Prezident İlham Əliyev: Sovet vaxtında da Kəlbəcərdə arıçılıq inkişaf etmişdi.

Arıçılar: Kəndin özündə olub sovet vaxtında. Sovet İttifaqında Kəlbəcər balının adı çıxmışdı. Bu adı inşallah, özünə qaytaracağıq.

Prezident İlham Əliyev: Ermənilər çox qanunsuz işlər görüblər, təbiətimizi məhv ediblər, istismar ediblər.

Arıçı: Ata-babalarımızın kökü buradadır, atamın qəbri buradadır. Kəlbəcərdə heç vaxt erməni yaşamayıb.

Prezident İlham Əliyev: Bilirəm, heç vaxt. Amma sonra Kəlbəcəri özününküləşdirmək istədilər, adını dəyişdirməyə çalışdılar. Biz də gəldik, dərsini verdik, torpağımızı geri aldıq.

Arıçılar: Çox sağ olun. Təşəkkür edirik.

Prezident İlham Əliyev: Sağ olun.

Birinci xanım Mehriban Əliyeva: Sağ olun, uğurlar sizə. Çox sağ olun.

Prezident İlham Əliyev: Bütün qohum-qardaşlara salam deyin.

Arıçılar: Allah Sizi bu xalqımıza çox görməsin. Sağ olun.

X X X

Prezident İlham Əliyev: Kəlbəcər şəhərinə yaxınlaşırıq. Bir neçə dəqiqədən sonra Kəlbəcər şəhərində olacağıq.

Artıq Kəlbəcər şəhərindəyik, şəhərin girəcəyindəyik. Bax, bunlar vəhşi ermənilərin əməlləridir. Baxın, görün, şəhər ermənilər tərəfindən tamamilə dağıdılmışdır. Vəhşi ermənilər başqa şəhər və kəndlərimiz kimi, Kəlbəcəri də dağıdıblar. Bütün binalar dağıdılıb. Bəzi binalarda ermənilər qanunsuz yaşayırdılar. Buradan çıxanda o binaları da yandırıb, sökdülər. Vaxt dəyişir, amma erməni faşizminin eybəcər sifəti dəyişmir. 1990-cı illərin əvvəllərində bu torpaqları işğal edərkən bizim şəhər və kəndlərimizi dağıtmışdılar. 2020-ci ildə biz bunları buradan qovanda da gedə-getdə ağacları kəsib, yandırıb, binaları dağıdıblar.

X X X

Sonra Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Kəlbəcər şəhərinə gəldilər.

Dövlətimizin başçısı Kəlbəcər şəhərində Dövlət bayrağını ucaltdı və çıxış etdi.

Prezident İlham Əliyevin

çıxışı

-Hərbi əməliyyat nəticəsində torpaqlarımız işğaldan azad edildi. İkinci Qarabağ müharibəsi bizim şanlı Zəfərimiz kimi tarixdə əbədi qalacaq. Qələbə nəticəsində Kəlbəcər rayonu da Laçın və Ağdam rayonları ilə bərabər işğalçılardan azad edildi. Ermənistan noyabrın 10-da kapitulyasiya aktını imzalayaraq bu öhdəliyi də öz üzərinə götürmüşdür və Kəlbəcər, Laçın və Ağdam rayonlarını Azərbaycana qaytarmağa məcbur olmuşdur.

İkinci Qarabağ müharibəsinin ilk günlərində döyüşlər gedən zaman Kəlbəcərin şimal hissəsi Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğalçılardan azad edilmişdir. Murov dağının ərazisində və ətraf yerlərdə şiddətli döyüşlər gedirdi, şəhidlər vermişdik. Ancaq strateji yüksəklikləri götürdük və bu yüksəkliklər bizə imkan verirdi ki, ermənilərin istifadə etdikləri nəqliyyat-kommunikasiya infrastrukturuna da nəzarət edək. Beləliklə, biz Kəlbəcərin şimal hissəsində strateji yüksəklikləri götürərək erməni silahlı qüvvələrinin hərəkətlərini bu istiqamətdə böyük dərəcədə məhdudlaşdıra bildik və faktiki olaraq onlar Basarkeçər-Kəlbəcər yolundan istifadə edə bilmədilər. Bu, hərbi əməliyyatın, əks-hücum əməliyyatının tərkib hissəsi idi. Biz əks-hücum əməliyyatını bir neçə istiqamətdə aparırdıq və hər istiqamət önəmli idi. Çünki biz artıq bəzi istiqamətlər üzrə müdafiə xəttini yararaq işğalda olan torpaqları azad edirdik, bəzi istiqamətlərdə strateji nöqtələri götürərək Ermənistan ordusunun hərəkətlərini demək olar ki, iflic vəziyyətə salmışdıq. Bəzi istiqamətlər üzrə, sadəcə olaraq, hərbi manevrlər apararaq erməni silahlı birləşmələrinin başqa yerə göndərilməsinin qabağını alırdıq. Beləliklə, Kəlbəcərin bir hissəsi, kiçik olan hissə döyüş meydanında azad edildi. Ancaq əksər hissəsi, böyük hissə Ermənistan kapitulyasiya aktına imza atandan sonra azad edildi.

Kəlbəcərin azad edilməsi tarixi hadisədir. Kəlbəcərin işğal altına düşməsi isə xalqımızın böyük faciəsi idi. Çünki Laçın və Şuşa rayonları 1992-ci ilin may ayında işğal altına düşəndən sonra ermənilərin növbəti hədəfi Kəlbəcər idi. Şuşa və Laçının işğalı ilə bağlı artıq Azərbaycanda çox dəqiq təsəvvür var. Hər kəs bilir ki, Şuşa və Laçının işğala məruz qalması AXC-Müsavat cütlüyünün xəyanəti nəticəsində baş vermişdir. O vaxt hakimiyyət uğrunda mübarizə gedirdi, AXC-Müsavat cütlüyü hakimiyyətə can atırdı, nəyin bahasına olursa-olsun hakimiyyəti zəbt etməyə çalışırdı və onların nəzarəti altında olan bəzi qüvvələr, bəzi satqınlar Şuşanı demək olar ki, ermənilərə təhvil verdilər və Şuşa demək olar ki, müdafiə olunmadı. Şuşada olan bəzi silahlı dəstələr Şuşadan çıxdı və faktiki olaraq Şuşa ermənilərə təslim edildi. Məhz bunun nəticəsində Azərbaycanda hakimiyyət böhranı yaşandı və AXC-Müsavat cütlüyü bundan istifadə edib qanunsuz yollarla hakimiyyəti uzaqlaşdırıb, hərbi çevriliş törədib hakimiyyətə gəldi. Şuşa və Laçının işğal altına düşməsi sırf AXC-Müsavat cütlüyünün xəyanətidir, satqınlığıdır. Kəlbəcər rayonu işğal altına düşəndə artıq AXC-Müsavat cütlüyü öz çirkin məqsədlərinə çatmışdı, hakimiyyətdə idi. Təxminən bir ilə yaxın hakimiyyətdə idi. Kəlbəcər 1993-cü il aprel ayının əvvəlində işğal altına düşmüşdü və bunun da günahkarı AXC-Müsavat cütlüyüdür, AXC-Müsavat hakimiyyətidir. Onların xəyanətkar, satqın, antimilli hakimiyyəti Kəlbəcərin işğalını şərtləndirdi. Çünki 1992-ci ilin bahar-yay aylarından onlar demək olar ki, hakimiyyətdə idilər və bir il ərzində ancaq talançılıqla, rüşvətxorluqla, soyğunçuluqla, qanunsuzluqla və digər çirkin əməllərlə məşğul idilər. İndi bir çoxları bunu unudur. Gənc nəsil isə bundan xəbərsizdir. O dövr bizim milli faciəmiz, milli rəzalət dövrü idi. AXC-Müsavat hakimiyyəti dünya miqyasında bəlkə də ən biabırçı hakimiyyətlərdən biri idi, bəlkə də birincisi idi. Ölkə əldən gedirdi, ölkədə vətəndaş qarşıdurması pik həddə çatmışdı, torpaqlar işğal altına düşürdü, ancaq onlar yalnız öz mənafeyini, öz maraqlarını düşünürdülər. Hakimiyyətə gəlmiş antimilli ünsürlər Azərbaycanı demək olar ki, bütün beynəlxalq tərəfdaşlardan, xarici tərəfdaşlardan təcrid etdilər və həm xarici, həm daxili siyasətdə kobud səhvlər buraxdılar və cinayətlər törətdilər. Kəlbəcərin işğala məruz qalması satqın AXC-Müsavat hakimiyyətinin əməlləridir. Kəlbəcər işğal altına düşəndən sonra Ermənistanla keçmiş Dağlıq Qarabağ Muxtar Vilayəti arasında birbaşa coğrafi bağlantı yarandı və artıq digər torpaqların işğalı da labüd idi. Çünki AXC-Müsavat hakimiyyəti ordu quruculuğuna fikir vermirdi, orduda heç bir islahat aparılmırdı. Əksinə, ordumuzu zəiflətmək üçün hər vasitədən istifadə edirdi. Torpaqlar işğal altına düşürdü, onlar isə öz laxlamış hakimiyyətini qorumaq üçün Gəncəni bombalayırdılar. Onlar Azərbaycan əsgərlərini əsir götürmüşdülər. Bu videokadrlar var. Burada ermənilər soyqırımı törədirdilər, şəhərlərimizi viran qoyurdular. Baxın, Kəlbəcər nə gündədir, digər şəhərlər nə gündədir. Onlar isə Azərbaycan əsgərlərini əsir götürüb, öz hakimiyyətini möhkəmləndirmək istəyirdilər. Görəndə ki, artıq bu da mümkün deyil, qaçdılar gizləndilər, dövlət səviyyəsində fərarilik etdilər. AXC-Müsavat hakimiyyəti, onun başında duranlar fəraridirlər, satqındırlar, qorxaqdırlar, xaindirlər və bu, əsl həqiqətdir.

Əlbəttə, biz torpaqlarımızı azad etmək üçün addımlarımızı elə atırdıq ki, bütün torpaqlar azad edilsin. Artıq bu da sirr deyil ki, danışıqlar dövründə masa üzərində olan təkliflər bizim maraqlarımızı qane etmirdi. Mən bunu açıq bəyan etmişdim və məhz buna görə təklif edilən varianta razılıq vermirdim. Çünki son 10 il ərzində nədən söhbət gedirdi - beş rayon Azərbaycana qaytarıla bilər, Kəlbəcər və Laçın rayonları isə keçmiş Dağlıq Qarabağda referendum keçiriləndən sonra Azərbaycana qaytarıla bilər. Əlbəttə, biz buna heç cür razı ola bilməzdik. Çünki heç bir referendumdan söhbət gedə bilməzdi. Mənim siyasətim ondan ibarət idi və mən bunu açıq şəkildə bəyan edirdim ki, bizim bütün torpaqlarımız işğalçılardan azad edilməlidir, ərazi bütövlüyü tam bərpa edilməlidir, bizə məsələnin yarımçıq həlli lazım deyil. Məhz buna görə edilən təkliflərə Azərbaycan tərəfi razılıq vermirdi. Ancaq sonra bilindi ki, Ermənistan da buna razı deyil. Çünki Ermənistanın məqsədi bu torpaqları, zəbt edilmiş bütün torpaqları əbədi işğal altında saxlamaq idi. İndi çıxan yeni məlumatlar və eyni zamanda, azad edilmiş torpaqlarda mövcud olan mənzərə onu göstərir. Torpaqları təhvil vermək istəyən 6 xətt müdafiə istehkamları qurmazdı. İndi bilinir ki, onların məqsədi status-kvonu əbədi etmək, bizə bir qarış torpaq qaytarmamaq, məsələni uzatmaq idi. Onlar öz xarici havadarlarına güvənərək bunu 30 il ərzində həyata keçirirdilər və istəyirdilər ki, bundan sonra da 300 il ərzində bunu həyata keçirsinlər. Hesab edirdilər ki, bu siyasət onlara xeyir gətirəcək. Hesab edirdilər ki, Azərbaycan öz torpaqlarını müharibə yolu ilə azad etməyəcək. Hesab edirdilər ki, bizi kimsə dayandıracaq. Onların himayədarları bizə, necə deyərlər, təsir göstərəcəklər, təzyiq göstərəcəklər. Ancaq bilmirdilər bütün Azərbaycan xalqı bir amalla yaşayır ki, işğala son qoyulsun, düşmən torpaqlarımızdan qovulsun və biz öz dədə-baba torpaqlarımıza qayıdaq və qayıtdıq. Ermənistan ordusunu məhv edərək qayıtdıq, Ermənistan faşizminin başını əzərək qayıtdıq, erməni cəlladlarını cəzalandıraraq qayıtdıq, şəhidlərimizin qanını alaraq qayıtdıq. Qayıtmışıq, bu gün burada durmuşuq və əbədi duracağıq!

İkinci Qarabağ müharibəsi, bir daha demək istəyirəm, tarixi Zəfərimizdir. Azərbaycanın çoxəsrlik tarixində buna bənzər qələbə olmamışdır. Müharibə ilə bağlı artıq kifayət qədər məlumatlar var və təkrar etmək istəmirəm. Müharibənin gedişatı hər kəsə məlumdur. Sadəcə olaraq, indi bizim dərsliklərimizdə, elmi əsərlərdə, məqalələrdə, kitablarda müharibə ilə bağlı və müharibədən əvvəlki dövrlə bağlı çox müfəssəl və geniş məlumat verilməlidir ki, biz bu tarixi olduğu kimi qeyd edək, bu tarixi olduğu kimi yazaq və gələcək nəsillər də daim bunu bilsinlər və unutmasınlar, o cümlədən erməni vəhşiliyini unutmasınlar.

Ancaq bu gün İkinci Qarabağ müharibəsi ilə bağlı bu sözləri deyərkən bir məsələyə diqqət yetirmək istəyirəm. Bu müharibə, eyni zamanda, erməni mifologiyasının tamamilə məhv olması deməkdir. Çünki uzun illər ərzində, otuz il ərzində ermənilər dırnaqarası “hərbi qələbə” ilə öyünürdülər. Ermənilər bir neçə mif uydurmuşdular ki, onların ordusu “yenilməz ordu”dur və onların ordusu bu torpaqları əbədi işğal altında saxlaya bilər. Biz bu mifi dağıtdıq. Erməni ordusu yoxdur bu gün. Erməni ordusu tamamilə məhv edildi. Erməni ordusunun silah-sursatlarının mütləq əksəriyyəti məhv edildi, ya da ki, qənimət kimi götürüldü və indi Hərbi Qənimətlər Parkında nümayiş etdirilir. Biz erməni ordusunu “yenilməz ordu” kimi təqdim edən mifologiyaya son qoyduq.

İkinci mif ondan ibarət idi ki, erməni əsgəri “cəsur”dur və istənilən müharibədə qalib gələ bilər. Biz bu mifi də darmadağın etdik. Erməni əsgəri fəraridir, qorxaqdır. Onlar özləri etiraf etdilər və bu da sübut olundu ki, müharibə dövründə Ermənistan ordusunda 10 min fərari olmuşdur. Azərbaycan Ordusunda bir nəfər də olsun fərari olmamışdır. Yəni, bu mif də darmadağın edildi. Erməni əsgəri fəraridir.

Növbəti mif isə o idi ki, azərbaycanlılar öz torpaqları uğrunda vuruşmayacaqlar, onlar bu vəziyyətlə barışıblar və əgər otuz ilə yaxın müddət ərzində müharibə başlamayıbsa, bundan sonra da başlamayacaq. Bu mifi də biz dağıtdıq. Biz göstərdik ki, bu vəziyyətlə heç vaxt barışmaq fikrində deyildik. Mən bunu dəfələrlə deyirdim. Bütün çıxışlarımda deyirdim ki, biz bu vəziyyətlə heç vaxt barışmayacağıq, nəyin bahasına olursa-olsun torpaqlarımızı işğalçılardan azad edəcəyik və bunu etdik. Bu mifologiya da darmadağın edildi.

Növbəti mif onların dırnaqarası “sərkərdələri” ilə bağlı idi. Guya Ermənistanda elə görkəmli generallar, sərkərdələr var ki, onlar istənilən hərbi vəzifəni yerinə yetirə bilərlər. Biz gördük ki, onların generalları oğrudurlar, “tuşenka” satandırlar. Onların sərkərdələri də qorxaqdırlar, fəraridirlər. Xocalı cəlladları Köçaryan, Sarkisyan, Ohanyan müharibə zamanı Qarabağa soxulmuşdular, orada idilər. Amma görəndə ki, müzəffər Azərbaycan Ordusu öz torpaqlarını qəhrəmancasına azad edir, qaçdılar gizləndilər. Soruşmaq lazımdır onlardan, oradan nəyə görə çıxdılar? Onlar Xankəndidə idilər, üçü də. Niyə qaçmısınız? Niyə gizlənmisiniz? Mən demişəm, bir daha deyirəm, o dəmir-dümürləri çıxarın, onları atın zibil yeşiyinə. Siz fərarisiniz, qorxaqsınız. Biz sizi məhv etmişik. Xocalı soyqırımında ən fəal rollardan birini oynayan keçmiş müdafiə naziri Şuşadan güclə canını qurtardı, son anda canını qurtardı. Dovşan kimi qaçmışdılar. Biz onları məhv etmişik. Onların dırnaqarası “qəhrəmanlarını”, “Artsax”, olmayan “Artsax” qəhrəmanlarını məhv etmişik. Onlar bu damğa ilə əbədi yaşayacaqlar. Fərarilər, satqınlar, cəlladlar, qorxaqlar - onlar ancaq əliyalın əhali ilə müharibə apara bilərlər. Necə ki, vaxtilə Xocalını işğal edəndə burada demək olar ki, onlara müqavimət göstərən qüvvə yox idi, mülki vətəndaşlar idi. Bax, bu evlərdə yaşamış mülki vətəndaşlar idi və aprel ayında hələ burada qarlar əriməmişdi, onların böyük hissəsi burada həlak oldu. Onlar buradan Gəncə istiqamətinə, o Murov dağının üstündən, Ömər aşırımından keçərkən onlara pusqular qurdular. Onları – uşaqları, qadınları, qocaları qətlə yetirdilər. Onlar məcbur olub ayaqyalın, qarlı-şaxtalı havada Ömər aşırımından keçərək, on kilometrlərlə yolu qət edərək buradan çıxmalı idilər. Bir çoxları da yolda qaldı, dondu, öldü. Bu, erməni vəhşiliyidir. Biz vəhşiləri məğlub etdik. Biz bölgəni vəhşilərdən, faşistlərdən xilas etdik. Bunu heç kim heç vaxt unutmamalıdır.

Erməni mifologiyasının biri də o idi ki, guya ermənilər qədim tarixə, mədəniyyətə malikdirlər və burada “vəhşi müsəlmanlar” arasında qalıblar. Guya ki, o, Qafqazda mədəniyyətin ocağıdır, beşiyidir, yaxud da son məntəqəsidir. Onların mədəniyyəti, bax, budur. Bax, bu binalardır, qazılmış qəbirlərdir, dağıdılmış məscidlərdir. Bunu hansısa başqa planetdən gələn yadplanetli yox, erməni edib. Özü də Birinci Qarabağ müharibəsi dövründə yox, müharibədən sonra, məqsədyönlü şəkildə, barbar kimi, vəhşi kimi, vandal kimi, bir-bir evlərin kərpiclərini, daşlarını söküb aparıb özləri üçün daxmalar tikiblər.

Onlar artıq buradan gedəsi olanda, kapitulyasiya aktını imzalayandan sonra da bizdən vaxt istədilər. Rusiya rəhbərliyi bizə müraciət etmişdir ki, onlara əlavə on gün vaxt verin, onlar buradan öz şələ-şülələrini yığışdıra bilmirlər. Onlara vaxt verin ki, çıxsınlar. Biz yenə də humanistlik göstərdik. Yenə də vaxt verdik noyabrın 25-nə qədər. Amma onlar bu müddət ərzində nə etdilər?! Onlara məxsus olmayan, qanunsuz məskunlaşdıqları evləri yandırdılar, dağıtdılar. İndi yol boyunca o evlər görünür. Ağacları kəsdilər, ağacları yandırdılar. Bax, erməni vəhşiliyi budur. Zaman dəyişir, erməni faşizmi dəyişmir və dəyişməyəcək. Heç kim bunu unutmamalıdır. İndi onların bəzi hallarda göndərdikləri yaltaqlıqla dolu sözlərinə inanmaq olmaz. Buna inanmaq istəyən, bax, bu mənzərəni göz önünə gətirsin, dağıdılmış Ağdamı, Füzulini, Şuşanı, Kəlbəcəri, Laçını, Zəngilanı, Qubadlını, Cəbrayılı göz önünə gətirsin. Erməni vəhşilərin əməlləri göz qabağındadır. Amma onların hamiləri bunu görmək istəmirlər. Amma görməlidirlər və görəcəklər. Onların gözünə soxacağıq. Biz indi kitablar da dərc edirik, göstəriş vermişəm, təqdimatlar da olacaq. Xarici ölkələrdə sərgilər olacaq. Biz göstərəcəyik. Bunu görmək istəməyən məcbur olub görəcək. Görəcək ki, erməni faşizmi, erməni vəhşiliyi nədir.

Ermənilər işğal dövründə, eyni zamanda, bizim təbii sərvətlərimizi də qanunsuz olaraq talan edirdilər. Bu işlərdə bəzi xarici şirkətlər onlara yardım edirdi. Bu şirkətlərin indi iki yolu var: ya bizə təzminat ödəyəcəklər, ya da ki, beynəlxalq məhkəməyə gedəcəklər.

Artıq məhkəmə prosedurları başlamışdır. Buna biz start verdik, tanınmış beynəlxalq hüquq şirkətlərini dəvət etdik və indi məhkəmə işləri hazırlanır. Kəlbəcərdə Söyüdlüdə, Zəngilanda Vejnəlidə, başqa yerlərdə bizim qızıl yataqlarımız xarici şirkətlər tərəfindən istismar edilirdi. O şirkətlər bilmirdilər ki, bu, Azərbaycan torpağıdır? Bilirdilər! Amma buna məhəl qoymurdular. İndi cavab verəcəklər. Biz demişik, əgər istəmirlərsə ki, biz onları dünya miqyasında biabır edək, gəlsinlər, vurulmuş ziyanı bizə ödəsinlər, təzminat ödəsinlər və ondan sonra rahat yaşaya bilərlər.

Bizim meşələrimiz ermənilər tərəfindən məhv edilib. İndi bizim “Azərkosmos”un fotoları var - işğaldan əvvəl neçə min hektar meşə altında idi və indi nə qədərdir. Ağacla dolu olan altmış min hektara yaxın sahəni, meşə fondunu ermənilər dağıdıblar, yəni, kəsiblər. Kəsiblər, talayıblar, aparıblar. Eşitdiyimə görə orada parket işləri, bu biznes çox sürətlə gedirdi. Bu da talançılıqdır. Bu talançılığa görə də cavab verəcəklər. Bizim çaylarımızı zəhərləyiblər. Oxçuçay nə gündədir? Oxçuçay təbii fəlakətdir və onu zəhərləyən yenə də xarici şirkətdir. O şirkət də cavab verməlidir və verəcəkdir. Dəymiş hər bir ziyan hesablanır. Azad edilmiş bütün torpaqlarda, şəhərlərlə, kəndlərdə indi monitorinq aparılır, pasportlaşdırma aparılır, bütün evlərin pasportları hazırlanır, dəymiş ziyan təsbit edilir və biz beynəlxalq məhkəmələrdə dəymiş bütün ziyanın qaytarılmasını tələb edəcəyik.

Təbii sərvətlər talan edilib, istismar edilib, çaylarımız zəhərlənib, meşələrimiz qırılıb, evlərimiz dağıdılıb, məscidlərimiz sökülüb. Bunu kim edib? Ermənilər! Cavab verməlidirlər və verəcəklər.

Biz isə indi genişmiqyaslı bərpa işlərinə start verdik. O cümlədən Kəlbəcər və Laçın rayonlarında, Şərqi Zəngəzur regionunda. Artıq bu işlərin bir hissəsi bu gün qeyd olundu – yarımstansiya fəaliyyətə başladı, su elektrik stansiyasının tikintisi ilə tanış oldum, Laçın rayonunda beynəlxalq hava limanının təməli qoyuldu, iki tunelin təməli qoyuldu və digər infrastruktur layihələri artıq icra edilməkdədir. Eyni zamanda, biz pilot layihələr kimi Kəlbəcər və Laçın rayonlarının arıçılıqla və heyvandarlıqla məşğul olan sakinlərini buraya göndərdik, ezam etdik, şərait yaratdıq ki, onlar işə başlasınlar və artıq bu işlərə də start verildi.

Biz, eyni zamanda, Kəlbəcər, Laçın istiqamətində dövlət sərhədimizi möhkəmləndiririk. Bu sərhəd 30 ilə yaxın müddət ərzində ermənilərin əlində idi və biz may ayında qarlar əriyəndən sonra bu sərhədlərə çıxmışıq, öz mövqelərimizi tutmuşuq, Zəngəzurda yerləşmişik və orada möhkəmlənirik. Bu, bizim torpağımızdır. Ermənistan tərəfindən səslənən fikirlər tamamilə əsassızdır. Biz öz torpağımızdayıq, Qaragöl də bizimdir, başqa yerlər də bizimdir. Biz gəlmişik. 30 il bu ərazi ermənilərin əlində idi. Əgər o sərhəd onların dediyi yerdən keçirdisə, durardılar o sərhəddə. Durardılar, deyərdilər ki, sərhəd budur. Nə oldu bəs? Biz gələndən sonra, durandan sonra dedilər ki, yox, biz düz yerdə durmamışıq. Biz düz yerdə durmuşuq, harada lazımdır, orada durmuşuq və əgər istəsək, harada lazım bilsək, orada da duracağıq. Onu heç kim unutmasın. Ona görə indi Müdafiə Nazirliyinin və Sərhəd Qoşunlarının xətti ilə bütün sərhəd boyunca - Murovdağdan ta Araz çayına qədər bütün sərhəd infrastrukturu, hərbi hissələr yaradılır, biz bu sərhədlərdə möhkəmlənirik.

Daxili əhəmiyyət daşıyan 700 kilometr uzunluğunda yolların çəkilişi prosesi gedir. Mən hələ əsas şəhərlərarası yolları kənara qoyuram, o layihələr haqqında kifayət qədər məlumat verildi. Bizim sərhədlərə gedən 700 kilometr yolların çəkilişi prosesi gedir və artıq qış gələnə qədər bu işin təqribən 80 faizi görüləcək. Yəni, torpaq, çınqıl örtüklə döşənmiş yollar və bu, bizə imkan verəcək ki, həm hərəkət üçün, həm hərbi nöqteyi-nəzərdən bu bölgələrdə daha da möhkəmlənək. Əlbəttə ki, Azərbaycan-Ermənistan sərhədində biz söz sahibiyik. Bu, təbiidir və bundan sonra da söz sahibi olacağıq. Ona görə, bu məsələ ilə bağlı bəzən hansısa xarici dairələrdə də qeyri-adekvat fikirlər səsləndirilir. Buna ehtiyac yoxdur. Biz harada lazım bilmişiksə, orada da durmuşuq və əgər bu kimisə narahat edirsə, əgər kimsə əsəbləşirsə, necə deyərlər, getsinlər, su içsinlər.

Bildiyiniz kimi, mənim Sərəncamımla 14 iqtisadi rayon yaradıldı. Onların arasında iki iqtisadi rayonun yaradılması diqqət çəkdi – Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları yaradıldı. Hesab edirəm ki, bu da çox düzgün addımdır. Bu, həm tarixə əsaslanır, eyni zamanda, gələcəyə əsaslanır. Çünki, həm Qarabağ, həm Zəngəzur bizim tarixi dədə-baba torpağımızdır. Qarabağ iqtisadi rayonunda bütün Qarabağ bölgəsinə aid olan rayonlar birləşdi. Şərqi Zəngəzur iqtisadi rayonunda Şərqi Zəngəzura aid olan rayonlar birləşdi. Qərbi Zəngəzur isə hazırda Ermənistanın nəzarəti altındadır. Ancaq Zəngəzur dəhlizinin çəkilişi nəticəsində əlbəttə ki, biz bu dəhlizdən istifadə edib öz vətəndaşlarımızı dədə-baba torpaqlarımıza qaytaracağıq. Belə planlar var və bu da təbiidir. Çünki bizim vətəndaşlar indiki Ermənistan ərazisindən, təkcə Zəngəzur mahalından yox, Göyçə mahalından da, - bura ilə həmsərhəddir, - zorla qovulmuşlar və onların tam haqqı var ki, gedib öz dədə-baba torpaqlarında yaşasınlar. Biz bunu sonrakı mərhələyə saxlayırıq.

İndiki mərhələdə bizim əsas vəzifəmiz müharibənin nəticələrini möhkəmləndirməkdir, azad edilmiş torpaqlarda möhkəmlənməkdir. Azərbaycan-Ermənistan sərhədində bundan sonra da mövqelərimizi gücləndirməkdir. Yenidənqurma, bərpa işlərinə artıq start verilib, bu da əsas vəzifələrdən biridir. Keçmiş məcburi köçkünləri azad edilmiş torpaqlara tədricən qaytarmaq da gündəlikdə duran məsələdir. Mən artıq bildirmişəm, Zəngilan rayonunda bir neçə aydan sonra artıq birinci qrup keçmiş köçkünlər yerləşəcək. Eyni zamanda, Ağdam, Cəbrayıl, Füzuli və Xocavənd rayonlarında da pilot kəndlər seçildi. Artıq işlər gedir ki, o kəndlərin bərpasına start verək və vətəndaşları oraya qaytaraq. Ağdam şəhərinin baş planı təsdiqləndi, digər şəhərlərin baş planının təsdiqlənməsi yaxın aylarda nəzərdə tutulur.

Beləliklə, biz bundan sonrakı əsas hədəfləri düzgün müəyyən edərək, bu hədəflərə çatmağa da nail olacağıq. Biz bu gün buradayıq, Kəlbəcərdəyik, Azərbaycanın çox gözəl guşələrindən biri olan Kəlbəcərdəyik və biz bundan sonra burada əbədi yaşayacağıq. Yaşasın Azərbaycan! Eşq olsun Azərbaycan xalqına!

https://azertag.az/xeber

Xəbərlər

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"
18/12/2024

Pakistanlı alim BDU-da ustad dərsi keçib

Pakistanlı alim BDU-da ustad dərsi keçib
18/12/2024

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub
18/12/2024