Litva Milli Kitabxanasının baş direktoru BDU-da ustad dərsi keçib

26/09/2023

Litva Milli Kitabxanasının baş direktoru, professor Renaldas Gudauskas Bakı Dövlət Universitetinin (BDU) İnformasiya və sənəd menecmenti fakültəsinin professor-müəllim heyəti, gənc tədqiqatçıları və tələbələri üçün “Cəmiyyətin informasiya təminatında milli kitabxanaların rolu” mövzusunda ustad dərsi keçib.

Professor Renaldas Gudauskas əvvəlcə ölkənin ilk və ən nüfuzlu ali təhsil müəssisəsi olan BDU-da olmağından məmnunluğunu ifadə edib. Natiq mühazirəsində rəhbərlik etdiyi Litva Milli Kitabxanasının tarixi, inkişaf dövrləri, müasir dövrdəki fəaliyyəti, sənəd dövriyyəsi, kitab fondu və prioritetləri barədə dinləyicilərə ətraflı məlumat verib.

Cəmiyyətin informasiya təminatında milli kitabxanaların rolunu şərh edən məruzəçi bildirib ki, kitabxanalar xalqların milli irsinin mühafizəsində aparıcı rol oynamaqla bərabər, ölkələrarası elmi, ədəbi-mədəni, ictimai əlaqələrin formalaşmasına da mühüm töhfələr verirlər. Milli kitabxanaların kitab mübadiləsinin təşkilində aparıcı mövqeyə malik olduğunu vurğulayan natiq beynəlxalq kitab mübadiləsinin şərtlərini, həyata keçirilməsi üsullarını izah edib. Müasir dövrdə cəmiyyətin informasiya təminatının yüksək səviyyədə ödənilməsində elektron resursların əhəmiyyətini diqqətə çatdıran professor milli kitabxanaların informasiya resurslarına qoyulan tələblər, eyni zamanda yeni idearəetmə formaları barədə məlumat verib. Mühazirədə həmçinin müxtəlif ölkələrin milli kitabxanaları arasında müqayisəli təhlillər aparılıb, təcrübədə təsdiqini tapmış innovativ iş metodları şərh olunub.

Professor Renaldas Gudauskasın mühazirəsi auditoriya tərəfindən maraqla dinlənilib, məruzəçi dinləyicilərin çoxsaylı suallarını cavablandırıb. Eyni zamanda Litva Milli Kitabxanası ilə BDU-nun İnformasiya və sənəd menecmenti fakültəsi arasında əlaqələrin inkişaf etdirilməsi, gələcəkdə birgə elmi konfransların, seminar və ustad dərslərinin keçirilməsi barədə müzakirələr aparılıb.

Xəbərlər

“BDU könüllüləri” komandası “Gəl dost olaq – Çərpələng Festivalı”nda

“BDU könüllüləri” komandası “Gəl dost olaq – Çərpələng Festivalı”nda
08/09/2026

BDU-ya 600-dən çox balla qəbul olanların ixtisaslar üzrə bölgüsü açıqlanıb

BDU-ya 600-dən çox balla qəbul olanların ixtisaslar üzrə bölgüsü açıqlanıb
07/09/2026

BDU-nun Arxeologiya Tədris-Tədqiqat Mərkəzinin direktoru İsraildə elmi səfərdə olub

BDU-nun Arxeologiya Tədris-Tədqiqat Mərkəzinin direktoru İsraildə elmi səfərdə olub
07/09/2026