“MEDİAlab” layihəsi çərçivəsində BDU-nun 13 tələbəsi mükafatlandırılıb

29/11/2023

Noyabrın 29-da Medianın İnkişafı Agentliyinin təşkilatçılığı ilə “MEDİAlab” layihəsi çərçivəsində “Yeni media mühitində təhsil və məşğulluq imkanları” adlı hesabat konfransı keçirilib.

Konfransın açılış mərasimində çıxış edən Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov dünya miqyasında rəqəmsal texnologiyaya sürətli keçidin, media sahəsində də innovasiya və texnologiyaların tətbiqinin və bunu bacara bilən kadrların hazırlanmasının zəruriliyini qeyd edib. O bildirib ki, “MEDİAlab” layihəsinin fəaliyyət planının tədris proqramına uyğunlaşdırılması məqsədilə layihənin tərəfdaş universitetlərində (Bakı Dövlət Universiteti, ADA Universiteti, Azərbaycan Dillər Universiteti, Bakı Slavyan Universiteti, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası) təhsil alan 1000-ə yaxın tələbə arasında keçirilən sorğu nəticələrinin data əsaslı təhlili, media subyektləri ilə davamlı iş, çoxtərəfli kommunikasiya, media sahəsində məşğulluqla bağlı yerli və beynəlxalq tendensiyaların müqayisəli analizi, gənclərə məşğulluq imkanlarının yaradılması gələcəyə ümidli olmağa əsas yaradır. Əhməd İsmayılov vurğulayıb ki, qısa müddətdə layihə çərçivəsində mühüm uğurlar əldə edilib, bu sahədə təcrübə və məşğulluq imkanları ilə bağlı daha təkmil mexanizmlərin hazırlanması məqsədilə Çoxtərəfli Əməkdaşlıq Memorandumu imzalanıb.

Tədbirdə çıxış edən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Mustafa Abbasbəyli media sahəsində işəgötürənlərə dəstək xidmətinin əhatə dairəsinin genişləndirilməsi, eyni zamanda, bu istiqamətdə davamlı tədbir və proqramların təşkili məqsədilə imzalanan Çoxtərəfli Əməkdaşlıq Memorandumu haqqında öz fikirlərini bölüşüb.

Konfrans zamanı “MEDİAlab” layihəsi çərçivəsində təşkil edilən tədbirlərdən görüntülərin əks olunduğu videoçarx nümayiş olunub. Medianın İnkişafı Agentliyinin Media dəstək layihələri və strateji planlaşdırma şöbəsinin müdiri Ləman İsgəndərova “MEDİAlab” layihəsi çərçivəsində bir il ərzində həyata keçirilən tədbirlər və əldə olunan nəticələrlə bağlı təqdimatla çıxış edib.

Tədbir çərçivəsində istedadlı və təşəbbüskar gənclərin seçilməsi, müvafiq istiqamətlər üzrə potensial kadrların müəyyənləşdirilməsi məqsədilə ilə Medianın İnkişafı Agentliyi və "AzerGold" Qapalı Səhmdar Cəmiyyətinin birgə təşkilatçılığı ilə keçirilən “Kreativ Media - Bakı” adlı məzmun müsabiqəsinin nəticələri açıqlanıb, qalib seçilən 20-yə yaxın gəncə mükafatlar təqdim edilib. BDU-nun tələbələri Nəzrin Xankişiyeva, Nəzrin Süleymanova, Türkan Nəcəfova, Mahmud Yaqub, Üzeyir Xəlilov, Ləman Cavadova, Çimnazxanim Qəzənfərli, Aygün Mustafayeva, Xanlar Əlibəy “Onlayn qəzet”, Tərlanə Abdullayeva isə “Reportaj” nominasiyaları üzrə mükafatlara layiq görülüblər.

Konfransın sonunda layihənin əsas tərəfdaşları olan ali təhsil müəssisələrindən əlaqələndirici şəxslərə ümümi layihənin təşkilində göstərdikləri dəstək, bu sahənin inkişafına verdikləri töhfəyə və səmərəli əməkdaşlığa görə, layihə çərçivəsində seçilən MEDİA səfirlərinə isə fəal iştiraklarına görə təşəkkürnamələr təqdim edilib. BDU-nun İctimaiyyətlə əlaqələr və informasiya şöbəsinin müdiri Kəmalə Quliyeva, BDU-da MEDİA səfirləri seçilən Cəmilə Cəfərzadə, Əli Mehdili və Südabə Məmmədovaya təşəkkürnamələr verilib.

 

 

Xəbərlər

BDU-nun nəzdində “Gənc istedadlar” liseyinin məzunlarının hamısı tələbə adını qazanıb

BDU-nun nəzdində “Gənc istedadlar” liseyinin məzunlarının hamısı tələbə adını qazanıb
06/09/2024

BDU-105: Peşəkar İT mütəxəssisləri hazırlayan Tətbiqi riyaziyyat və kibernetika fakültəsi

BDU-105: Peşəkar İT mütəxəssisləri hazırlayan Tətbiqi riyaziyyat və kibernetika fakültəsi
06/09/2024

BDU-da “Ümummilli Lider: Heydər Əliyev mühazirələri” layihəsinin ilk görüşü

BDU-da “Ümummilli Lider: Heydər Əliyev mühazirələri” layihəsinin ilk görüşü
06/09/2024