BDU və “LU-MUN HOLDİNG” arasında əməkdaşlıq müqaviləsi imzalanıb
Bakı Dövlət Universiteti (BDU) və “LU-MUN HOLDİNG” MMC arasında əməkdaşlıq müqaviləsi imzalanıb.
Müqaviləni BDU rektoru Elçin Babayev və “LU-MUN HOLDİNG” MMC-nin İdarə Heyətinin sədri Rüfət Tabasaranskiy imzalayıb.
İmzalanma mərasimində çıxış edən BDU-nun rektoru Elçin Babayev qeyd edib ki, elm və təhsilin sənaye və bizneslə əlaqələndirilməsi, dövlət-özəl tərəfdaşlığı, alınmış elmi nəticələrin kommersiyalaşdırılması BDU-nun əsas hədəflərindəndir. “Tədqiqat universiteti” statusu almağa hazırlaşan, Azərbaycanın ilk və ən böyük universiteti olan BDU-nun ölkənin müasir və innovativ şirkətlərindən olan “LU-MUN HOLDİNG”lə müqavilə imzalaması uğurlu nəticələrə səbəb olacaq: “Şirkətin fəaliyyət sferası BDU-da tədris olunan biokimya, biotexnologiya, biomühəndislik, genetika kimi ixtisaslarla kəsişir. Bu ilin sonunda BDU-nun Tədqiqat, İnkişaf və İnnovasiyalar üzrə Mükəmməllik Mərkəzinin binası da istifadəyə veriləcək. Bu, birgə elmi tədqiqatların sürətini daha da artıracaq”.
“LU-MUN HOLDİNG” MMC-nin İdarə Heyətinin sədri Rüfət Tabasaranskiy isə BDU ilə birgə əməkdaşlığın həm elmi, həm praktik nəticələr verəcəyini qeyd edib. Bildirib ki, rəhbərlik etdiyi şirkət ölkədə ərzaq təhlükəsizliyi, Azərbaycanda kənd təsərrüfatı və qida istehsalı sahələrində irimiqyaslı layihələr həyata keçirən investisiya şirkətidir. Holdinqin əsas missiyası Azərbaycanın milli resurslarını dirçəltməkdir.
Qeyd edək ki, BDU və “LU-MUN HOLDİNG” arasında müqavilənin məqsədi elmi-texniki fəaliyyət istiqamətləri üzrə əməkdaşlığın gücləndirilməsi və inkişaf etdirilməsindən ibarətdir. Müqaviləyə əsasən, biologiya, bioetexnologiyalar, biotibb, biokimya, akvakultura, histologiya, genetika və digər qarşılıqlı maraq doğuran elm sahələrində birgə layihə və elmi-tədqiqat işlərinin aparılması, konfrans, sərgi, seminar, simpozium, qısamüddətli kursların və təlimlərin təşkili, əqli mülkiyyət hüquqları qorunmaqla elmi informasiya və nəşrlərin mübadiləsi, elmi əsərlərin birgə nəşr edilməsi, müştərək layihə və proqramların həyata keçirilməsi nəzərdə tutulur.