MENA-nın Baş direktor müavini Jurnalistika fakültəsində mühazirə oxuyub
Dünya Xəbər Agentliklərinin V Konqresində iştirak etmək üçün ölkəmizdə səfərdə olan Misirin Yaxın Şərq Xəbər Agentliyinin (MENA) Beynəlxalq Əməkdaşlıq üzrə Baş direktor müavini Xalid Əbd əl-Əziz Əhməd Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsində olub. Müəllim-tələbə heyəti ilə keçirilən görüşü açan dekan, professor Cahangir Məmmədli qonağı universitetdə görməkdən məmnunluğunu ifadə edərək Bakı Dövlət Universiteti və Jurnalistika fakültəsi barədə məlumat verib. Sonra Beynəlxalq jurnalistika kafedarsının müdiri, professor Həmid Vəliyev qonağı auditoriyaya təqdim edib. Məlum olub ki, Xalid Əbd əl-Əziz Əhməd Ğabaşi Yaxın Şərq Xəbər Agentliyində redaktor, tərcüməçi, müxbir, adıçəkilən agentliyin Vaşinqtondakı bürosunun müdiri vəzifələrində çalışıb. 35 ildən artıq fəaliyyəti ərzində ABŞ, Misir, Yaxın Şərq, Afrika və Beynəlxalq Təşkilatların xəbərlərinin yayımını həyata keçirib.
Daha sonra Xalid Əbd əl-Əziz Əhməd Ğabaşi “Misir mətbuatı və Yaxın Şərq Xəbər Agentliyi” mövzusunda mühazirə oxuyub. Baş direktor müavini bildirib ki, 15 dekabr 1950-ci ildə təsis olunan MENA Agentliyinin 2000 nəfər əməkdaşı var ki, onlardan 400-ü jurnalist kimi fəaliyyət göstərir. Xəbər agentliyi əməkdaşının sürətli, dəqiq və qərəzsiz olmasını əsas şərtlərdən hesab edən qonaq xarici müxbir üçün vacib olan məqamlara da diqqət çəkib. Bildirib ki, bunun üçün dil bilgisi, xəbər yazmaq bacarığı, kameradan istifadə etmək imkanı və ən əsası mütaliə vacib elementlərdəndir. MENA-nın dünyanın 50-dən çox ölkəsində müxbir postunun fəaliyyətindən danışan Baş direktor müavini yaxın gələcəkdə Bakıda da təmsil olunacaqlarını vurğulayıb.
Müəllim və tələbələrin çoxsaylı suallarına cavabında o da məlum olub ki MENA xarici jurnalist-tələbələr üçün treninqlər təşkil edir və Jurnalistika fakültəsi tələbələri üçün bu imkanı yaratmaq mümkündür.
Sonda Mətbuat və informasiya şöbəsinin müdiri Pərvanə İbrahimova görüşü təşkil etdiyinə görə Misir Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzinin müdiri Əhməd Sami Elaydiyə təşəkkür edib. Görüş qonağa Bakı Dövlət Universiteti adından hədiyyələrin təqdim edilməsi və xatirə şəklinin çəkilməsi ilə başa çatıb.
Mətbuat və informasiya şöbəsi, 18 noyabr 2016-cı il.