Möhtəşəm 55 il: dövlət müstəqilliyinə aparan milli intibah və hərtərəfli tərəqqi

14/07/2024

Ümummilli lider Heydər Əliyevin Azərbaycanda birinci dəfə hakimiyyətə gəlişindən 55 il keçir. 1969-cu il iyulun 14-də Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin plenumunda respublika rəhbərliyində kifayət qədər məsul vəzifədə çalışan, Dövlət Təhlükəsizliyi Komitəsinin sədri olan Heydər Əliyev MK-nın birinci katibi seçilərək respublikanın ali rəhbəri səviyyəsinə yüksəlmişdi.

Ötən 55 ilin tarixi dönə-dönə sübut etmişdir ki, Azərbaycanın sürətli yüksə­lişinin, sovet imperiyası tərkibində qısa müddətdə böyük mədəni intibaha nail olaraq milli varlığını dirçəltməsinin və dünyaya tanıtmasının, 22 il sonra qa­zanılmış dövlət müstəqilliyinə hərtərəfli hazırlıqla qədəm qoymasının təməlləri bu tarixi başlanğıcdan qaynaqlanmışdır. Azərbaycan xalqı əsrlərdən gələn ar­zu-istəklərinin möhtəşəmliyi ilə Heydər Əliyev kimi milli bir fenomen – dünya siyasətinə boy verən nəhəng bir rəhbər yetişdirmişdi. Bu lider isə xalqının bəlalı taleyinə sahib çıxaraq onu milli haqlarına qovuşdurmaq üçün ilk gündən müqəddəs bir savaşa başlamışdı.

Ulu öndər Heydər Əliyev bir qərinəlik liderlik fəaliyyəti ilə dünya miqyasında tanınan, etiraf edilən görkəmli siyasət və dövlət xadimi olduğunu tarixə məharət­lə həkk etmişdir. XX əsrin 90-ci illərin­də – Azərbaycan beynəlxalq arenaya müstəqil dövlət kimi çıxdığı ilk vaxtlarda ölkəmizi ulu öndər Heydər Əliyevə görə tanıyırdılar. Ümummilli liderin parlaq zə­kası, fitri istedadı, böyük enerjisi, uzaq­görənliyi sərhəd tanımır, Azərbaycanın hüdudlarını aşırdı. Bir çox xalqlar, mil­lətlər bizə qibtə edirdi ki, Heydər Əliyev kimi lideriniz var.

Heç şübhəsiz, Azərbaycan dünya miqyasında layiq olduğu mərtəbəyə məhz Ulu öndərin uzaqgörənliyi, müdrikliyi, qə­tiyyəti, dəmir iradəsi, zəngin dövlətçilik təcrübəsi sayəsində yüksəlmiş, dünya inteqrasiya sisteminə qoşula bilmişdir. Xalqımızın Ümummilli liderinin Sovet İtti­faqı kimi nəhəng bir dövlətdə yüksək və­zifə – SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsini tutması isə Azərbayca­na beynəlxalq nüfuz və hörmət qazandır­mışdır.

Müstəqil Azərbaycanın memarı və qurucusu Heydər Əliyev dünyanın bü­tün dahi şəxsiyyətlərindən fərqli olaraq iki müxtəlif ictimai-siyasi sistemdə yaşa­mış və fəaliyyət göstərmişdir. Ulu öndər hər iki sistemdə siyasət nərdivanının ən yüksək pilləsinə ucala bilmişdir, xalqına, vətəninə sədaqətlə xidmət etmişdir. Müa­sir tariximizin yarım əsrlik bir mərhələsi, o cümlədən müstəqil Azərbaycan dövlətinin formalaşması, dinamik inkişafı və dünya inteqrasiya sisteminə qovuşması ümum­milli lider Heydər Əliyevin adı ilə bağlıdır.

Dünyanın ən güclü dövlət və siyasi xadimləri, ekspertləri bu qüdrətli Azərbay­can oğlunu, çoxəsrlik tariximizin yetirdiyi ən mükəmməl şəxsiyyəti, beynəlxalq miq­yaslı siyasət və dövlət xadimini fenomen lider kimi qiymətləndirmişlər. Ulu öndər haqqında müasiri olan dünya liderləri, tanınmış dövlət xadimləri, siyasi xadim­lər, məşhur elm adamları, yazıçılar çox dəyərli, qiymətli sözlər söyləmişlər.

S.Dəmirəl, C.Buş, R.T.Ərdoğan, V.Putin, Bill Klinton, Jak Şirak, Toni Bleyer, Ç.Aytmatov, E.Şevardnadze, Xu Szin­tao, G.Şröder, II İohan Pavel, çox sayda digər dövlət və siyasət xadimlərinin ver­diyi yüksək dəyərdə qeyd olunmuşdur ki, Heydər Əliyev qeyri-adi şəxsiyyət, xalqının xilaskarı, bütün dünyada böyük nüfuz sahibi, Cənubi Qafqazın ən əsas şəxsiyyətidir. O da vurğulanmışdır ki, Heydər Əliyev Azərbaycanın beynəlxalq aləmdə tanınmasına, dünya dövlətləri ilə beynəlxalq əlaqələrin, dostluq, əməkdaş­lıq əlaqələrinin yaradılmasına çalışmış, onun müstəqil dövlətə çevrilməsində, suverenliyinin qorunub saxlanılmasında, möhkəmləndirilməsində, Qafqazın lider dövlətinə çevrilməsində müstəsna rol oy­namış, ölkəsini çiçəklənmə yoluna gətirib çıxarmışdır.

Həqiqətən, Heydər Əliyev Azərbay­canın xoşbəxtliyi, firavanlığı, bölgə­də və dünyada sülh naminə göstərdiyi fövqəladə xidmətlərlə türk və dünya ta­rixində şərəfli yer tutmuşdur. Ümummilli liderin şəxsiyyəti və onun həyatı elə mə­nalı, elə fəlsəfi, elə müqəddəs məktəbdir ki, bu məktəbin dirilik, əbədiyyət, saflıq, paklıq, humanizm və halallıq kimi insa­ni keyfiyyətlərdən gələcək nəsillər bəh­rələnəcək və milli təntənəyə dərin inam bağlanacaqdır.

Sadə, zəhmətkeş bir azərbaycanlı ailəsində dünyaya göz açan, çox bö­yük çətinliklərdən, manelərdən keçərək SSRİ DTK-nin siravi leytenantından ge­neral-mayor rütbəsinədək, kommunistlər ordusunun siravi üzvündən Kreml lider­lərindən biri səviyyəsinə ucalan Heydər Əliyevin adı tarixə Azərbaycan xalqının Qurtuluş mübarizəsinin qalibi, müstəqil Azərbaycan dövlətinin banisi, Yeni Azər­baycanın qurucusu kimi daxil olmuşdur. Ümummilli lider Heydər Əliyev XX əsrin ikinci yarısı üçün Tanrının Azərbaycan xalqına bəxş etdiyi ən böyük ərməğan idi.

Xalqımızın böyük oğlu Heydər Əliyev doğma Azərbaycanına iki dəfə rəhbərlik etmişdir: bir totalitar kommunist rejiminin, inzibati amirliyin hökmranlığı dövründə – 1969–1982-ci illərdə, bir də müstəqil Azərbaycanın xilaskar Prezidenti olaraq 1993–2003-cü illərdə. Heydər Əliyevin Azərbaycan SSR-yə rəhbərliyinin birinci dövrü xalqımızın tarixində milli oyanışın, özünəqayıdışın başlanması, cəmiyyətin keyfiyyətcə irəliyə və müstəqilliyə doğru dönüş illəridir.

XX əsrin 70-ci illəri və 80-ci illəri­nin əvvəlləri Azərbaycanın inkişafında özünəməxsusluğu ilə səciyyələnən bir dövrdür. Bir sıra obyektiv və subyektiv səbəblər üzündən XX əsrin 60-cı illərində respublikanın sosial-iqtisadi həyatının bir çox sahələrində - həm sənayedə, həm də kənd təsərrüfatında mənfi meyillər özü­nü göstərməyə başlamışdı. Respublikada uzunmüddətli gerilik hökm sürürdü. İnki­şaf getdikcə ləngiyir və bu, əhalinin sosi­al-maddi vəziyyətinə mənfi təsir göstərir­di.

İstehsalın, o cümlədən sənaye və kənd təsərrüfatı məhsulları istehsalının ümumi inkişaf səviyyəsinə, milli gəlirin həcminə və əmək məhsuldarlığının artım sürətinə görə Azərbaycan İttifaq səviyyə­sindən geri qalırdı və bu gerilik getdikcə artırdı. Respublikanın kənd təsərrüfa­tında vəziyyət daha ağır idi. Elmi-texni­ki tərəqqinin nailiyyətləri də istehsalata tətbiq olunmurdu. Əmək intizamı aşağı səviyyədə idi. Korrupsiya, rüşvətxorluq getdikcə artırdı.

Ümummilli lider Heydər Əliyev Azər­baycanda XX əsrin 60-cı illərində yaran­mış vəziyyəti sonralar belə xatırlayırdı: “Qətiyyətlə bildirmək olar ki, 60-cı illərdə respublika iqtisadiyyatı bütövlükdə də­rin və uzunmüddətli böhran mərhələsinə qədəm qoymuşdu. Yaranmış ağır vəziy­yətdən çıxış yolu tapılmalı, iqtisadiyya­tın inkişafı üçün prinsipial cəhətdən yeni konseptual yanaşma yolları işlənib hazır­lanmalı, xalq təsərrüfatında köklü struktur dəyişiklikləri aparılmalı, təsərrüfatçılıq və iqtisadi həvəsləndirmə işində təzə metod­lar tətbiq edilməli idi.”

Prezident İlham Əliyev isə Ulu öndərin o dövr siyasi liderliyini belə qiymətləndir­mişdir: “Müstəqil Azərbaycan dövlətinin qurulmasında, onun müstəqilliyinin qo­runub saxlanmasında Heydər Əliyevin 1970-1980-ci illərin əvvəllərində gördü­yü işlər önəmli rol oynayırdı. Çünki mən bunu dəfələrlə demişəm və partiya üzvləri bunu yaxşı bilir, gənc nəsil də bilməlidir ki, Heydər Əliyev 1969-cu ildə Azərbaycana rəhbərlik etməyə başlayanda Azərbaycan Respublikası Sovet İttifaqının müttəfiq respublikaları arasında bütün göstəri­cilərə görə axırıncı yerlərdə idi.”

1969-cu il iyulun 14-də, respublikada problemlərin, çətinliklərin, sosial-iqtisadi geriliyin hökm sürdüyü, artıq böhran və­ziyyətinin yarandığı ağır şəraitdə Heydər Əliyev Azərbaycanda rəhbərliyə gəldi. Doğma xalqının, Vətəninin böyük təəs­sübkeşi olan Ulu öndər totalitar rejimin hökm sürdüyü mürəkkəb tarixi şəraitdə Azərbaycanı SSRİ-nin ən qabaqcıl res­publikalarından birinə çevirmək üçün bü­tün sahələrdə geniş islahatlar proqramı hazırladı və həyata keçirməyə başladı. Beləliklə, XX yüzilliyin 60-cı illərinin so­nunda Heydər Əliyevin doğma xalqına, Vətəninə həsr olunmuş fəaliyyətində yeni dövr başlandı. Sovetlər ölkəsində bu dövrdə durğunluq halları gücləndiyi halda, Azərbaycan tərəqqi yoluna qədəm qoydu.

Sovet rejiminin bütün xüsusiyyətlərinə dərindən bələd olan və zəngin idarəçilik təcrübəsi qazanmış Heydər Əliyev Azər­baycanı düşmüş olduğu çox ağır vəziy­yətdən çıxarmaq üçün qəti tədbirlər gör­məyə başladı. 1969-cu il avqustun 5-də Heydər Əliyevin təşəbbüsü ilə Azərbay­can Kommunist Partiyası Mərkəzi Ko­mitəsinin plenumu oldu. Respublikanın yeni rəhbəri Azərbaycanın sosial-iqtisadi böhran vaziyyətinin, uzunmüddətli gerili­yinin təhlilini verdi, səbəblərini açıqladı, çıxış yollarını müəyyənləşdirdi. O, uzaq­görənliklə, dərindən ölçüb-biçərək ölkə­nin uzunmüddətli, dinamik və hərtərəfli inkişafını təmin edən kompleks inkişaf proqramlarını hazırlatdı və dərhal onların icrasına başlanıldı. Beləliklə, 1969-1982-ci illərdə Azərbaycanın ictimai-siyasi, o cümlədən iqtisadi həyatında intibah dövrü başladı.

Heydər Əliyevin Azərbaycana birin­ci dəfə rəhbərlik etdiyi 1969-1982-ci illər respublikanın digər sahələri kimi, iqtisa­diyyatının da dirçəlişi, ölkənin təbii ehti­yatlarından, iqtisadi, təhsil, elm və digər potensiallarından xalqın maddı rifah ha­lının yüksəldilməsi üçün şəraitin yaradıl­ması ilə səciyyələnir. Ötən əsrin 70-80-ci illərində Ulu öndərin Azərbaycana rəhbər­liyi ilə xalqımız öz iqtisadiyyatını yenidən yaratmışdır. Əgər o zamankı nailiyyətlər olmasaydı, Azərbaycan sonralar müstəqil dövlət kimi yaşaya bilməzdi.

1969-1982-ci illərdə müdrik, zəngin təcrübəyə malik Heydər Əliyevin rəhbər­liyi altında respublika iqtisadiyyatında istehsalın sürəti xeyli genişlənmiş, məh­suldarlıq yüksəlmiş, böyük uğurlar qaza­nılmış, elmi-texniki tərəqqidə ciddi irəlilə­yişlər baş vermiş, əhalinin maddi rifah halı əhəmiyyətli dərəcədə yaxşılaşmışdır.

Totalitar rejimin bütün xüsusiyyətlə­rinə yaxşı bələd olan, zəngin idarəçilik təcrübəsi olan Ulu öndər SSRİ-nin çöküşə doğru getdiyini görürdü. Bu baxımdan da onu Azərbaycan xalqının və dövlətçiliyinin taleyi, müstəqil yaşamasının mümkünlü­yü məsələsi daim düşündürürdü. XX əsrin 70–80-ci illərinin Azərbaycan iqtisadiyya­tının 60-cı illəri ilə müqayisədə yüksəliş dövrü olması da məhz bu tarixi perspekti­və hesablanmışdı.

Azərbaycanda 70-ci illərdən iqtisadi tərəqqi başladı. Sərmayə qoyuluşunun həcmi 1971–1985-ci illərdə 32 milyard manat təşkil edirdi ki, bu da sovet dövrü­nün əvvəlki 50 ilində cəmi istifadə edilən vəsaitdən 2,1 dəfə çox idi. Respublika­da 70-ci illərdən başlayaraq məhsuldar qüvvələrin inkişafı, onun imkanlarından daha səmərəli istifadə edilməsi və müa­sir inkişaf meyillərinin vəzifələrinə uyğun möhtəşəm quruculuq proqramı iqtisadiy­yatın strukturunda zəruri təkmilləşmənin əsasını qoydu.

Azərbaycanın tarixi inkişafının sonrakı gedişi sübut etdi ki, bu gün müstəqil döv­lətimizin sosial-iqtisadi və idarəçilik əsas­ları hələ 1969–1982-ci illərdə Heydər Əli­yevin fədakar əməyi, uzaqgörən, müdrik siyasəti, düşüncəsi sayəsində qurulmağa başlamışdır.

Heydər Əliyev sovet rəhbərliyindəki nüfuzundan istifadə edərək Azərbayca­nın xalq təsərrüfatının inkişaf etdirilməsini təmin etmək üçün sovet hökumətinin res­publika iqtisadiyyatının müxtəlif sahələrini əhatə edən aşağıdakı tarixi qərarlarının qəbul edilməsinə nail olmuşdu: 1970-ci il iyulun 23-də “Azərbaycan SSR xalq təsərrüfatını inkişaf etdirmək tədbirləri haqqında”; 1970-ci il 25 iyulda “Azərbay­can SSR kənd təsərrüfatını daha da inki­şaf etdirmək tədbirləri haqqında”; 1975-ci il iyulun 9-da “Azərbaycan SSR-də kənd təsərrüfatı istehsalını daha da intensiv­ləşdirmək tədbirləri haqqında”; 1976-cı il iyulun 27-də “1976-1980-ci illərdə res­publika sənayesinin ayrı-ayrı sahələrinin inkişaf etdirilməsinə dair Azərbaycan KP MK-nın təkliflərinin nəzərdən keçirilməsi nəticələri barəsində”; 1979-cu il fevralın 22-də “Azərbaycan SSR-də kənd təsərrü­fatı istehsalını daha da ixtisaslaşdırmaq, üzümçülüyü və şərabçılığı inkişaf etdir­mək tədbirləri haqqında”.

Onu da qeyd edək ki, bu qərarların yerinə yetirilməsini təmin etmək üçün İt­tifaq büdcəsindən Azərbaycana xeyli və­sait ayrılmışdı. Azərbaycan iqtisadiyyatı barədə qəbul edilmiş bu qərarların həyata keçirilməsi ölkədə kənd təsərrüfatı isteh­salının daha da inkişafına, intensivləşdi­rilməsinə, ixtisaslaşdırılmasına, üzümçü­lük və şərabçılığın inkişaf etdirilməsinə, sənaye potensialının və xəritəsinin ge­nişləndirilməsinə imkan verdi. Nəticədə, respublika iqtisadiyyatında tənəzzüldən tərəqqiyə dönüş baş verdi.

Bu gün tam əminliklə söyləmək olar ki, Azərbaycanın dövlət suverenliyi, iqti­sadi müstəqilliyi, xarici iqtisadi əlaqələri və dünya iqtisadiyyatına getdikcə daha dərindən inteqrasiya olunması hələ 1969–1982-ci illərdə təməli qoyulmuş so­sial-iqtisadi potensiala əsaslanır. Ulu ön­dər 1969-1982-ci illərdə bütün bacarığını Azərbaycanın ümumi tərəqqisi və inkişafı üçün səfərbər edə bildi. O illər Azərbay­can SSR-in tarixinə dinamik inkişaf, inti­bah dövrünün başlanması kimi daxil oldu. İqtisadiyyatın, xüsusilə kənd təsərrüfatı­nın, sənayenin bütün sahələrində yüksə­liş baş verdi. Respublika iqtisadiyyatında ciddi struktur dəyişiklikləri həyata keçirildi. Müasir və mütərəqqi sənaye sahələri ya­radıldı.

1969–1982-ci illərdə respublikada əmək məhsuldarlığının yüksəldilməsinə, bütün ictimai istehsalın səmərəliliyinin durmadan artırılmasına diqqət yetirilmiş, istehsalın intensivləşdirilməsi, səmərəli­lik iqtisadi inkişafın həlledici amili hesab edilmişdi. Respublika iqtisadiyyatının uzun sürən geriliyinə son qoyulmuşdu. Azərbaycan İttifaq respublikaları ara­sında qabaqcıl respublikalardan birinə çevrilmiş, ölkə əhalisinin yaşayış səviy­yəsinə əhəmiyyətli dərəcədə təsir edən nailiyyətlər əldə edilmişdi. Sosial-mədəni quruculuğun bütün sahələrində – elm, təhsil, səhiyyə, incəsənətdə, əhaliyə mə­dəni-məişət və kommunal xidmətlərdə böyük irəliləyişlər baş vermişdi.

Ulu öndər Heydər Əliyevin müdrik rəhbərliyi altında respublika iqtisadiyya­tının başlıca sahəsi olan sənaye sahələ­rində mövcud olan qüsurlar, geriləmələr qısa müddətdə aradan qaldırıldı, isteh­salın surəti xeyli genişləndi, məhsuldarlıq yüksəlməyə başladı, yeni-yeni sənaye sahələrinin təməli qoyuldu, bu sahədə böyük uğurlar qazanıldı, yeni müasir is­tehsal sahələri yaradılmağa başlandı. Azərbaycan 1969–1982-ci illərdə müttəfiq respublikalar arasında ən qabaqcıl səna­ye və kənd təsərrüfatı respublikasına, o cümlədən qabaqcıl pambıqçılıq və üzüm­çülük, tərəvəzçilik diyarına çevrildi.

1969–1982-ci illərdə neft və neftayır­ma, qaz sənayesi əsaslı şəkildə yenidən qurulmuşdu. “Azərneft” və “Xəzər Dəniz Neft” Birliyinin işində 60-cı illərdə yaranmış nöqsanların aradan qaldırılması ilə bağ­lı Ulu öndərin rəhbərliyi və köməyi ilə bir sıra mühüm tədbirlər görülmüş, əhəmiy­yətli qərarlar qəbul edilmişdi. Neftçıxarma texnologiyası xeyli yaxşılaşmışdı. Dənizdə 2800-6500 metr dərinlikdə neft quyularının qazılmasına başlanmışdı. Burada müasir “Xəzər”, “Bakı”, “Self-1”, “Self-3” qazma qurğularından istifadə olunurdu. Bunun nəticəsi idi ki, XX əsrin 70-ci illərində bu sahəyə Heydər Əliyevin böyük diqqəti və qayğısı sayəsində neft hasilatında, bü­tövlükdə, neft sənayesində ciddi dönüş yaranmış, uzun illərdən bəri mövcud olan bəzi problemlər aradan qaldırılmışdu.

Araşdırmalar göstərir ki, Heydər Əliyevin respublikaya rəhbərlik etdiyi illər­də Azərbaycan keçmiş SSRİ-də elektro­texnika sənayesinin ən böyük və əhəmiy­yətli mərkəzlərindən birinə çevrilmişdi. XX əsrin 70-ci illərinin ikinci yarısında (1976-1980-ci illərdə) Elektrotexnika Sənayesi Nazirliyi müəssisələrində istehsalın həcmi 2,4 dəfə artmışdı. Yeni sahələrin inkişafına xüsusi əhəmiyyət verməklə, məsələn ra­dioelektronikanı inkişaf etdirməklə yanaşı, Heydər Əliyev yüngül sanayeni də, ənənəvi sahələri də – ipəkçilik, xalçaçılıq, çini qablar istehsalını da unutmurdu.

Azərbaycanın paytaxt əhalisinin su ilə təchizatındakı problemləri daim aktu­al olduğuna görə 1970-ci ilin əvvəllərində Heydər Əliyev bu məsələnin həllini diqqət mərkəzinə çəkdi. Belə ki, Bakı şəhəri və Abşeron yarımadası əhalisinin içməli su ilə təchizatının yaxşılaşdırılması barədə Azərbaycan KP MK-nın 1971-ci il 2 fev­ral tarixli Büro iclasında tikintinin ən qısa müddətdə – 1971-ci il avqustun 1-nə kimi tam başa çatdırılması haqqında qərar qə­bul edildi.

1969–1982-ci illərdə Heydər Əliyevin uzaqgörənliyi sayəsində respublikanın enerji müstəqilliyi təmin olundu. Belə ki, Araz, Tərtər, Şəmkir su elektrik stansi­yaları, “Azərbaycan” DRES-i işə salındı. Heydər Əliyev ilə respublikada elmin inki­şafına və təhsil səviyyəsinin yüksəldilmə­sinə böyük diqqət yetirilirdi. Azərbaycan­da onlarla yeni elmi-tədqiqat müəssisəsi yarandı. Respublikanın güclü elmi-texniki və istehsal potensialına söykənən iqtisa­diyyatının mühüm istiqamətlərinin, o cüm­lədən kənd təsərrüfatının inkişafı ardıcıl mərhələlər üzrə həyata keçirildi.

Heydər Əliyevin respublikaya rəhbər­lik etdiyi 1969–1982-ci illərdə ən mühüm iqtisadi nəticələrdən birini kənd təsərrü­fatının dinamik inkişaf etməsi, ölkənin və respublikanın bütün iqtisadiyyatında onun rolunun artması təşkil edirdi. Bu dövrdə is­tehsalın elmi əsaslarla intensivləşdirilmə­si kənd təsərrüfatının dinamik inkişafın­da mühüm rol oynamışdı. Respublikada kənd təsərrüfatının ümumi məhsulunun həcmi 1981–1985-ci illərdə orta hesabla 1966–1970-ci illərin orta səviyyəsinə nis­bətən 2,6 dəfə çoxalmışdı.

Yekun olaraq deyə bilərik ki, 1969-cu il 14 iyulda Heydər Əliyevin Azərbaycan SSR-də hakimiyyətə gəlməsi ilə 1970-1980-ci illər Azərbaycan tarixinin inti­bah, dönüş, dirçəliş, milli özünəqayıdış dövrü kimi qiymətləndirilir. SSRİ-də dur­ğunluğun gücləndiyi dövr olduğu halda, Azərbaycanda yüksəliş dövrü olmuşdu. Respublika həyatının bütün sahələrində olduğu kimi, iqtisadiyyatda da dirçəliş, sürətli inkişaf, kənd təsərrüfatının ixtisas­laşdırılması, sənayenin yeni sahələrinin yaradılması, neft, neft-kimya, neft-ma­şınqayırma sənayelərinin yenidən qu­rulması dövrü kimi xarakterizə olunur. Heydər Əliyevin fədakar əməyi, qətiyyəti, zəngin idarəçilik və təşkilatçılığı ilə iqtisa­di inkişaf dinamikası Azərbaycanda keç­miş İttifaq respublikalarından xeyli yüksək olmuşdu.

Respublikada elmin inkişafına və təh­silin səviyyəsinin qaldırılmasına, Azər­baycan xalqının milli dəyərlərinə böyük diqqət yetirildi. Görkəmli elm, təhsil, incəsənət, ədəbiyyat xadimlərinin yubi­leyləri keçirilir, onlara fəxri adlar verilirdi. Azərbaycanın xarici əlaqələri bu illərdə xeyli genişlənmiş, Avropa, Yaxın və Orta Şərq ölkələri, Ön Asiya və digər region ölkələri ilə münasibətlər qurulmuşdu.

Beləliklə, XX əsrin 70-ci illəri – 80-ci illərin əvvəlləri dahi şəxsiyyət, görkəm­li dövlət xadimi Heydər Əliyevin adı ilə yüksəliş dövrü kimi səciyyələnir. Məhz bugünkü müstəqilliyimizin siyasi, sosi­al-iqtisadi əsasları da həmin illərdə yara­dılmışdı.


İbrahim ZEYNALOV,
BDU-nun Tarix fakültəsinin dekanı, professor


https://xalqqazeti.az/az/siyaset/186549-mohtesem-dovlet-musteqilliyine-aparan-milli

Xəbərlər

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"
18/12/2024

Pakistanlı alim BDU-da ustad dərsi keçib

Pakistanlı alim BDU-da ustad dərsi keçib
18/12/2024

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub
18/12/2024