Ümid sənədir ancaq, Azərbaycan əsgəri!
2020-ci ilin sentyabr ayının 27-sini Azərbaycanın şanlı tarixinin möhtəşəm zəfər gününün başlanğıcı hesab etsək yanılmarıq. Ermənistanın cəbhə zonasında növbəti xain təxribatına cavab olaraq Azərbaycan Ordusunun komandanlığı tərəfindən qoşunlarımız bütün cəbhə boyu əks-hücum əməliyyatı başlatmışdır. Qürurverici haldır ki, iki gün ərzində düşmənin bir çox hərbi texnikası, tank və artilleriya qurğusu sıradan çıxarılmış, yüzlərlə canlı qüvvəsi məhv edilmiş, hərbi qərargahları darmadağın edilmişdir. Rəşadətli və müzəffər ordumuz bir sıra əlverişli yüksəklikləri, 7 kəndi düşmən tapdağından azad etmiş, əməliyyat şəraitinə nəzarəti tamamilə ələ almışdır. Düşmənin sülh prosesinə ciddi zərbə vurması, qeyri-konstruktiv mövqeyi ilə danışıqlardan imtina edərək təxribata əl atması artıq Azərbaycanın onlarla sülh dilində danışmasını mümkünsüz vəziyyətə gətirib çıxardı. Bu dəfəki təxribatdan sonra artıq düşmənə ordumuzun növbəti dəfə gücünü yenidən göstərməyin zamanı gəlmişdir. Ordumuzun Şanlı Aprel qələbəsindən, Günnütün işğaldan azad edilməsindən sonra bu ilin iyul ayında Tovuz istiqamətində döyüşləri zamanı əldə edilmiş qələbələrindən sonra Azərbaycan Ordusunun zəfər çalacağına inamımız sonsuzdur.
Bu gün Şanlı Azərbaycan Ordusu Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə möhtəşəm zəfər tarixi yazmaqdadır. Cənubi Qafqazın ən güclü ordusu ən müxtəlif növlərdə müasir döyüş texnikası ilə təmin edilmiş, müdafiə sənayesini kifayət qədər zənginləşdirmişdir. Hazırda hərbi qulluqçularımız arasında çox yüksək döyüş əhval-ruhiyyəsi, qələbə ruhu vardır. Hər birimiz Azərbaycan ordusuna güvənirik və ordumuzun şanlı tarix yazacağına əminik.
Gəlib çatdığımız məqam bizə onu göstərdi ki, beynəlxalq hüququn norma və prinsiplərinə zidd siyasət aparan Ermənistanla diplomatik danışıqların heç bir faydası və mənası yoxdur. İmitasiya və riyakar mövqedən əl çəkməyən Ermənistanın siyasi rəhbərliyi dəfələrlə, Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev tərəfindən ən yüksək beynəlxalq tribunalardan faktlarla ittiham edilmiş, onların faşist xisləti ifşa edilmişdir. Bölgədə sülhə və təhlükəsizliyə rəvac verən, terrora dəstək verən təcavüzkar siyasi rejimə ancaq hərbi müstəvidə cavab verilməlidir. “Aprel döyüşləri”, “Naxçıvan əməliyyatlar”ı və Tovuz döyüşləri buna ən bariz nümunədir.
Vurğulamaq lazımdır ki, Aprel döyüşləri xalqla ordunun birliyini daha da möhkəmləndirdi, yeniyetmələrin, gənclərin vətənpərvərlik duyğularını alovlandırdı, hər bir gənci əsgərləşdirdi. Ermənilər isə öz faşist xislətlərinə sadiq qalaraq hərb qaydaları ilə deyil, dinc əhalini hədəf seçib yaşayış evlərini ağır döyüş silahları, top və pulemyotlardan atəş açaraq bir daha beynəlxalq hüquqi normaları pozub, Azərbaycana qarşı növbəti təxribatlarını gerçəkləşdirdilər. Ancaq onların bütün təxribatlarının qarşısı alınıb və bundan sonra da əzəmətli ordumuz tərəfindən alınacaqdır. Dünya biməlidir ki, Azərbaycan haqq mübarizəsi aparır və bu mübarizədə heç bir qüvvə bizə mane ola bilməz. Azərbaycan öz doğma torpaqlarında əks-hücum əməliyyatları həyata keçirməklə bölgəyə sülh və sabitlik gətirməkdə tam qərarlıdır.
Hazırki döyüşlər bir daha təsdiqlədi ki, bizim hər bir vətəndaşımız, əsgərimiz rütbəsindən və statusundan asılı olmayaraq düşmənlə ön cəbhədə vuruşmağa hazırdır. Əsgərlərimiz, gizirlərimiz, zabitlərimiz və generallarımız vətən uğrunda, birliyimiz və bərabərliyimiz uğrunda, Azərbaycan dövlətinin vahidliyi uğrunda gözlərini belə qırpmadan şəhidlik zirvəsinə yüksəlməyə istəklidirlər. Artıq bütün dünya Azərbaycanın qəhrəman oğullarının, canından keçən şəhidlərimizin, hərbiçilərimizin möhtəşəm vətənpərvərliyinin şahidi oldu. Onlar bütün dünyaya sözün əsil mənasında igidlik nümunəsi göstərdilər. Bu günlərdə hər birimizin ürəyi səngərdə olan hərbiçilərimizlə birgə döyünür. Fərəhləndirci məqamlardan biri də odur ki, yaşından asılı olmayaraq bu gün minlərlə vətəndaşımız könüllü olaraq səfərbərliyə cəlb olunmuş, vətən torpağı uğrunda canlarından belə keçməyə hazırdırlar.
Əminik ki, ordumuz Ali Baş Komandanın rəhbərliyi ilə elə bir tarix yazacaq ki, o, Azərbaycan xalqının illərdir səbirsizliklə gözlədiyi zəfər salnaməsinə çevriləcəkdir. Azərbaycan xalqı, ordusu əzəli və əbədi torpaqlarımızı azad edəcək, ölkəmizin ərazi bütövlüyünü təmin edəcək, şəhidlərimizin qanını yerdə qoymayacaq, şəhidlərimizin ruhunu şad edəcəkdir. Azərbaycan xalqı ordusuna güvənir, ordusuna arxalanır. İnanırıq ki, ordumuz tezliklə bizə qələbə xəbərini verəcək, zəfər sevincini yaşadacaqdır.
Uca Allah vətənimizi və əsgərlərimizi qorusun!
Şəhidlərimizin ruhu şad olsun!
http://rupor.az/sosial/mid-sndir-ancaq-azrbaycan-sgri
Ramin Səmədov,
BDU-nun Humanitar məsələlər və gənclər siyasəti şöbəsinin müdiri