Milli Arxiv İdarəsinin rəisi BDU-da ustad dərsi keçib

04/04/2022

Bakı Dövlət Universitetinin (BDU) Kitabxanaçılıq-informasiya fakültəsində professor-müəllim heyətinin, doktorant və magistrantların iştirakı ilə “Azərbaycan Respublikasında arxiv işinin təşkili” mövzusunda ustad dərsi keçirilib.

Ustad dərsində Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin rəisi, filologiya elmləri doktoru, professor Əsgər Rəsulov mövzu ilə bağlı məruzə edib.

Məruzəçi əvvəlcə arxiv anlayışını, sözün etimoloji mənasını izah edib, arxivçilik tarixinə nəzər salıb, işin məqsədi, mahiyyəti və əhəmiyyəti barədə məlumat verib. Qeyd edib ki, bir xalqın, dövlətin tarixini, keçmişini yalnız arxivlərdə öyrənmək və tədqiq etmək mümkündür. Dövlətin keçmişindən gələcəyinə uzanan davamlılığı təmin etmək üçün tarixi missiyanın daşıyıcısı olan arxivlərin fəaliyyətinin düzgün təşkili dövrün başlıca tələbidir. Çünki arxivsiz tarix, tarixsiz elm, elmsiz isə tərəqqi yoxdur. Müasir Azərbaycan dövlətinin banisi Ümummilli lider Heydər Əliyevin bu sahəyə olan xüsusi diqqət və qayğısını vurğulayan natiq Ulu öndərin “Arxiv işlərinə gərək çox ciddi fikir verək. Bir tərəfdən ona görə ki, bu, xalqımızın tarixini əks etdirən yeganə mənbədir. İkinci də ona görə ki, tariximizi təhrif edənlərin qarşısını almaq üçün çox mühüm amildir” sözlərini xatırladıb.

Mühazirədə Azərbaycan Xalq Cümhuriyyəti dövründə, sovet hakimiyyəti illərində arxiv işinin təşkili, bu sahənin müstəqillik dövründəki inkişafı barədə ətraflı məlumat verilib, arxiv işi sahəsində beynəlxalq əməkdaşlıq diqqətə çatdırılıb. Azərbaycan Respublikasında arxiv işinin qanunvericilik bazası, dövlət arxivləri sistemi, arxivşünaslıq elminin predmeti, sənəd anlayışı, arxiv sənədi və onun idarə olunması, arxiv fondu, komplektləşdirmə mənbələri, sənədlərin saxlanma müddətləri kimi mühüm mövzulara toxunulub, siyahı, saxlanma vahidi kimi anlayışlar şərh olunub.

Prezident İlham Əliyevin “Azərbaycan Respublikasında arxiv işinin inkişafına dair 2020-2025-ci illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında 12 fevral 2020-ci il tarixli sərəncamının mühüm əhəmiyyətindən bəhs edən natiq bildirib ki, hazırda qarşıda duran əsas hədəflərdən biri arxiv işi sahəsində rəqəmsallaşdırma prosesinin həyata keçirilməsidir. 44 günlük Vətən müharibəsi nəticəsində işğaldan azad edilən ərazilərimizdə dağıdılmış, yandırılmış arxiv infrastrukturunun yenidən və müasir standartlar səviyyəsində bərpa olunmasının da prioritet istiqamət olduğu diqqətə çatdırılıb.

Əsgər Rəsulov ölkənin arxiv infrastrukturunun idarə edilməsində, tədqiqatçılara peşəkar arxiv xidmətlərinin göstərilməsində BDU-nun Kitabxanaçılıq-infomasiya fakültəsinin bu sahədə çalışan məzunlarının rolunu vurğulayıb. Bildirib ki, gələcəkdə bu rol daha da artacaq.

Ustad dərsi auditoriya tərəfindən maraqla dinlənilib, Əsgər Rəsulov dinləyicilərin mövzu ilə bağlı çoxsaylı suallarını cavablandırıb.

Xəbərlər

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"
18/12/2024

Pakistanlı alim BDU-da ustad dərsi keçib

Pakistanlı alim BDU-da ustad dərsi keçib
18/12/2024

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub
18/12/2024