Milli Gimnastika Arenasında BDU-nun Məzun Günü keçirilib

30/06/2022

Milli Gimnastika Arenasında Bakı Dövlət Universitetinin (BDU) Məzun Günü keçirilib.

Əvvəlcə Dövlət himni səsləndirilib, şəhidlərin əziz xatirəsi anılıb.

Tədbiri açıq elan edən BDU-nun rektoru Elçin Babayev məzunları təbrik edib, onlara uğurlar arzulayıb: “Sizinlə birlikdə BDU-nun növbəti Məzun Gününü Bakının təkrarsız məkanlarından birində - Milli Gimnastika Arenasında qeyd etmək unudulmaz hadisədir. Bu gün Siz rəngarəng tələbəlik illəri ilə vidalaşır və yüksəkixtisaslı gənc mütəxəssis, ölkəmizin böyük ümidlər bəslədiyi layiqli vətəndaşlar kimi ömür yolunuzun yeni mərhələsinə qədəm qoyursunuz. Bu gündən etibarən qarşınızda yeni üfüqlər açılır. Siz şanlı tariximizin qızıl hərflərlə yazıldığı bir dövrdə məzun olursunuz. İnanırıq ki, bu yolda bir övlad kimi valideynlərinizin, BDU ailəsinin layiqli üzvü kimi müəllimlərinizin, sadiq vətəndaş kimi dövlətimizin sizə bəslədiyi ümidləri doğruldacaq, ölkəmizin inkişafına dəyərli töhfələr verəcəksiniz. Azərbaycan Prezidenti İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın təşəbbüsü və əməli dəstəyi ilə təhsilin inkişafı üçün atılan addımlar, yüksəkixtisaslı insan kapitalının formalaşdırılması istiqamətində görülən işlər ölkəmizin gələcəyi üçün ən yaxşı sərmayə və təminatdır. Siz bu prosesin ən fəal iştirakçıları olun! Əziz məzunlar, qəti əminəm ki, tələbəlik həyatınız Müzəffər Ali Baş Komandan İlham Əliyevin və qüdrətli Ordumuzun xalqımıza yaşatdığı böyük Zəfər ilə yaddaşınıza əbədi həkk olacaq. Fəxr edirik ki, işğaldan azad edilmiş doğma torpaqlarımızda üçrəngli Zəfər bayrağını ucaldanlar sırasında universitetimizin tələbə və məzunları, sizin həmyaşıdlarınız da var. 44 günlük Vətən müharibəsində gənclərimizin canı və qanı hesabına əldə edilmiş Qələbəyə Bakı Dövlət Universitetinin 200-ə yaxın məzun və tələbəsi imza atıb, onlardan 19 nəfəri şəhidlik zirvəsinə yüksəlib.

Vətənimiz Azərbaycanın daha da çiçəklənməsində, xalqımızın rifahının yüksəldilməsində, dövlətçiliyimizin möhkəmləndirilməsində, milli-mənəvi dəyərlərimizin qorunub saxlanması və inkişaf etdirilməsində fəal iştirak etmək, Vətən və xalq sevgisi ilə yaşamaq, yaratmaq, doğma torpaqlarımızda, xüsusən Qarabağımızda gedən quruculuq, yenidənqurma işlərinə töhfələr vermək sizin əsas missiyanızdır. 103 illik zəngin tarixə malik, təkcə Azərbaycanda deyil, bütün müsəlman Şərqində yeni tipli ilk ali təhsil ocağı kimi tanınan Bakı Dövlət Universitetinin məzunları sırasında illər boyu elmə, mədəniyyətə, siyasətə layiqli töhfələr verən dahi və görkəmli şəxsiyyətlər çox olub. Onların hər birinin həyatı, yaradıcılığı, xalqa və dövlətə sədaqəti, peşəkar mütəxəssis kimi fəaliyyəti sizə örnək olmalıdır. Həmişə fəxr edin ki, siz Ümummilli liderimiz Heydər Əliyevin məzun olduğu universitetin məzunlarısınız”.
Rektor vurğulayıb ki, BDU fəaliyyət göstərdiyi dövr ərzində 200 min nəfərədək mütəxəssis və yüksəkixtisaslı kadr yetişdirib. 103 il bundan əvvəl 2 fakültə, 44 nəfərlik professor-müəllim heyəti və 1094 tələbə ilə fəaliyyətə başlayan Universitetdə hazırda 16 fakültə, 120 kafedrada ali təhsilin bütün səviyyələrində 25 minə yaxın tələbə təhsil alır, 3 minə qədər əməkdaş, o cümlədən 1500 nəfərə qədər professor-müəllim heyəti və elmi işçi çalışır. BDU Azərbaycan xalqının övladlarına ali təhsil vermək, vətənimizin dünya elm və mədəniyyət məkanında layiqli yer tutmasını təmin etmək kimi ən uca missiyasını şərəflə yerinə yetirir. Hazırda universitetdə tədris tarixi ənənələrin və modern dünya təcrübəsinin vəhdəti şəklində müasir, innovativ təlim texnologiyaları əsasında qurulur, elmi-tədqiqat işlərinin məzmunu günün tələblərinə uyğun şəkildə yenilənir, beynəlxalq akademik əlaqələr və ölkədaxili əməkdaşlıq daha da inkişaf etdirilir, struktur islahatları həyata keçirilir. Dünyanın bir sıra aparıcı universitetləri ilə birgə ikili proqram əsasında kadrlar hazırlanır. Bütün bunların nəticəsidir ki, milli təhsil tariximizdə ilk dəfə olaraq məhz Bakı Dövlət Universiteti “Times Higher Education” nüfuzlu beynəlxalq reytinq siyahısında yer alan ilk Azərbaycan ali məktəbi olub. BDU əsas elm və təhsil reytinqlərində ölkə üzrə liderliyini qoruyub saxlayır. BDU bundan sonra da beynəlxalq və milli əmək bazarında rəqabətədavamlı, vətənpərvərlik ruhunda tərbiyə edilmiş yüksək ixtisaslı mütəxəssislər hazırlanmasına, ölkəmizin yüksələn xətlə inkişafına dəyərli töhfələr verəcək.
Sonra Universitet tələbələrinin ifasında BDU-nun himni səsləndirilib.

Məzunları təbrik edən təhsil naziri Emin Əmrullayev bildirib ki, BDU Azərbaycan təhsil tarixinin ən vacib flaqmanıdır: “BDU yalnız burda oxuyanların deyil, hər bir azərbaycanlının universitetidir. Çünki Azərbaycanın ali təhsil tarixi məhz bu universitetlə başlayır. Siz bu ali təhsil ocağında elm, biliklə yanaşı, əsl vətəndaş, ləyaqətli və dürüst insan kimi vacib olan dəyərlərə yiyələnmisiniz. Siz Zəfər çalmış xalqın gənclərisiniz, “Şuşa ili”ndə məzun olursunuz. İşğaldan azad edilmiş torpaqlarımızda hər sahə üzrə yüksək ixtisaslı kadrlara böyük ehtiyac var. Əminəm ki, BDU məzunlarının bir hissəsinin əmək fəaliyyəti məhz həmin torpaqlarla bağlı olacaq. Hər birinizə doğma Azərbaycanımıza layiqli vətəndaş olmağı arzu edirəm”.
Gənclər və idman naziri Fərid Qayıbov əsası Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş, Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən dövlət gənclər siyasətinin əhəmiyyətindən bəhs edib. O, BDU-nun Azərbaycanın inkişafına mühüm töhfələr verdiyini deyib, Ulu öndər Heydər Əliyevin bu ali məktəbin məzunu olduğunu qürur hissi ilə xatırladıb.

BDU-nun Himayəçilər Şurasının üzvü, BP-nin Yaxın Şərq və Xəzər ölkələrində kommunikasiya və təşviqat üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli, Vətən Müharibəsi dövründə 1-ci korpusun qərargah rəisi, “Vətən uğrunda”, “Hərbi xidmətə görə”, “Suqovuşanın”, “Ağdamın azad edilməsinə görə” medalları ilə təltif edilən, ehtiyatda olan polkovnik Məhərrəm Həmidov, Milli Məclisin və BDU-nun İctimai Nəzarət Şurasının üzvü Əminə Ağazadə, Biologiya fakültəsinin dekanı, professor Afət Məmmədova, Avropa çempionu olan milli mini-futbol komandamızın kapitanı, Tarix fakültəsinin builki məzunu Ceyla Həsənzadənin atası Ramin Həsənov çıxışlarında məzunları təbrik edib, onlara şəxsi və iş həyatlarında uğurlar arzulayıblar.

Daha sonra BDU haqqında videoçarx nümayiş etdirilib. Rektor Elçin Babayev, Milli Məclisin Elm və təhsil komitəsinin sədri Bəxtiyar Əliyev, Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov, Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov Ümumi Orta Müvəffəqiyyət Göstəricisi (ÜOMG) yüksək olan və xüsusi fəallığı ilə seçilən 33 məzuna sertifikat və hədiyyələr təqdim ediblər. Sertifikatlar Milli Gimnastika Arenasına dronlarla gətirilib.

Xatirə lövhəsinə ən yüksək ÜÖMG olan BDU tələbələrinin adları həkk edilib.

Tədbir konsert proqramı ilə davam edib.

Xəbərlər

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"
18/12/2024

Pakistanlı alim BDU-da ustad dərsi keçib

Pakistanlı alim BDU-da ustad dərsi keçib
18/12/2024

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub
18/12/2024