Milli Gimnastika Arenasında BDU-nun Məzun Günü keçirilib

24/06/2023

İyunun 23-də Milli Gimnastika Arenasında Bakı Dövlət Universitetinin (BDU) Məzun Günü keçirilib.

Əvvəlcə Dövlət himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi anılıb.

Tədbiri açıq elan edən BDU-nun rektoru Elçin Babayev məzunları təbrik edib, onlara uğurlar arzulayıb: “Bu gün siz ömrünüzün ən rəngarəng dövrü olan qaynar tələbəlik illəri ilə vidalaşırsınız. Yüksək ixtisaslı mütəxəssislər, ölkəmizin böyük ümidlər bəslədiyi gənclər, layiqli vətəndaşlar kimi ömür yolunuzun yeni, parlaq səhifəsini açırsınız. Bu unudulmaz anları sizlərlə bölüşmək çox xoşdur, qürurvericidr!  Müasir cəmiyyətimizin inkişafı yüksək təhsillə, elm və innovasiyalarla, bilik, bacarıq və səriştələrlə sıx bağlıdır. Siz Universitetdə əldə etdiyiniz bu bilik və bacarıqlara arxalanaraq, dövlətimiz və xalqımız, doğma və müqəddəs BDU qarşısında məsuliyyətinizi dərk etməklə, yüksəkixtisaslı gənc mütəxəssislər kimi qüdrətlənən, qalib və məğrur ölkəmizin inkişafına dəyərli töhfələr verə, tariximizin yeni yazılan səhifələrinin həmmüəllifləri ola bilərsiniz. Cənnət Vətənimizin daha da qüdrətlənməsində, xalqımızın rifahının yüksəldilməsində, dövlətçiliyimizin möhkəmləndirilməsində fəal iştirak etmək, Vətən və xalq sevgisi ilə yaşamaq, yaratmaq sizin gələcək həyatınızın əsası olacaq. Təkcə Azərbaycanda deyil, bütün müsəlman Şərqində ilk dünyəvi ali təhsil ocağı olan və 104 illik zəngin tarixə malik Bakı Dövlət Universitetinin məzunları sırasında elmə, mədəniyyətə, siyasətə layiqli töhfələr verən dahi və görkəmli şəxsiyyətlər çox olub. Onların hər birinin ömür yolu, xalqa və dövlətə sədaqəti, əvəzedilməz xidmətləri sizlərə örnək olmalıdır. BDU-nun ən böyük məzunu, heç şübhəsiz, bu il 100 illik yubileyini həm ölkə daxilində, həm də ölkə xaricində böyük təntənə ilə qeyd etdiyimiz dahi şəxsiyyət, Ulu Öndər  Heydər Əliyevdir. Ulu Öndər “Mən çox xoşbəxtəm ki, Bakı Dövlət Universitetinin məzunuyam” deməklə Universitetimizə ən böyük qiymətini verib. Həmişə fəxr edək və qürur duyaq  ki, Ümummilli Liderimiz Heydər Əliyevin məzunu olduğu Bakı Dövlət Universiteti ailəsinin üzvləriyik və sizlər bu müqəddəs ali təhsil ocağından məzun olursunuz. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi və  Birinci vitse-prezident Mehriban xanım Əliyevanın bilavasitə iştirakı ilə ölkədə elm və təhsilin inkişafı üçün atılan addımlar, yüksəkixtisaslı insan kapitalının formalaşdırılması istiqamətində görülən işlər dövlətimizin inkişafı, gələcəyi üçün ən yaxşı sərmayə və təminatdır. Siz bu hərəkatın ən yaxşı daşıyıcıları olacaqsınız”.

Rektor vurğulayıb ki, Ulu Öndər Heydər Əliyevin “Azərbaycan xalqının, Azərbaycan Respublikasının milli sərvəti, milli iftixarı” adlandırdığı BDU 1919-cu ildə cəmi 2 fakültə, 44 nəfərlik professor-müəllim heyəti və 1094 tələbə ilə fəaliyyətə başlayıb. Bu gün isə Universitetdə 16 fakültə, 1500 nəfərlik professor-müəllim heyəti fəaliyyət göstərir, 25000-ə yaxın tələbə təhsil alır. 120 kafedra, 2 elmi-tədqiqat institutu, 4 elmi-tədqiqat mərkəzi, Tədqiqat, İnkişaf və İnnovasiyalar üzrə Mükəmməllik Mərkəzi, 21 elmi-tədqiqat, 23 tədris laboratoriyası, 5 muzey, Qazax filialı, İqtisadiyyat və Humanitar Kollec, “Gənc istedadlar” liseyi fəaliyyət göstərir. Bakalavriat səviyyəsində 84 ixtisas, magistratura səviyyəsində 246 ixtisaslaşma üzrə kadr hazırlığı həyata keçirilir. Bu tədris ilində 5000-dən çox tələbə BDU-dan məzun olur: “Bakı Dövlət Universiteti Azərbaycan xalqının övladlarına layiqli ali təhsil vermək, vətənimizin bəşəri elm və mədəniyyət məkanında layiqli yer tutmasını təmin etmək kimi ən uca missiyasını şərəflə yerinə yetirir. Hazırda universitetimizdə tarixi ənənələrin və modern dünya təcrübəsinin vəhdəti şəklində tədris müasir, innovativ təlim texnologiyaları əsasında qurulmaqdadır, elmi-tədqiqat işlərinin məzmunu günün tələblərinə uyğun şəkildə yenilənməkdədir. Beynəlxalq əlaqələr və ölkədaxili əməkdaşlıq uğurla inkişaf etdirilir. Universitet daxilində islahatlar aparılır, dəyərli, gənc kadrlara meydan açılır. Hazırda dünyanın aparıcı universitetləri –  İsrail, Fransa, ABŞ, İsveçrə, Qazaxıstan və digər ölkələrin nüfuzlu universitetləri ilə 11 ikili diplom proqramı əsasında kadrlar hazırlayırıq. Bu ilin aprel ayında Bakı Dövlət Universiteti İsrailin Holon Texnologiya İnstitutu ilə kompüter elmləri üzrə ikili diplom proqramının ilk məzunlarının buraxılış mərasimini yüksək səviyyədə keçirdi. Əsasını Eynşteyn və Veyçmanın qoyduğu Yerusəlim İbrani Universiteti ilə Dövlət Proqramı çərçivəsində ikili diplom və tədqiqat proqramları uğurlu nəticələr verəcək. Bütün bunların nəticəsidir ki, məhz Bakı Dövlət Universiteti “Times Higher Education” nüfuzli beynəlxalq reytinq siyahısında yer alan ilk Azərbaycan ali məktəbi olub. Universitetimiz dünyanın bir sıra elm və təhsil reytinqlərində təmsil olunur və daha ön sıralarda olmaq üçün ciddi səylər göstərir. Bu il ən böyük uğurlarımızdan biri də BDU-nun İstanbulda keçirilmiş “TEKNOFEST-2023” Aerokosmik və Texnologiya Festivalında təmsil olunan komandalarının qazandıqları möhtəşəm qələbə oldu. BDU-nun iki komandası müxtəlif layihələrlə 20000-dən çox layihə arasından I və III yerləri qazanaraq Universitet tarixində əhəmiyyətli uğura imza atdı. BDU bundan sonra da milli və beynəlxalq əmək bazarında rəqabətədavamlı, vətənpərvərlik ruhunda tərbiyə edilmiş yüksək ixtisaslı mütəxəssislər hazırlamağa əzmlə davam edəcək, ölkəmizin qüdrətlənməsinə, elm və təhsilinin inkişafına töhfələr verəcək. BDU fəaliyyət göstərdiyi bir əsrlik tarixi ərzində 200 minədək mütəxəssis, o cümlədən bir sıra xarici ölkələr üçün yüzlərlə yüksək ixtisaslı kadr yetişdirib. BDU-nun məzunları tarix boyu ölkə quruculuğunda çox mürəkkəb, məsuliyyətli və eyni zamanda nəcib missiyanı şərəflə yerinə yetiriblər və yetirməkdə davam edirlər”.

Sonra Universitet tələbələrinin ifasında BDU-nun himni səsləndirilib.

Gənclər və idman naziri Fərid Qayıbov əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulmuş, Prezident İlham Əliyev tərəfindən qətiyyətlə davam etdirilən dövlət gənclər siyasətinin əhəmiyyətindən bəhs edib. O, BDU-nun Azərbaycanın inkişafına mühüm töhfələr verdiyini deyib: "Siz qalib xalqın qalib gənclərisiz. Həyatınızın bu mərhələsini uğurla tamamlayıb növbəti mərhələyə qədəm qoyursunuz. Hər birinizə uğur olsun!".

Nazirin çıxışından sonra BDU haqqında videoçarx nümayiş olunub.

BDU İctimai Nəzarət Şurasının üzvü, millət vəkili Arzu Nağıyev, Xüsusi Təyinatlı Qüvvələrin komandanının müavini, Vətən Müharibəsi Qəhrəmanı, general-mayor Zaur Zeynalov, BDU Himayəçilər Şurasının üzvü, BP-nin Yaxın Şərq və Xəzər ölkələrində kommunikasiya və təşviqat üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli,  Holon Texnologiya İnstitutunun prezidenti, professor Eduard Yakubov (onlayn),  Azərbaycan dili və ədəbiyyatının tədrisi metodikası kafedrasının müdiri, professor Mətanət Abdullayeva, Biologiya fakültəsindən məzun olan İnci Kərimovanın atası Kərim Kərimov çıxışlarında məzunları təbrik edib, onlara şəxsi və iş həyatlarında uğurlar arzulayıblar.

Sonra Ulu Öndər Heydər Əliyev haqqında videoçarx nümayiş olunub.

Ümumi Orta Müvəffəqiyyət Göstəricisi (ÜOMG) yüksək olan və xüsusi fəallığı ilə seçilən 33 məzuna sertifikat və hədiyyələr təqdim edilib. Xatirə lövhəsinə ən yüksək ÜÖMG olan BDU tələbələrinin adları həkk edilib.

Tədbirdə daha bir ilk yaşanıb. Eyni anda Məzun Günü keçirən BDU, İstanbul Texniki Universiteti və Azərbaycan Texniki Universiteti (AzTU) ortaq bağlantı yaradıblar. İstanbul Texniki Universitetinin rektoru İsmail Koyuncu, BDU rektoru Elçin Babayev və AzTU rektoru Vilayət Vəliyev 3 universitetin məzunlarını təbrik edib, Türkiyə-Azərbaycan qardaşlığının daha da güclənəcəyini bildiriblər.

Tədbir konsert proqramı ilə davam edib.

Xəbərlər

Milli qürur günümüz

Milli qürur günümüz
08/11/2024

BDU-da Vətən müharibəsi qazisi ilə görüş

BDU-da Vətən müharibəsi qazisi ilə görüş
07/11/2024

Azərbaycan Mətbuat Şurası və Bakı Dövlət Universitetinin birgə BƏYANATI

Azərbaycan Mətbuat Şurası və Bakı Dövlət Universitetinin birgə BƏYANATI
07/11/2024