Milli qürur günümüz

08/11/2024

Bu gün xalqımızın çoxəsrlik tarixinə qızıl hərflərlə yazılan şanlı gündür. 8  Noyabr – Zəfər Günümüz.

2020-ci il sentyabrın 27-də mənfur erməni qəsbkarlarının növbəti hərbi təcavüzünə cavab olaraq Müzəffər Ali Baş Komandanımız İlham Əliyevin rəhbərliyi ilə başlayan əks-hücum əməliyyatları 30 il işğal altında olan ərazilərimizin azadlığı uğrunda ölüm-dirim savaşına çevrildi. Dünya hərb tarixinə qızıl hərflərlə yazılan, haqqında əsrlərlə danışılacaq 44 günlük Vətən müharibəsinin ilk anlarından Müzəffər Ali Baş Komandanımızın verdiyi müdrik və cəsarətli qərarlar sayəsində düşmənin müdafiə xətti yarıldı. Düşmən böyük itkilər verərək geri çəkilməyə məcbur oldu. İldırımsürətli müharibə planı ilə hərəkət edən peşəkar, cəsur Azərbaycan ordusu döyüşlərin başladığı ilk gündə strateji Murov zirvəsində, Füzulidə, Cəbrayılda, sonrakı günlərdə isə Suqovuşanda, Hadrutda, Xocavənddə, Zəngilanda, Qubadlıda üçrəngli bayrağımızı ucaltdı.

Noyabr ayının 8-də Qarabağın ürəyi Şuşanın, cəmi bir gün sonra isə 72 yaşayış məntəqəsi və 8 strateji yüksəkliyin azad olunması ilə Ali Baş Komandanımızın rəhbərlik etdiyi müzəffər Ordumuz düşməni növbəti dəfə böyük məğlubiyyətə uğratdı və onu kapitulyasiya aktını imzalamağa məcbur etdi. Bununla da Azərbaycanın dünya birliyi tərəfindən tanınan ərazi bütövlüyü təmin olundu. 30 illlik müharibə ölkəmizin parlaq qələbəsi ilə başa çatdı.

Və nəhayət, ötən ilin sentyabrında heç 24 saat belə çəkməyən lokal antiterror əməliyyatı ilə düşmənin silahlı dəstələri və separatçı rejimin qalıntıları tamamilə darmadağın edildi.

Oktyabrın 15-də Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən əzəli torpaqlarımız olan Xankəndi, Xocavənd, Xocalı, Ağdərə şəhərlərində, eləcə də Əsgəran qəsəbəsində üçrəngli bayrağımız əbədi ucaldıldı və suverenliyimiz bərpa olundu.

Cənab Prezidentimiz, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin vurğuladığı kimi, indi artıq Dağlıq Qarabağ münaqişəsi yoxdur! Bu qələbə xalqımızın tarixində qazanılmış ən böyük qələbə, ən uca zəfərdir.

Müzəffər Ordumuz 44 günlük Vətən müharibəsi ilə bütün dünyaya cəsarətli və eyni zamanda ədalətli müharibə aparmağın örnəyini göstərdi. Vətən müharibəmiz Ordumuzun yalnız işğalçı qüvvələrlə döyüşdüyünü, hər cür təxribatlara baxmayaq, heç bir halda mülki əhalini hədəf seçmədiyini nümayiş etdirdi. Bu müharibə yalnız səngərdə, döyüş meydanında getmədi. Bu müddət ərzində cənab Prezidentimiz diplomatiya cəbhəsində də mübarizə apardı. Ölkəmizə olan təzyiqlərə, təsirlərə qarşı özünün siyasi iradəsini, əzmkarlığını nümayiş etdirdi, Qarabağ münaqişəsinin yalnız Azərbaycan xalqının maraqları çərçivəsində həll oluna biləcəyini bütün dünyaya bəyan etdi. Ön cəbhədə olduğu kimi, diplomatik cəbhədə də bütün şərtləri qüdrətli Azərbaycan dövləti diktə etdi. Məhz bu hərbi-siyasi mübarizənin nəticəsində regionda yeni düzən, fərqli geostrateji şərait yarandı və artıq qətiyyətlə söyləmək olar ki, bölgədə bütün şərtləri Azərbaycan dövləti diqtə edir. 44 gün ərzində informasiya cəbhəsində də mübarizə aparan cənab Prezidentimiz xalqımızın haqlı mövqeyni bütün dünyaya çatdırmağa nail oldu.

Azərbaycanın bugünkü nailiyyətlərinin, şanlı Qələbəmizin təməlində əsası 1993-cü ildə Ulu Öndərimiz Heydər Əliyev tərəfindən qoyulmuş sarsılmaz xalq-iqtidar birliyi dayanır. Azərbaycan xalqı bu tarixi uğuru ilk növbədə Müzəffər Ali Baş Komandanımız İlham Əliyevin rəhbərliyi ilə Müzəffər Ordumuzun misilsiz qəhrəmanlığı, əsgər və zabitlərimizin canı-qanı hesabına əldə etdi. Cənab Ali Baş Komandanımız müqəddəs ata vəsiyyətini şərəflə yerinə yetirdi, xalqımızın ən böyük taleyüklü məsələsini birdəfəlik həll etdi.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2020-ci il 3 dekabr tarixli Sərancamı ilə xalqımızın qüdrətinin və milli qürurumuzun təntənəsinə çevrilən, dövlətimizin nüfuzu və gələcək inkişafı baxımından müstəsna əhəmiyyət kəsb edən bu misilsiz qələbənin əbədiləşdirilməsi məqsədilə hər il noyabrın 8-i Azərbaycan Respublikasında Zəfər Günü kimi qeyd edilir.

Ümummilli Liderimiz Heydər Əliyevin “Azərbaycan xalqının, Azərbaycan Respublikasının milli sərvəti, milli iftixarı” adlandırdığı, hər zaman məzunu olması ilə fəxr etdiyini ifadə edərək yüksək dəyər verdiyi Bakı Dövlət Universitetinin professor-müəllim heyəti, tələbələri və məzunları da, hər bir azərbaycanlı kimi, 44 günlük Vətən Müharibəsi günlərində həm ön, həm də arxa cəbhədə fədakarlıq göstərdi. Universitetin çoxsaylı tələbə və məzunu könüllü olaraq cəbhəyə yollandı, onlardan 22 nəfər müqəddəs şəhidlik zirvəsinə ucaldı. Torpaqlarımız uğrunda canlarından keçmiş bütün şəhidlərimizin, eləcə də Bakı Dövlət Universitetinin tələbəsi və məzunu olan şəhidlərimizin əziz və unudulmaz xatirəsi hər zaman qəlbimizdə yaşayacaq.

Zəfər ovqatlı xalqımız hər zaman qələbə ruhunda, müdrik, başıuca və yenilməz xalq kimi əbədi yaşayacaq! Qarabağımız və Şərqi Zəngəzurumuz isə dünyanın ən cənnət guşələrindən birinə çevrilməkdədir. Möhtərəm Prezidentimiz İlham Əliyevin misilsiz fəaliyyəti nəticəsində işğaldan azad edilmiş torpaqlarımızda genişmiqyaslı bərpa və quruculuq işləri aparılır. Doğma torpaqlarımıza həyat qayıdır.

Xoşbəxt xalqıq ki, Zəfər Günümüzün dördüncü ildönümünü vahid, suveren, azad Vətənimizin hər bir qarışında qeyd edirik. Prezidentimiz, Müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyevin rəhbərliyi ilə Zəfər tariximiz yazılmağa davam edir.

Zəfər Günümüz mübarək olsun!


Xəbərlər

BDU-da “Böyük türk şairi Nazim Hikmət və türk dünyası” kitabının təqdimatı keçirilib

BDU-da “Böyük türk şairi Nazim Hikmət və türk dünyası” kitabının təqdimatı keçirilib
10/12/2024

BDU-da keçirilən "Heydər Əliyev mühazirələri"nin növbəti qonağı Milli Məclisin üzvü Hikmət Babaoğlu olub

BDU-da keçirilən "Heydər Əliyev mühazirələri"nin növbəti qonağı Milli Məclisin üzvü Hikmət Babaoğlu olub
10/12/2024

BDU-da “Poeziyamızın parlaq simaları 100 yaşında” adlı kitab sərgisi

BDU-da “Poeziyamızın parlaq simaları 100 yaşında” adlı kitab sərgisi
10/12/2024