“Milli-mənəvi dəyərlərimizin mediada təbliği" mövzusunda tədbir keçirilib
Bakı Dövlət Universitetinin (BDU) Jurnalistika və Kimya fakültələrinin birgə təşkilatçılığı ilə “Milli-mənəvi dəyərlərimizin mediada təbliği" mövzusunda onlayn tədbir keçirilib.
Tədbiri giriş sözü ilə açan Jurnalistika fakültəsinin Sosial məsələlər və tələbələrlə iş üzrə dekan müavini Samir Xalidoğlu açaraq mövzunun aktuallığından bəhs edib. Dekan müavini əzəli Azərbaycan torpaqlarının işğaldan azad olunması münasibətilə iştirakçıları təbrik edib. Bu parlaq qələbənin qazanılmasında torpaq, vətən, bayraq sevgisi kimi milli-mənəvi dəyərlərimizin də böyük rolu olduğunu nəzərə çatdırıb.
Daha sonra Jurnalistika fakültəsinin dekanı, filologiya üzrə elmlər doktoru, Əməkdar jurnalist Vüqar Zifəroğlu “Milli-mənəvi dəyərlərimizin mediada təbliği" mövzusunda təqdimatla çıxış edib. Məruzəçi qeyd edib ki, xalqın tarixən formalaşmış yüksək milli-mənəvi dəyərlərini qoruyaraq bütövlükdə cəmiyyətin genetik yaddaşını, tarixi kimliyini, milli irs və özünəməxsusluğunu gələcək nəsillərə ötürmək əsas vəzifələrdəndir. Eyni zamanda tələbə-gənclərdə dövlətçilik təfəkkürünün, millətə, Vətənə bağlılıq hisslərinin gücləndirilməsi baxımından dövlət atributlarına - Azərbaycanın bayrağına, himninə, gerbinə ehtiram və hörmətin vacibliyi təbliğ edilməlidir. Mənfur düşmənin daim və sistemli şəkildə dəyərlərimizi öz adlarına çıxartmalarına, bizə qarşı apardıqları informasiya müharibəsi kontekstində onları hədəfə almalarına diqqət çəkərək, hər birimizin bu dəyərlərə sahib çıxmağımızın, onları yaşatmamızın önəmi vurğulanıb.
Kimya fakültəsinin dekan müavini Taleh Qəhrəmanov milli-mənəvi dəyərlərimizə dil, din, ailə, milli mənsubiyyət, müstəqillik, azərbaycançılıq ideologiyası kimi önəmli məfhumlar daxil olduğuna diqqət çəkib. Bu dəyərlərin qorunmasının və gənc nəslə çatdırılmasının ən ümdə vəzifələrdən biri olduğunu qeyd edərək bu istiqamətdə tələbə-gənclərin fəallıq göstərməsinin önəminə toxunub.
Tədbir tələbələrin mövzu ilə bağlı suallarının cavablandırılması ilə sona çatıb.