“Millət yaddaşının keşikçisi” kitabının təqdimatı keçirilib

17/12/2018

Jurnalistika fakültəsində Millət vəkili, Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru, Əməkdar incəsənət xadimi, akademik Rəfael Hüseynovun “Millət yaddaşının keşikçisi” kitabının təqdimatı keçirilib. Təqdimatı giriş sözü ilə açan Jurnalistika fakültəsinin dekanı, filologiya üzrə elmlər doktoru Vüqar Zifəroğlu qonaqları salamlayaraq, “Millət yaddaşının keşikçisi” kitabı barədə qısa məlumat verib. O, qeyd edib ki, Azərbaycan elmi və ədəbi mühiti, eləcə də  geniş oxucu kütləsi üçün nəzərdə tutulan bu kitab tanınmış alim və pedaqoq, Əməkdar jurnalist, professor Şirməmməd Hüseynovun ömür və yaradıcılıq yoluna həsr edilib.

Tədbirin moderatoru Jurnalistikanın nəzəriyyəsi və təcrübəsi kafedrasının müdiri, professor Cahangir Məmmədli əməkdar jurnalist Şirməmməd Hüseynovu doğum günü münasibətilə təbrik edib, təqdim edilən kitabın əhəmiyyətindən danışaraq onu yüksək qiymətləndirib.

Daha sonra kitabın müəllifi Rəfael Hüseynov çıxış edərək vurğulayıb ki, Azərbaycan jurnalistikasında yaşayaraq adını mətbuat tarixinə həkk edən professor, elm, ziyalılıq, təhsil müstəvisində böyük və maraqlı ömür yolu keçən Şirməmməd Hüseynov Azərbaycan mətbuat tarixinin ən önəmli hadisələrinin canlı şahidinə çevrilib. Azərbaycan mətbuat tarixi əsas tədqiqat sahəsi olsa da, Ş.Hüseynov bütövlükdə jurnalistikanın inkişafına, bugünkü kadrların yetişməsində böyük xidmətləri olan ziyalılardandır. O, Azərbaycan istiqlal tarixinin qızıl səhifələrini və parlaq şəxsiyyətlərini dərindən öyrənərək xalqa təqdim etmək yolunda genişmiqyaslı fəaliyyət göstərir. Araşdırmaları və əsərləri ilə o, Həsən bəy Zərdabi, Məhəmməd Əmin Rəsulzadə, Üzeyir Hacıbəyli, Əlimərdan bəy Topçubaşov, Əhməd bəy Ağayev, Ömər Faiq Nemanzadə və digər millət fədailərinin şəxsiyyəti və irsinin daha yaxşı tanınması və bilinməsi üçün mötəbər təməllər yaratmış, cümhuriyyət dövrü milli parlamentimizin şanlı səhifələrini müasir və gələcək nəsillərə çatdıran qiymətli kitablar silsiləsi doğurmuşdur.

Təqdimat mərasimində çıxış edən akademik, BDU-nun Tədris Metodiki Şurasının sədri, geologiya-minerologiya elmləri doktoru Vasif Babazadə Ş.Hüseynovu Azərbaycan jurnalistlərinin müəllimi kimi xarakterizə edən cəhətlərdən söz açıb. Professorun həyat və yaradıcılığının nəinki gənc nəsil, müasirləri üçün də örnək mahiyyətini vurğulayıb. V.Babazadə qocaman qələm sahibinin Azərbaycan Xalq Cümhuriyyətinin banisi Məmməd Əmin Rəsulzadənin irsinin öyrənilməsi sahəsində xidmətləri üzərində dayanaraq bildirib ki, Ş.Hüseynov mövcud istiqamətdəki fəaliyyəti ilə bütövlükdə Azərbaycan tarixinin zənginləşməsinə layiqli töhfə verib.

Tədbirdə iştirak edən akademik Nizami Cəfərov, Mətbuat Şurasının sədri, Millət vəkili Əflatun Amaşov, AMEA Nizami adına Ədəbiyyat İnstitutunun şöbə müdiri, professor Asif Rüstəmli,  Əməkdar elm xadimi, tarix elmləri doktoru Solmaz Tohidi Rüstəmova çıxış edərək Şirməmməd Hüseynovun həyatından, yaradıcılığından, ictimai fəaliyyətindən, yüksək insani keyfiyyətlərindən söhbət açıblar. Bildirilib ki, Ş.Hüseynovun Azərbaycan Xalq Cümhuriyyətinin, Məhəmməd Əmin Rəsulzadə irsinin öyrənilməsində, təbliğində misilsiz xidmətləri var. Mətbuat tariximizin qaranlıq səhifələrinə işıq salanların sırasında onun adı ön cərgədə çəkilir.

Qeyd edək ki, kitab Azərbaycan Parlamentinin100 yaşına və Məclis-i Məbusanı şərəf tariximizin parlaq səhifəsinə çevrilmiş qurucu babaların işıqlı xatirəsinə ithaf edilir.

Sonda professor Şirməmməd Hüseynov hər kəsə göstərdiyi diqqətə görə öz minnətdarlığını ifadə edib.

Mətbuat və informasiya şöbəsi, 17 dekabr 2018-ci il.

Xəbərlər

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"
18/12/2024

Pakistanlı alim BDU-da ustad dərsi keçib

Pakistanlı alim BDU-da ustad dərsi keçib
18/12/2024

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub
18/12/2024