Əməkdar elm xadimi Abuzər Xələfova həsr olunmuş tədbir keçirilib
Qərbi Azərbaycan İcmasının Ziyalılar Şurası və Bakı Dövlət Universitetinin (BDU) İnformasiya və sənəd menecmenti fakültəsinin birgə təşkilatçılığı ilə Qərbi Azərbaycan əsilli Əməkdar elm xadimi, professor Abuzər Xələfovun anadan olmasının 95 illiyinə həsr olunmuş tədbir keçirilib.
Tədbiri giriş sözü ilə Qərbi Azərbaycan İcması Ziyalılar Şurasının sədri, professor Elxan Hüseynov açaraq professor Abuzər Xələfovun Azərbaycan elminə, xüsusilə kitabxanaşünaslıq sahəsinin inkişafına verdiyi mühüm töhfələrdən danışıb. O, görkəmli alimin zəngin elmi-pedaqoji fəaliyyətinin, BDU-da yaratdığı elmi məktəbin və yetişdirdiyi mütəxəssislərin Azərbaycan elminin inkişafında mühüm rol oynadığını vurğulayıb.
Bakı Dövlət Universitetinin Redaksiya-nəşriyyat işi kafedrasının müdiri, dosent Knyaz Aslan “Azərbaycanda kitabxanaşünaslıq elminin memarı: Əməkdar elm xadimi, professor Abuzər Xələfov irsi” mövzusunda məruzə ilə çıxış edib. Məruzədə professor Abuzər Xələfovun ölkəmizdə kitabxanaşünaslıq elminin formalaşması və inkişafındakı müstəsna xidmətləri, elmi-pedaqoji fəaliyyəti, çoxsaylı tədqiqatları və yaratdığı elmi məktəbin əhəmiyyəti geniş təhlil olunub.
Qərbi Azərbaycan İcması İdarə Heyətinin sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli professor Abuzər Xələfovun yalnız görkəmli alim deyil, həm də Qərbi Azərbaycan həqiqətlərinin yaşadılması və gələcək nəsillərə çatdırılması istiqamətində mühüm xidmətləri olan ziyalılardan biri olduğunu qeyd edib. O bildirib ki, Qərbi Azərbaycandan olan elm və mədəniyyət xadimlərinin irsinin öyrənilməsi tarixi yaddaşın qorunması baxımından xüsusi əhəmiyyət daşıyır. Deputat professor Abuzər Xələfovun həyat və fəaliyyətinin Azərbaycan ziyalılığı üçün örnək olduğunu vurğulayaraq, onun zəngin elmi irsinin gələcək nəsillər tərəfindən dərindən öyrənilməsinin vacibliyini qeyd edib.
Daha sonra Qərbi Azərbaycan İcması Ziyalılar Şurasının sədr müavini, professor Fərrux Rüstəmov, BDU-nun İnformasiya və sənəd menecmenti fakültəsinin dekanı, dosent Ələmdar Cabbarlı, BDU-nun Kitabxanaşünaslıq kafedrasının müdiri, dosent Elçin Əhmədov, Kitabxana-informasiya resurslarının idarə edilməsi kafedrasının müdiri, dosent Sevda Xələfova, BDU-nun Elmi Kitabxanasının direktoru, dosent Nigar İsmayılova çıxış edərək professor Abuzər Xələfovun elmi-pedaqoji fəaliyyətindən bəhs ediblər.
Alimin oğlu – Mərkəzi Seçki Komissiyasının üzvü, dosent Elçin Xələfov tədbirin təşkilinə, eyni zamanda atasının irsinin hər zaman ehtiramla yad olunmasına görə Qərbi Azərbaycan İcmasının və Bakı Dövlət Universitetinin rəhbərliyinə təşəkkürünü bildirib.
Tədbirdə professor Abuzər Xələfova həsr olunmuş saytın təqdimatı keçirilib. İcmanın Ziyalılar Şurasının üzvü, BDU-nun dosenti Azad Qurbanov sayt haqqında ətraflı məlumat verib.









