Mükəmməl təcrübənin davamı

11/01/2021

Bakı Dövlət Universitetində (BDU) bu gündən etibarən payız semestrinin imtahan sessiyası başlayıb. Təhsil nazirinin 2020-ci il dekabrın 11-də “İmtahan sessiyasının təşkili və keçirilməsi barədə” imzaladığı əmrə əsasən 2020-2021-ci tədris ilinin payız semestrinin imtahan sessiyası yanvar ayının 11-dən başlayaraq dörd həftə müddətində distant formada keçiriləcək.

Hər zaman tələbəyönümlü qərarlarla çıxış edən BDU yenə də öz ənənəsinə sadiq qalaraq payız semestrinin imtahan sessiyasında tələbələrin öz bilik və bacarıqlarını nümayiş etdirməsi üçün bütün şəraitin yaradılmasını əsas məsələ kimi nəzərdə tutub. Milli təhsil konsepsiyası ənənələrinə, eyni zamanda nümunəvi beynəlxalq təhsil təcrübəsinə sadiq qalaraq BDU mövcud vəziyyəti dərindən təhlil edərək, operativliyi təmin etməklə qısa zaman kəsiyində çoxminli universitet kollektivinin vəhdətinə, birliyinə nail olub.

Bu gündən başlayaraq BDU Elmi Şurasının 2020-ci il 18 dekabr tarixli qərarına əsasən tələbələr üçün bir sıra güzəştlər tətbiq edilib, tələbə müraciətlərinin yerində çevik həll edilməsi təmin olunub. Qiymətləndirmə ilə razılaşmayan tələbələrin müraciətlərinə imtahan prosesinin sonunadək rektorun nümayəndəsi, fakültə dekanı, müvafiq kafedranın müdiri və fənn müəlliminin iştirakı ilə yenidən baxılması nəzərdə tutulub.

Bugünkü imtahanlardan uğurla çıxan bəzi tələbələrin xoşbəxtlik hisslərinə bürünməsi, onların imtahan uğurla verməsi qeyd etdiyimiz məqamların müsbət mənada təsdiqininin bariz nümunəsidir. Onların bugünkü imtahanla bağlı təəssüratlarını öz dillərindən eşidək:

Kimya fakültəsinin I kurs tələbəsi Tural Ədilzadə: "Bu gün ali riyaziyyat-1 fənnindən imtahan verdim. İmtahan çox gözəl keçdi. Bakı Dövlət Universitetində imtahanlara hazırlıq prosesi uğurla baş tutub. "Microsoft Teams" platforması üzərindən təşkil edilən imtahanlara həm inzibati, həm akademik heyət tərəfindən nəzarət var. Eyni zamanda Tələbə Nəzarət Qrupunun üzvləri olan könüllü tələbə yoldaşlarımız da imtahanları müşahidə edir. İmtahan bütün tərtib edilən qaydalara uyğun şəkildə qarşıya qoyulmuş tələblər əsasında həyata keçirildi. İmtahandan müvəffəqiyyətlə çıxdım. Müəllimlərimə təşəkkür edir, bütün tələbələrə uğurlar arzu edirəm.”

Filologiya fakültəsinin I kurs tələbəsi Rəhiməxanım Əlipənahova: “Biz birinci kurslar olaraq bu gün ilk imtahanımızı verdik. Hazırlıqlı olduğumuza güvənsək də, ancaq imtahan həyacanının da olduğunu qeyd etməliyəm. Düşünürəm ki, bu da hər bir tələbə üçün təbii haldır. Buna baxmayaraq Universitet rəhbərliyi, eləcə müəllim və koordinatorlar tərəfindən yaradılmış şərait imtahanı uğurla keçməyimizə zəmin yaratdı. Qaydalara uyğun olaraq biletlərimizi çəkdik və müəyyən müddət ərzində bizə düşünmək üçün vaxt verildi. Sualları cavablandırarkən də müəllimlər həyəcanımızı anlayışla qarşıladılar. Hər birimiz layiq olduğumuz balları aldıq və yaxşı nəticələr göstərdik. Semestr ərzində bizə əlindən gələn köməyi əsirgəməyən, ən yaxşı şəkildə dərsləri tədris edən müəllimlərimizə minnətdarıq. İmtahan sessiyasında bütün tələbələrə uğurlar arzu edirəm."

Mövcud şəraitin, pandemiya vəziyyətinin tədrisdə yaratdığı çətinliklərə baxmayaraq BDU-nun bütün heyəti, professor-müəllim-tələbə kollektivi onlayn dərslərin təşkilində yaranan və yaşanan problemlərə birlikdə sinə gərməyi bacardı. Bununla da BDU ölkəmizdə təhsilin və tədris işinin keyfiyyətcə yeni mərhələyə uğurla qədəm qoymasına əməli işi ilə nail oldu.

Xəbərlər

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"
18/12/2024

Pakistanlı alim BDU-da ustad dərsi keçib

Pakistanlı alim BDU-da ustad dərsi keçib
18/12/2024

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub
18/12/2024