"Mən SABAHın məzunuyam” adlı tədbir keçirilib
"Mən SABAHın məzunuyam” adlı tədbir keçirilib. Mərasimdə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva, Təhsil naziri Ceyhun Bayramov, Bakı Dövlət Universitetinin rektoru Elçin Babayev, digər ali təhsil müəssisələrinin rektorları, SABAH qruplarının əməkdaşları və tələbələr iştirak ediblər.
Tədbirdən öncə iştirakçılar "Mən SABAHın məzunuyam” adlı sərgi ilə tanış olublar. Sərgidə 11 ali təhsil müəssisəsinin məzun tələbələrinin “Mən SABAHın müəllimiyəm”, “Mən SABAHın tədqiqatçısıyam”, “Mən SABAHın “Startup”çısı”yam nominasiyaları üzrə nailiyyətləri əks olunub. Qeyd edək ki, hər üç nominasiya üzrə BDU-nun SABAH qruplarının məzunları - Azərbaycan dili və ədəbiyyatı müəllimliyi ixtisası üzrə Sevda Kərimova, Riyaziyyat müəllimliyi ixtisası üzrə Süleyman Bağırov və Coğrafiya müəllimliyi ixtisası üzrə Şahsənəm Cabbarovanın nailiyyətləri stenddə öz əksinin tapıb. Sevda Kərimovanın “Qarışqa Cincin” və “Cəsur qızlar” adlı uşaq kitabı,SABAH Bilik yarışmasının beşqat I yer sahibi olan Süleyman Bağırovun innovativ layihə və məqalələri, Şahsənəm Cabbarovanın isə “Nifrət Nitqinə SON” və “Fərqliliklər gözəldir” layihələri sərgilənib.
Məzun gecəsində çıxış edən Təhsil naziri Ceyhun Bayramov SABAH qruplarının bu gün ölkənin ali təhsil sistemində xüsusi yer tutduğunu deyib. Nazir bildirib ki, SABAH layihəsi ölkə Prezidenti İlham Əliyev tərəfindən təsdiqlənmiş "Təhsilin İnkişafı üzrə Dövlət Strategiyası"na uyğun olaraq ali təhsil sistemində keyfiyyət göstəricilərinin daha da yüksəldilməsi məqsədilə başladılıb. SABAH tələbələrinin uğurlu fəaliyyətindən də söz açan Təhsil naziri 288 SABAH tələbəsinin bu il magistratura pilləsinə qəbul olunduğunu xüsusi vurğulayıb.
Qeyd edək ki, SABAH qrupları 2014-2015-ci tədris ilində 34 ixtisas üzrə 7 dövlət ali təhsil müəssisəsində yaradılıb. Hazırda SABAH qrupları 12 ali təhsil müəssisəsində fəaliyyət göstərməklə 39 ixtisas üzrə 2300-dən çox tələbəni əhatə edir. 2018-2019-cu tədris ilində 701 SABAH məzunu təhsilini başa vurur.
Tədbirdə SABAH qruplarının fəaliyyəti haqqında videoçarx da nümayiş olunub.
Mətbuat və informasiya şöbəsi, 08 iyul 2019-cu il.