Müstəqilliyimiz milli sərvətimizdir

28/05/2026

Müsəlman Şərqində ilk dünyəvi, demokratik dövlət olan Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasından 108 il ötür. 1918-ci il mayın 28-də yaradılan Azərbaycan Xalq Cümhuriyyəti türk və islam dünyasında ilk parlamentli respublika və ilk demokratik, hüquqi və dünyəvi dövlət nümunəsidir. 28 may tarixi 1990-cı ildən ölkəmizdə Respublika Günü kimi qeyd edilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2021-ci il oktyabrın 15-də “Müstəqillik Günü haqqında” Qanunu təsdiqləyib və mayın 28-i Müstəqillik Günü elan edilib.

Müstəqil, azad, demokratik respublika qurmaq məqsədini qarşıya qoyan Azərbaycan Xalq Cümhuriyyəti mürəkkəb bir tarixi şəraitdə fəaliyyətə başladı. Cümhuriyyət gərgin və mürəkkəb ictimai-siyasi şəraitdə fəaliyyət göstərsə də, bütün sahələrdə ciddi dönüş yaratmağa və böyük tədbirlər reallaşdırmağa müvəffəq oldu. Qısa vaxt ərzində AXC hökuməti cəmiyyət həyatının müxtəlif sahələrini əhatə edən əsaslı, vacib qərarlar qəbul etdi. Azərbaycan Xalq Cümhuriyyəti bütün ölkə vətəndaşlarına eyni hüquqlar verərək irqi, milli, dini, sinfi bərabərlik yaratdı. Cəmi 23 ay yaşamış Cümhuriyyət xalqımızın tarixində böyük iz qoyan tədbirlər həyata keçirdi, Azərbaycanın gələcək müstəqilliyi üçün möhkəm zəmin yaratdı.

Azərbaycanın ilk Parlamenti və Hökuməti, dövlət aparatı təşkil edildi, ölkənin sərhədləri müəyyənləşdirildi, 1918-ci il iyunun 27-də "Azərbaycan dilinin dövlət dili elan edilməsi haqqında", avqustun 11-də isə "Azərbaycan Xalq Cümhuriyyətinin vətəndaşlığı haqqında" fərmanlar imzalandı. Dövlətin bayrağı, himni və gerbi təsis edildi, dövlət quruculuğu sahəsində ciddi tədbirlər həyata keçirildi.

AXC-nin 23 aylıq fəaliyyəti dövründə təhsil sahəsində çox mühüm tədbirlər həyata keçirildi. Ölkənin hər yerində müxtəlif pillədən olan məktəblər, gimnaziyalar, qız məktəbləri, uşaq bağçaları, qısa müddətli müəllim kursları, kitabxanalar açıldı. 1919-cu il sentyabrın 1-də Parlament “Bakı Dövlət Universitetinin təsis olunması haqqında” Qanun qəbul etdi. Milli universitetin açılması Cümhuriyyət xadimlərinin doğma xalq qarşısında çox mühüm tarixi xidməti idi.

Xalq Cümhuriyyəti dövründə qısa zaman kəsiyində ölkənin ərazi bütövlüyü və milli təhlükəsizliyinin təmin edilməsi, qısa müddətdə yüksək döyüş qabiliyyətli hərbi hissələrin yaradılması, milli tələblərə və demokratik prinsiplərə uyğun dövlət orqanlarının qurulması, maarifin və mədəniyyətin inkişafına xüsusi diqqət yetirilməsi, təhsilin milliləşdirilməsi kimi müstəsna əhəmiyyətli işlər həyata keçirilib. Mürəkkəb ictimai-siyasi şəraitdə yaranaraq fəaliyyət göstərmiş Azərbaycan Xalq Cümhuriyyətinin demokratik dövlət quruculuğu, iqtisadiyyat, mədəniyyət, təhsil, hərbi quruculuq kimi sahələrdə həyata keçirdiyi işlər Azərbaycan tarixinin parlaq səhifəsidir.

Azərbaycan Respublikası 1991-ci ildə öz müstəqilliyini bərpa edərək, Xalq Cümhuriyyətinin siyasi varisi kimi onun milli atributlarını – bayrağını, gerbini, himnini qəbul etdi. Ancaq müstəqilliyin ilk illərində ölkədə siyasi böhran, iqtisadi tənəzzül və vətəndaş qarşıdurması hökm sürürdü. Məhz belə ağır bir dövrdə xalqın tələbi ilə hakimiyyətə qayıdan Heydər Əliyev Azərbaycan dövlətçiliyini xilas etdi, ölkədə sabitlik yaratdı və müstəqilliyimizin əbədi, dönməz xarakter almasının əsasını qoydu. Ulu Öndərin “Müstəqilliyi qorumaq, saxlamaq onu əldə etməkdən qat-qat çətindir” fikri bu gün də dövlətçilik siyasətimizin əsas istiqamətlərindən biri kimi səslənir.

Ümummilli Lider Heydər Əliyev çoxəsrlik dövlətçilik tariximizdə mühüm yeri olan Azərbaycan Xalq Cümhuriyyətinin xidmətlərini yüksək qiymətləndirib: “Bu respublikanın yaranması və az müddətdə də olsa yaşaması Azərbaycan xalqının dövlətçiliyinin bərpasında, Azərbaycanın dövlət müstəqilliyini əldə etmək yolunda, demokratik quruluş yaratmaq istiqamətində tarixi rol oynamışdır. Azərbaycan Xalq Cümhuriyyəti bir çox dəyərli işlər görmüş və Azərbaycanı bir müstəqil demokratik respublika kimi yaşatmağa çalışmışdı”.

Ulu Öndərin təşəbbüsü ilə 1998-ci ildə Cümhuriyyətimizin 80 illik yubileyi keçirilib və Azərbaycan Xalq Cümhuriyyətinin şərəfinə “İstiqlal bəyannaməsi” abidəsi ucaldılıb, onun görkəmli siyasi və dövlət xadimlərinin xatirəsi əbədiləşdirilib.

2018-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən "Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi haqqında" sərəncam imzalanıb və bu tarixi hadisə münasibətilə 2018-ci il "Azərbaycan Xalq Cümhuriyyəti İli" elan olunaraq ölkədə və onun hüdudlarından kənarda silsilə tədbirlər keçirilib.

Bu gün müasir Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi ilə böyük inkişaf yolu keçir. Azərbaycanın beynəlxalq nüfuzu artır, iqtisadi qüdrəti möhkəmlənir, siyasi mövqeyi güclənir. Ən önəmlisi isə müstəqilliyimizin rəmzi olan üçrəngli bayrağımız azad, suveren Vətənimizin hər bir qarışında qürurla dalğalanır. Azərbaycan xalqı güclü və qalib dövlət ideyasının təntənəsini yaşayır. Ölkəmizdə demokratik, hüquqi, dünyəvi dövlət və vətəndaş cəmiyyəti quruculuğu prosesi müvəffəqiyyətlə davam etdirilir, siyasi, iqtisadi və sosial islahatlar uğurla həyata keçirilir.

Müstəqil, qüdrətli, ərazi bütövlüyünü təmin etmiş Azərbaycanın həyatında yeni səhifələr açılır. Bu səhifələri xalqımız Ulu Öndərimizin müəyyənləşdirdiyi konsepsiya, Müzəffər Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə yazır.

28 May – Müstəqillik Gününüz mübarək, müstəqilliyimiz əbədi olsun!

Xəbərlər

Müstəqilliyimiz milli sərvətimizdir

Müstəqilliyimiz milli sərvətimizdir
28/05/2026

Həmrəylik, xeyirxahlıq, humanizm bayramı

Həmrəylik, xeyirxahlıq, humanizm bayramı
27/05/2026

XİN-in təşkilatçılığı, BDU və Qoşulmama Hərəkatı Gənclər Təşkilatının əməkdaşlığı ilə “Afrika Günü”nə həsr olunmuş konfrans keçirilib

XİN-in təşkilatçılığı, BDU və Qoşulmama Hərəkatı Gənclər Təşkilatının əməkdaşlığı ilə “Afrika Günü”nə həsr olunmuş konfrans keçirilib
26/05/2026