İmtahan

16/04/2020

Və ya tarixin insanlığa keçdiyi ibrət dərsi

İrqindən, kökündən-soyundan, sosial vəziyyətindən, maddi imkanlarından asılı olmayaraq indi bütün bəşəriyyət imtahan verir. Yer kürəsində koronavirus pandemiyasının yayılmasının yaratdığı təşviş bütün ölkələrin, eləcə də hər bir insanın gündəlik həyatından keçir. İndi həm hər bir dövlətin, həm də yer üzündə yaşayan hər bir fərdin, hər bir vətəndaşın qarşısında duran ən mühüm vəzifə bu imtahandan sağ-salamat çıxmaqdır. Bütün imtahanlar kimi bu da həyəcanvericidir. Ancaq son deyil, həyat özünün təbii axarı ilə davam edir.

Əslində, koronavirusun yayılmasının bu qədər ciddiyə alınmasının kökündə tarixin insanlığa keçdiyi sərt ibrət dərsləri durur. Bəla ötənə qədər təcrid olunmaq, özünün və başqalarının həyatına təhlükə yaratmamaq tələb olunur. Bunun üçün dövlət zəruri hesab olunan tədbirləri görür. Bu tədbirlərdən biri də təhsil prosesini əhatə edir.

İndi dünyanın bütün ölkələrində olduğu kimi, Azərbaycanda da təhsil ocaqlarının işinə fasilə verilib. Burada əsas məqsəd insanları təcrid etməklə xəstəliyin yayılması risklərini azaltmaqdır. Ona görə də bütün inzibati tələblər müzakirə olunmadan sözsüz yerinə yetirilməlidir...

İndi bizi ilk növbədə itkilərimizi necə azaltmaq sualı düşündürməlidir. Yaranmış şəraitdən ən az itki ilə çıxmağın düzgün yolu isə hər bir vətəndaşın öz məsuliyyətini dərk etməsindən keçir. Biz həm öz həyat tərzimizi təcridolunma şəraitinə uyğunlaşdırmalı, həm də gələcəyimizin üfüqlərinə baxmağı bacarmalıyıq.

Gənclərimiz, xüsusən də tələbələr bu yeni və gözlənilməz şəraitə növbədənkənar “tətil” kimi yanaşmamalıdırlar. Yaranmış şəraiti, evdə qalmağı fürsətə çevirmək üçün yollar axtara bilərik və bu yolları tapmaq, onlardan faydalanmaq mümkündür.

İndi yeni bir təhsil forması - onlayn dərslərlə də tanışlığımız yaranır, bu sahədə ilk təcrübələrimizi aparırıq. İlk addımlarda həm texniki, həm də psixoloji baxımdan müəyyən mürəkkəbliklər müşahidə olunsa da, bu fürsət layiqincə qiymətləndirilməlidir. Onlayn dərslər, hər şeydən öncə, müəllim-tələbə və tələbə-tələbə təmaslarının arasıkəsilməzliyinə şərait yaradır. Arzu edərdim ki, onlayn dərslərdə tələbələrimizin təşəbbüskarlığı daha da güclənsin. Onlar özlərini maraqlandıran sualları verməkdən çəkinməsinlər. Oxuduqları mətnləri müzakirə etməyə çalışsınlar. Onlayn dərslərdə interaktivlik artdıqca müəllim-tələbə təmaslarının məhsuldarlığı da artacaq.

Ədəbiyyat tarixi fənnini tədris edərkən tələbələrimə əsas tövsiyəm bu olur ki, bədii əsərləri oxusunlar, özlərində mətn üzərində təhlil aparmaq qabiliyyəti formalaşdırmağa çalışsınlar. Yəni istənilən yazıçını onun haqqında yazılanlara və danışılanlara görə deyil, həmin yazıçının özünün yazdıqlarına görə tanımaq lazımdır. Ədəbiyyat tarixinə, ədəbiyyatın ayrı-ayrı hadisələrinə, ayrı-ayrı əsərlərə münasibət zaman keçdikcə, elm inkişaf etdikcə dəyişir. Dəyişməyən isə yazıçıdan qalan mətnlər, bədii əsərlərdir.

Bu baxımdan, koronavirus “tətilini” mütaliə etmək üçün fürsətə çevirən tələbələrimizin bu sınaqdan daha uğurla çıxacaqlarına əminəm...

 

Məti Osmanoğlu,

BDU, Azərbaycan ədəbiyyatı tarixi kafedrasının dosenti


Xəbərlər

17 Noyabr - Milli Dirçəliş Günüdür

17 Noyabr - Milli Dirçəliş Günüdür
17/11/2024

Bu gün Beynəlxalq Tələbələr Günüdür

Bu gün Beynəlxalq Tələbələr Günüdür
17/11/2024

BDU-da elmi seminar: “Yaşıl kitabxana konsepsiyası”

BDU-da elmi seminar: “Yaşıl kitabxana konsepsiyası”
16/11/2024