İmtahan sessiyasını müvəffəqiyyətlə başa vuran SABAH qruplarının tələbələri danışır

28/07/2021

Bakı Dövlət Universitetində (BDU) 2020/2021-ci tədris ili uğurla başa çatdı. Universitet rəhbərliyinin, professor-müəllim heyətinin diqqət və qayğısı, eyni zamanda tələbələrin məsuliyyətli yanaşması nəticəsində onlayn tədris ili yüksək səviyyədə təşkil olundu. BDU SABAH qruplarında təhsil alan tələbələr üçün də cari tədris ili yaddaqalan oldu.

SABAH qruplarında təhsil alan tələbələrin məqsəd və hədəflərinə çatması, tədrisin məsafədən təşkili, semestr dərslərinin və imtahanlarının gedişi haqqında fikirlərini və tələbələrə tövsiyələrini öyrəndik:

Fizika fakültəsinin ll kurs tələbəsi Firəngiz Qurbanova: “Təhsil sonsuz yoldur. SABAH qrupları bu yolda tələbələrin daha sürətli irəliləməsinə təkandır. Burada tələbəyə motivasiya olaraq keyfiyyətli təhsil almaq imkanları yaradılır və əlavə olaraq SABAH təqaüdü verilir, bu da bir növ rəqabətin olmasına şərait yaradır. Bildiyiniz kimi, rəqabət olmayan yerdə inkişafdan söz gedə bilməz. SABAH qruplarında oxumaq məqsədə çatmağımız istiqamətində ən uyğun yol və keyfiyyətli təhsil almağımız üçün rahat şərait yaradılıb.

Son imtahan sessiyasında 8 fənndən imtahan verdim. Əvvəlki imtahanlarda olduğu kimi, bu sessiya da həyacanlı keçdi. Buna baxmayaraq ümumi orta müvəffəqiyyət göstəricim (ÜOMG) yüksək oldu. Təhsilimin yüksək qiymətləndirilməsi mənə daha da motivasiya verir. Sessiyanı 100 bal ortalama ilə bitirməyimin sirri, ilk növbədə, dərslərdə aktiv iştirak etmək, hər fənni həvəslə, sevərək oxumaqdır. Ən əsası, sadəcə sessiya ərzində deyil, bütün semestr boyu sistemli şəkildə oxumaqdır. Tələbələrə tövsiyə edərdim ki, Bakı Dövlət Universitetində təhsil almağın bir qürur olduğunu bilsinlər. Təhsil aldığıqları müddətdə bütün dərslərdə iştirak etsinlər və mühazirələri diqqətlə dinləsinlər. Sual verməkdən çəkinməsinlər, dərsi kitablardan əxz etməklə yanaşı, müəllimi dinləməklə öyrənsinlər.”

Hüquq fakültəsinin II kurs tələbəsi Sadiq Hacılı: “Mən 2019-cu ildə 692 balla Bakı Dövlət Univeristetinin Hüquq fakültəsinə daxil olmuşam. Hazırda SABAH qrupları Hüquqşünaslıq ixtisasında təhsil alıram və ikinci akademik ilimi başa vururam. Artıq bir ildir ki, SABAH qruplarında oxuyuram. SABAH qruplarında oxumaq olduqca məsuliyyətli, lakin bir o qədər keyfiyyətli və faydalıdır. Akademik il ərzində bir sıra çətinliklərlə qarşılaşdığımız anlar olub. Bunlara baxmayaraq, səmimi müəllimlərimizin köməyi sayəsində hamısını dəf etməyi bacarmışıq.

Cari tədris ilində də əvvəlki illərdə olduğu kimi, imtahan sessiyası obyektiv keçdi. İstər sessiyadan əvvəl, istərsə də sessiya dövründə müəllimlərimizin köməyi ilə bütün mövzuları yüksək səviyyədə mənimsədik və heç bir problemlə qarşılaşmadıq. Yalnız imtahan dövründə oxumaqla yüksək nəticə göstərmək olmaz. Buna görə də, semestr ərzində bütün fənlərə imtahan ciddiyyəti ilə yanaşmaq lazımdır.

Digər amil isə tədrisin onlayn təşkil olmasına baxmayaraq müəllimlərimizin dərsləri yüksək səviyyədə tədris etməsi oldu. İnteraktiv formada təşkil olunan dərslərə qulaq asmamaq mümkün deyil. Sonuncu və mənə görə ən vacib faktor qrupdaxili güclü rəqabətin olmasıdır. SABAH 2-ci kurslar daxilində inanılmaz dərəcədə rəqabət var idi və bu hər birimizi daha səylə çalışmağa sövq edirdi. İnanıram ki, bu tendesiya Univeristeti bitirəcəyimiz son ana qədər davam edəcək.

Tələbələrə bir neçə tövsiyəm var. Əzbərçilikdən daim qaçın. Əzbərçilik məntiqi düşüncəni məhv edir və onları inkişafdan saxlayır. Oxuduğunuz hər bir şeyi məntiqlə qavramağa çalışın. Dərslərə çalışarkən daim planlı və sistemli hərəkət edin. Belə olduqda həm vaxta qənaət edəcəksiniz, həm də öyrəndikləriniz sistemli şəkildə şüurunuzda öz inikasını tapacaq. Öyrəndiklərinizi yoldaşlarınızla paylaşın və onları da müzakirələrə qoşulmağa sövq edin. Olduğunuz hər bir mühitdə sağlam rəqabət yaratmağa çalışın. Yalnız belə halda inkişafdan danışmaq olar.”

Mexanika-riyaziyyat fakültəsinin III kurs tələbəsi Katya İbrahimli: “Mən Riyaziyyat müəllimliyi ixtisası üzrə 2020/2021-ci tədris ilinin yaz semestrinin yay imtahan sessiyasını 100 bal ortalama ilə tamamlamışam. İmtahan sessiyası zamanı heç bir problem və çətinliklə qarşılaşmadan imtahanları müvəffəqiyyətlə bitirdim. Təbii ki, bunda onlayn imtahanların təşkilini həyata keçirən Universitet rəhbərliyinin, daim aktiv müzakirələr və məsləhət saatları keçirən müəllim və tələbə kollektivinin xüsusi rolu oldu. Buna görə də əməyi keçən hər kəsə dərin minnətdarlığımı bildirirəm.

Təhsilimdə əldə etdiyim uğurlarda SABAH qruplarında oxumağımın çox böyük əhəmiyyəti var. Abituriyentlərə tövsiyə edərdim ki, tələbə olduqları zamanda yalnız sessiya ərzində deyil, bütün təhsil həyatı boyu müvəffəqiyyət və uğur əldə etmək üçün çalışsınlar. Əziyyətinizin bəhrəsini gördükdə heç bir çətinlik sizi yormayacaq.”

Hüquq fakültəsinin III kurs tələbəsi Röya Mirtalıbova: “2018-ci ildə orta məktəbi qızıl medal və fərqlənmə attestatı ilə bitirmişəm. Həmin ilin qəbul imtahanından 696 bal toplayaraq Bakı Dövlət Universitenin Hüquq fakültəsinə qəbul olmuşam.

Bu semestr tələbəlik dövrümün ən çətin sessiyası oldu desəm, yanılmaram. Fənn sayının çox olması və bir çox çətin hüquq sahələrini əhatə edən fənlərdən ibarət sessiya bir o qədər də maraqlı keçdi. Yeni biliklər əldə etdim, dəyərli müəllimlər tanıdım. Valideynlərimin və müəllimlərimin dəstəyi ilə ən çətin sessiyanı 100 bal ortalama ilə bitirməyi böyük uğur hesab edirəm. Bir sözlə, hər şey mükəmməl oldu.

Mənim həyatda bir formulum var: uğur = istəmək + inanmaq + çalışmaq. Fikrimcə, bütün uğurlarımın, eləcə də çətin bir sessiyanı maksimum qiymətlərlə başa vurmağımın sirri də elə bu formulu daim rəhbər tutaraq irəliləməyimdir. Bütün bunlarla bərabər, yüksək əzm və iradə ilə, yorulmadan çalışaraq semestri maksimum ortalama ilə başa vurdum. Bu uğurumda payı olan hər kəsə minnətdarlığımı bildirirəm.

Fikrimcə, uğura gedən yolun mühüm bir hissəsini də düzgün verilən məsləhətlər təşkil edir. Mən də öz növbəmdə tələbələrə məsləhət görərdim ki, kənardan heç bir əsası olmadan söylənilən mənfi fikirlərə qulaq asmasınlar.  Olduqları mühitdə yalnız sağlam rəqabətə can atsınlar. Bildiklərimizi, öyrəndiklərimizi yoldaşlarımızla bölüşməliyik. Bakı Dövlət Universitetində oxumaq bir fürsətdir. Bu şansdan istifadə etsinlər və yorulmadan çalışsınlar. Əminəm ki, gələcəkdə mütləq bəhrəsini görəcəklər. Bütün tələbələrə uğurlar arzu edirəm.”

Tətbiqi riyaziyyat və kibernetika fakültəsinin III kurs tələbəsi Murad Möhsümzadə: “2018-ci ildə Bakı Dövlət Universitetinin əyani və ödənişsiz əsaslarla Tətbiqi riyaziyyat və kibernetika fakültəsinin kompüter elmləri ixtisasına daxil olmuşam. Birinci kursu bitirdikdən sonra SABAH qruplarına müvəffəqiyyətlə daxil olub hazırda təhsilimi orada davam etdirirəm.

BDU-da oxumaq mənim ən böyük arzularımdan biri idi və buna nail oldum. Çünki BDU öz təhsili ilə digər universitetlərdən daha çox fərqlənir. Burada bütün tələbələrə keyfiyyətli təhsil verilməklə edilməklə yanaşı, olduqca ədalətli mühit yaradılıb. BDU-nun SABAH qruplarında oxumaq tələbəlik həyatımın daha da maraqlı keçməyinə səbəb oldu. Olduqca maraqlı tədbirlərin, həmçinin, tələbələrə vacib olan kurs və təlimlərin keçirilməsini buna nümunə göstərə bilərəm. Xüsusilə də, tələbələrdə oxumaq həvəsini artırmaq üçün əlavə təqaüdün verilməsini də nümunə olaraq qeyd edirəm.

İmtahan sessiyası, qəribə də olsa, mənim ən sevdiyim anlardan biridir. Ona görə də, imtahan sessiyası həyəcanlı və maraqlı keçdi. Həm bu zaman imtahanı uğurla başa vurduqda qarşıma qoyduğum məqsədlərə bir addım yaxınlaşmış oluram. Sessiyanı 100 bal ortalama ilə bitirməyimin səbəbi ilk öncə seminarlarda daha aktiv olmağım və dərslərə məsuliyyətlə yanaşmağımdır.

Uğur qazanmaq üçün çox çalışmaq lazımdır. Bu səbəbdən tələbələr Universitetin verdiyi təhsillə kifayətlənməyib, əlavə araşdırmalar aparmalı ixtisaslarına mükəmməl yuyələnmək üçün daim çalışmalıdırlar. Dərslərə məsuliyyətlə yanaşıb, aktiv olmalıdırlar.”

 

Xəbərlər

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"
18/12/2024

Pakistanlı alim BDU-da ustad dərsi keçib

Pakistanlı alim BDU-da ustad dərsi keçib
18/12/2024

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub
18/12/2024