Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümüdür
Bu gün Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 98-ci ildönümüdür.
Tarix dahi şəxsiyyətlərin ideyalarının və əməllərinin üzərində qərar tutur. Tarixin bütün dövrlərində inkişafa təkan verən əsas, qüvvə rolunda dahi şəxsiyyətlər, liderlər çıxış edib və bu gün də belədir. Bu mənada Azərbaycan xalqı xoşbəxt xalqdır ki, onun Heydər Əliyev kimi dünya şöhrətli lideri olmuşdur. Vətənə sevgisi, xalqa ehtiramı, dövlətə sadiqliyi ilə hər kəsə örnək olan, millətini və dövlətini dünyaya tanıdan, bütün ömrünü xalqının xoşbəxt gələcəyi, rifahı və dövlətinin möhkəmlənməsi uğrunda mübarizəyə həsr etmiş övladı olmuşdur.
Müasir Azərbaycan dövlətinin memarı və qurucusu, xalqının və dövlətinin müstəqilliyi, inkişafı naminə böyük və əvəzedilməz işlər görmüş, dünya siyasətinə adını yazdıran müdrik siyasi lider Heydər Əliyev hər zaman fəxr edəcəyimiz, qürur hissi ilə xatırlayacağımız dahi şəxsiyyətdir. Bütün həyatını xalqına həsr edən Heydər Əliyev Azərbaycan xalqının və dövlətinin taleyüklü problemlərini həll edən dahi tarixi şəxsiyyət olmaqla yanaşı, həm də tarixi yaradan şəxsiyyətdir.
Xalqını sonsuz məhəbbətlə sevən, azərbaycanlı olmağı ilə həmişə qürur duyan fenomenal şəxsiyyət Heydər Əliyev bütün zamanların ən böyük azərbaycanlısı kimi hər birimizin ürəyində özünə taxt qurmuşdur. Azərbaycanda dövlətçilik ənənələrinin zənginləşdirilməsi, Azərbaycanın müstəqilliyinin möhkəmləndirilməsi, onun əbədi, dönməz xarakter alması, ölkəmizin dinamik iqtisadi inkişaf yolu ilə inamla irəliləməsi, onun beynəlxalq nüfuzunun sürətlə artması məhz Heydər Əliyevin səmərəli fəaliyyəti sayəsində mümkün olmuşdur. Azərbaycan xalqının yaddaşına xilaskar, qurucu, yaradıcı lider kimi həkk olunan dahi şəxsiyyət bütün dünya azərbaycanlılarının fəxrinə çevrilmişdir. Ulu Öndər Heydər Əliyevin fədakar əməyi, qətiyyəti, möhkəm siyasi iradəsi ilə müasir Azərbaycanın dövlətçiliyinin siyasi, iqtisadi əsasları yaradılmış, müstəqil Azərbaycan dünyada öz layiqli yerini tutmuşdur.
Heydər Əliyevin siyasi, sosial-iqtisadi, elm-təhsil, ictimai və mədəni həyatın bütün sahələrində apardığı islahatlar, bu sahələrdə beynəlxalq norma və tələblərə uyğun əməkdaşlığın qurulması Azərbaycanın müasir inkişafının təminatı olmuşdur. Düzgün işlənmiş və müvəffəqiyyətlə həyata keçirilən neft strategiyası dünya ölkələrinin Azərbaycana olan marağını artırmış, xarici investisiyaların axınına şərait yaratmışdır.
Ulu Öndərin Azərbaycana rəhbərlik etdiyi dövr minilliklər boyu davam edən dövlətçilik tariximizin şanlı səhifəsidir. Bu mərhələ Azərbaycanda müstəqilliyin əbədi və dönməz xarakter alması, dövlətçiliyin möhkəmləndirilməsi, iqtisadi inkişaf üçün möhkəm təməlin yaradılması, milli-mənəvi yüksəliş, hər bir fərdin özünü layiqli vətəndaş olaraq dərk etməsi ilə müasir tariximizə əbədi həkk olunmuşdur. Heydər Əliyevin şərəfli ömür yolu Vətəninə, xalqına bağlı hər bir azərbaycanlı üçün parlaq nümunədir. Ulu Öndər çoxşaxəli fəaliyyəti, xalqına, millətinə, dövlətinə sonsuz sevgisi ilə, xalqın müstəqil və güclü dövlətə sahib olmaq arzusunu reallığa çevirmiş fenomenal şəxsiyyət kimi çağdaş tariximizdə əbədiyaşarlıq qazanaraq hələ sağlığında canlı əfsanəyə çevrilmişdir.
Xalqımız həm də ona görə xoşbəxtdir ki, Ümummilli Liderimiz Heydər Əliyevin ideyaları, Ulu Öndərimizin müəyyənləşdirdiyi siyasi xətt, dövlətçiliyimizin hərtərfli inkişaf konsepsiyası onun layiqli davamçısı, Prezident İlham Əliyev tərəfindən bu gün uğurla davam etdirilir. Bütün bunların sayəsində hazırda ölkəmiz intibah və çiçəklənmə dövrünü yaşayır.
1993-2003-cü illər Ulu Öndər Heydər Əliyevin imzası ilə Azərbaycan tarixində inkişafın və tərəqqinin bünövrəsinin qoyulduğu dövr kimi tarixin yaddaşına qızıl hərflərlə yazılmışdır. 2003-cü ildən başlayaraq isə ölkəmiz Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin uğurla həyata keçirdiyi mütərəqqi islahatlarla inkişafın yeni mərhələsinə qədəm qoyaraq regional güc mərkəzinə çevrilmiş, dünyada öz layiqli yerini tutmuşdur.
Əminik ki, bu gün daim azərbaycanlı olması ilə fəxr edən Heydər Əliyevin ruhu şaddır - xilaskarı olduğu müstəqil Azərbaycanın ərazi bütövlüyü onun ideya və əməllərini davam etdirən, yarımçıq qalmış arzuları ilə bağlı vəsiyyətlərini gerçəkləşdirən Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında bərpa edilmiş, 30 ildən bəri düşmən əsarətində olan Qarabağ əbədi azadlığına qovuşmuşdur. Bu gün Azərbaycan bayrağı əzəli torpaqlarımızda, müqəddəs Şuşa şəhərində dalğalanır. Heydər Əliyevin böyük siyasəti qalib gəlməklə onun ölməzliyini bir daha təsdiqləmişdir.
Bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ətrafında sıx birlik nümayiş etdirən xalqımız əmindir ki, əsası Ulu Öndərimiz Heydər Əliyev tərəfindən yaradılan müstəqil dövlətimizin inkişafı etibarlı əllərdədir. Hər bir Azərbaycan vətəndaşının borcu isə Heydər Əliyevin şah əsəri olan Azərbaycanı qoruyub yaşatmaq, onun ideyalarını uğurla həyata keçirməkdir. Ömrünü Azərbaycana fəda etmiş müdrik siyasətçi, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin adı daim dərin hörmətlə xatırlanacaq, onun əziz və unudulmaz xatirəsi xalqımız tərəfindən əbədi olaraq ehtiramla yad ediləcəkdir.