BDU-nun 105 illik yubileyi çərçivəsində İnformasiya və sənəd menecmenti fakültəsinin təqdimatı
Bakı Dövlət Universitetinin (BDU) 105 illik yubileyi çərçivəsində İnformasiya və sənəd menecmenti fakültəsinin təqdimatı keçirilib.
Əvvəlcə Dövlət himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda şəhid olmuş soydaşlarımızın əziz xatirəsi bir dəqiqəlik sükütla yad edilib.
BDU rektoru Elçin Babayev qeyd edib ki, İnformasiya və sənəd menecmenti fakültəsi Universitetin ənənələrə söykənən, yeniliyə açıq olan fakültələrindən biridir. Azərbaycanda ali kitabxanaçılıq təhsilinə 1947/1948-ci tədris ilindən başlanıldığını xatırladan rektor bildirib ki, həmin ildə BDU-nun Filologiya fakültəsində Kitabxanaçılıq şöbəsi yaradılıb. Şöbənin ilk ixtisas müəllimləri Xalq yazıçısı Süleyman Rəhimov, Əliheydər Qəhrəmanov, Hüseyn Tağıyev və Məryəmxanım Səmədova olub. 1958/1959-cu tədris ilində həmin şöbə Şərqşünaslıq fakültəsinin tərkibinə daxil edilib, 1962-ci ilin avqust ayında isə BDU-da müstəqil Kitabxanaçılıq fakültəsinin təşkil olunması haqqında qərar qəbul olunub. 2003-cü ildə fakültə Kitabxanaçılıq-informasiya fakültəsi adlandırılıb. BDU Elmi Şurasının 18 yanvar 2023-cü il tarixli qərarı ilə fakültənin yeni adı İnformasiya və sənəd menecmenti fakültəsi kimi müəyyənləşdirilib.
Rektor diqqətə çatdırıb ki, BDU-da aparılan islahatlar çərçivəsində fakültənin adı ilə yanaşı, məzmunu da yenilənib, kafedraların adları dəyişdirilib, yeni ixtisas və ixtisalaşmalar yaradılıb. Təsadüfi deyil ki, son illərdə fakültəyə qəbul planı tam dolur. Bu günə qədər fakültəni 6000-dən çox məzun bitirib. Fakültədə yüksəkixtisaslı milli kadr hazırlığında Abuzər Xələfov, Hacı Həsənov, Zöhrab Əliyev, Əşrəf Xələfov, Bayram Allahvediyev, Tacəddin Quliyev, Rasim Kazımov, Fərman Bayramov, Sahib Rzayev, Əli Rüstəmov, Zöhrab Baxşəliyev, Almaz Abasova, Kəmalə Şeyxzamanova, Qəmzə Hacıyeva, Akif Cəfərov, Aşur Əliyev, Sənubər Mustafayeva və digər alim-pedaqoqların böyük xidmətləri olub. Hazırda fakültədə təlim-tədris prosesi ilə 50 nəfərdən çox professor-müəllim heyəti məşğul olur. Fakültə kollektivi BDU-nun ictimai həyatında da yaxından iştirak edir.
Sonra İnformasiya və sənəd menecmenti fakültəsinin fəaliyyətinə həsr olunmuş videoçarx nümayiş olunub.
Fakültə dekanı Ələmdar Bayramov, Redaksiya-nəşriyyat işi kafedrasının müdiri, birinci Qarabağ müharibəsinin veteranı Knyaz Aslan, fakültənin məzunları - Azərbaycan Milli Kitabxanasının direktoru, professor Kərim Tahirov, Vətən müharibəsi qazisi, baş leytenant Qədir Daşdəmirov, fakültənin “Muzey, arxiv işi və abidələrin qorunması” ixtisası üzrə I kurs tələbəsi Zeynəb Xələfova çıxışlarında İnformasiya və sənəd menecmenti fakültəsinin tarixinə nəzər salıb, peşəkar kadr hazırlığında rolundan danışıblar. Qeyd olunub ki, BDU-nun ən böyük xidmətlərindən biri müxtəlif elm sahələri üzrə peşəkar kardrlar yetişdirməklə yanaşı, milli ruhun daşıyıcısı olmasıdır. İnformasiya və sənəd menecmenti fakültəsi də kadr hazırlığı prosesində bu ənənəyə uğurla əməl edir.
Tədbir fakültə əməkdaşlarının və tələbələrinin ifasında bədii hissə ilə davam edib. Tədbirin xüsusi qonağı, Əməkdar mədəniyyət işçisi Aşıq Ədalət Dəlidağlının ifasında saz havaları tədbirə xüsusi rəng qatıb.