Nobel mükafatı Laureatına BDU-nun fəxri doktoru adı verilib

10/10/2011

Bu gün Bakı Dövlət Universitetində ABŞ-ın Kaliforniya Texnologiya İnstitutunun kimya və fizika üzrə professoru, dünya şöhrətli alim, kimya üzrə Nobel mükafatı Laureatı, ABŞ prezidenti Barak Obamanın məsləhətçisi, ABŞ-ın Yaxın və Orta Şərqdə Elm müşaviri Əhməd Həsən Zevayla universitetin fəxri doktoru adının verilməsi münasibətilə tədbir keçirilib.

Çıxış edən rektor, akademik Abel Məhərrəmov qonaq haqqında ətraflı məlumat verib. Məlum olub ki, professor Əhməd Həsən Zevayl Misir əsilli Amerika kimyaçısıdır. O, 1946-cı il fevralın 26-da Misirdə, İsgəndəriyyə şəhərində doğulub. İsgəndəriyyə Universitetinin kimya üzrə bakalavr və magistr pilləsini bitirdikdən sonra təhsilini Amerikada davam etdirib. 1974-cü ildə Pensilvaniya Universitetində fəlsəfə doktoru elmi dərəcəsi alıb. 2 il Kaliforniya universitetində (Berkli) çalışıb. 1976-cı ildə Kaliforniya Texnologiya İnstitutunda işə qəbul edilib, 1982-ci ildən bu İnstitutun professorudur. 1990-cı ildə həmin İnstitutda əvvəllər dünya şöhrətli alim Laynus Polinqin rəhbərlik etdiyi kimyəvi fizika kafedrasının müdiri vəzifəsinə seçilib. Eyni zamanda Milli Elm Fondunun molekulyar fizika laboratoriyasının rəhbəridir.

Rektor professor Əhməd Zevaylın kimya və fizika sahəsində çoxşaxəli elmi fəaliyyətlə məşğul olduğunu, 1999-cu ildə “Femtosaniyələr texnikasından istifadə etməklə kimyəvi reaksiyalar zamanı yaranan keçid hallarının tədbiqi”nə görə kimya üzrə Nobel mükafatı laureatı adına layiq görüldüyünü diqqətə çatdırıb.

Şərqin ilk dünyəvi ali məktəbi olan Bakı Dövlət Universiteti haqqında da məlumat verən rektor universitetin 92 illik tarixi ərzində onun çox söhrətli məzunları, görkəmli alimləri, dünya səviyyəsində tanınan fəxri doktorlarının olduğunu diqqətə çatdırıb. Sonra Bakı Dövlət Universitetinin Elmi Şurasının 8 oktyabr 2011-ci il tarixli iclasının qərarını elan edib. Məlum olub ki, Əhməd Zevayl müasir dünyada elmin və demokratiyanın inkişafına verdiyi töhfələrə və sülh məramlı fəaliyyətinə görə Bakı Dövlət Universitetinin Fəxri Doktoru adına layiq görülür.

Bundan sonra Əhməd Zevayla fəxri doktor diplomu, mantiya və hədiyyələr təqdim olunub.

Çıxış edən Əhməd Zevayl BDU-nun fəxri doktoru olmasından məmnun olduğunu deyib. O, elm və təhsil, müsəlman ölkələrinin gələcəyi, demokratiya ilə bağlı fikirlərini bölüşüb, tələbələrin suallarını cavablandırıb.

Mətbuat və İnformasiya şöbəsi, 10 oktyabr, 2011-ci il.

Xəbərlər

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"
18/12/2024

Pakistanlı alim BDU-da ustad dərsi keçib

Pakistanlı alim BDU-da ustad dərsi keçib
18/12/2024

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub
18/12/2024