İnsan hüquqları mövzusunda keçirilən müsabiqənin qalibləri mükafatlandırılıb
Bakı Dövlət Universitetində Hüquq fakültəsi Tələbə Həmkarlar Təşkilatı və Hüquq fakültəsi Tələbə Elmi Cəmiyyətinin birgə təşkilatçılığı ilə İnsan hüquqları mövzüsunda keçirilən məqalə müsabiqəsinin yekun təltifetmə mərasimi baş tutub.
Hüquq fakültəsinin konfrans zalında baş tutan tədbirdə Universitetində Hüquq fakültəsi Tələbə Elmi Cəmiyyətinin sədri Orxan Əbdülkərimli, Hüquq fakültəsi Tələbə Həmkarlar Təşkilatının sədri Yavər Məmmədova və İnsan hüquqları kafedrasının müəllimi, Beynəlxalq əlaqələrlə iş üzrə dekan müavini Gülnaz Ələsgərova və universitetin tələbələri iştirak ediblər.
Tədbir iştirakçılarını salamlayan Yavər Məmmədova tədbiri açıq elan edib və Ulu öndər Heydər Əliyevin xatirəsini bir dəqiqəlik sükütla yad etməyə dəvət edib.
Yavər Məmmədova müsabiqədə iştirak edən hər kəsə təşəkkürünü bildirərək, bu cür layihələrin gələcəkdə də keçiriləcəyini qeyd edib:
“Bu gün Azərbaycanın ən ağrılı problemi Dağlıq Qarabağ məsələsidir. Biz də gənclər və gələcəyin hüquqşunasları olaraq bu problemin dünya səviyyəsində bizim xeyrimizə həll olunması üçün əlimizdən gələni etməliyik. Əsas olan odur ki, bizim əlimizdə hüquqi baxımdan kifayət qədər dəlil və sübutlar olsun. Bu sübut və arqumentlər indidən hazılanaraq yığılmalıdır ki, sabah lazımi anda onları bütün dünya ictimaiyyətinə nümayiş etdirə bilək”, - deyə Yavər Məmmədova qeyd edib.
Hüquq fakültəsi Tələbə Elmi Cəmiyyətinin sədri Orxan Əbdülkərimli çıxışında müsabiqə barədə geniş məlumat verib və hər kəsi növbəti müsabiqələrə aktiv olmağa çağırıb.
Beynəlxalq əlaqələrlə iş üzrə dekan müavini Gülnaz Ələsgərova Beynəlxalq İnsan hüquqları günü barədə danışaraq, geniş məlumat verib. O, bu müsabiqənin keçirilməsini təqdirəlayiq hal hesab edib:
“Müqayisəli təhlilə əsaslanan məqalə müsabiqəsinin keçirilməsi çox müsbət haldır. Fikrimcə, hər bir tələbə analiz qabiliyyətini inkişaf etdirməlidir. İnsanı insan edən onun hüquq və vəzifələridir”
Daha sonra isə İnsan hüquqları mövzüsunda məqalə müsabiqəsinin qalibləri mükafatlandırılıb.
Hüquq fakültəsi 4-cü kurs tələbəsi Əbdürrəhimli Fidan İdris qızı 2-ci, 4-cü kurs tələbəsi Məmmədli Azad İbrahim oğlu isə 1-ci yerə layiq görülüb.
Təşkilatçılar 3-cü yerin olmamasını 2-ci yerə layiq görülən yazının güclü olması ilə izah ediblər.
Sonda əlamətar günlə bağlı tələbələri maraqlandıran suallar cavablandırılıb.
Rəşid Mustafazadə
BDU Tələbə Həmkarlar İttifaqı Komitəsinin İctimaiyyətlə əlaqələr departamentinin rəhbəri.