İntiqam Babayev “100 yaşlı Tarix fakültəsinin məzunları” layihəsinin qonağı olub
Bakı Dövlət Universitetinin və Tarix fakültəsinin 100 illik yubileyi münasibətilə “100 yaşlı Tarix fakültəsinin məzunları” layihəsinin növbəti görüşü keçirilib. Layihənin bu dəfəki qonağı Azərbaycan Respublikası gənclər və idman nazirinin müavini İntiqam Babayev olub.
Dəvətə görə təşəkkürünü bildirən İntiqam Babayev tələbəlik illərinin dəyişikliklər dövründə keçdiyini, Tarix fakültəsinin o zamankı əksər tələbələri kimi ictimai həyatda fəal iştirak etdiyini bildirib. O, gələcək hədəflərin məhz tələbələlik dövründə müəyyənləşdirilməsinin uğurlu nəticələrə səbəb olduğunu qeyd edərək tələbələrə tövsiyələr verib, fürsətləri vaxtında dəyərləndirmək, cəmiyyətdə rəqabətə davam gətirmək üçün peşə və dil biliklərini daim artırmağın vacib olduğunu vurğulayıb. İntiqam Babayev, eyni zamanda, dövlətin gənclər siyasəti, gənclərin təhsil və elmi fəaliyyəti üçün mövcud imkanlar haqqında məlumat verib, tarixçi gənclərin qarşısında duran əsas vəzifələr barədə fikirlərini bölüşüb.
BDU-nun rektoru Elçin Babayev tədbirdə iştirakına və dövlətin gənclər siyasəti barədə bir çox məsələlərə aydınlıq gətirdiyinə, verilən sualları ətraflı cavablandırdığına görə İntiqam Babayevə təşəkkür edib.
Tarix fakültəsinin dekanı Azad Rzayev görüşdə iştirakına görə fakültənin professor-müəllim və tələbə heyəti adından İntiqam Babayevə minnətdarlığını bildirib.
Qeyd edək ki, İntiqam Babayev 1991-1996-cı illərdə BDU-nun Tarix fakültəsinin tələbəsi olub. Tələbəlik illərindən aktiv ictimai fəaliyyətə başlayıb. O, Tarixçi Tələbələrin Elmi Cəmiyyətinin İdarə Heyətinin üzvü olub, eyni vaxtda Bakı Gənclər Klubunu yaradıb və prezidenti olub, Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasına rəhbərlik edib. 2000-ci ildən Azərbaycan Respublikası gənclər və idman nazirinin müavinidir.
Əlavə edək ki, “100 yaşlı Tarix fakültəsinin məzunları” layihəsinin rəhbəri Tarix fakültəsinin dekanı, dosent Azad Rzayev, müəllifi dosent Səidə Quliyeva, koordinatorları dosent Sevinc Ruintən, Tarix fakültəsi Tələbə Həmkarlar Təşkilatının sədri Əli Babazadə və Tarix fakültəsi Tələbə Gənclər Təşkilatının sədr müavini Mais Günəşlidir.
Mətbuat və informasiya şöbəsi, 26 aprel 2019-cu il.